İnsanlara hürriyət, millətlərə istiqlal!

Kimin yolu uğura aparır – “gerçək müxalifət”in, yoxsa “avtobus müxalifəti”nin?

2571 22.11.2022 12:16 Yazarlar A A

 

Başqa vaxt hamı sivil mübarizə üsullarından, siyasi qüvvələr arasındakı sağlam rəqabətdən, qarşılıqlı anlaşmanın vacibliyindən danışır, qardaş Türkiyədən, ABŞ-dan nümunə gətirirlər.

Məsələn, deyirlər ki, görürsünüzmü, Türkiyədə iqtidar və müxalifət partiyaların liderləri bir neçə gün əvvəl kəskin söz atışmasına girsələr də, rəsmi dövlət tədbirlərində yanaşı otururlar, bir-birini təbrik edirlər.
ABŞ-da dövlət əhəmiyyətli tədbirlərdə həyatda olan keçmiş prezidentlərin bir araya gəlməsini, mehribancasına dördlü, beşli formatda şəkil çəkdirmələrini misal gətirənlər də çoxdur.

Ancaq iş öz ölkəmizə gələndə iqtidar və müxalifət partiyalarının liderlərinin eyni tədbirə qatılması ajiotaja səbəb olur, tədbirə qatılan müxalifətçiləri “satqın”, “cib müxalifəti”, “avtobus müxalifəti” və s. adlandırırlar.

Medalın o biri üzü də var. Əgər hansısa iqtidar təmsilçisi ard-arda iki dəfə hansısa müxalifət partiyasının tədbirində (rəsmi, ya qeyri-rəsmi) iştirak etsə, saray intriqanları onun adını da qara dəftərə salar və ilk fürsətdə “müxaliflərlə çox yaxınlaşıb” deyə “torbasını tikərlər”. Bir ara müxalifətlə “salam-əleyk”i olan iqtidar təmsilçilərinin saraydışı edilməsinə dair xeyli fakt var.

Dərinliyə varsaq, nəyə görə belə olduğunun motivləri aydındır. Ölkədə mədəni siyasi mübarizə ənənəsi heç vaxt olmayıb və yoxdur. Bizim bildiyimiz şahənşahların saray intriqası, kiçik dövlətlərin feodal xanlarının hakimiyyət uğrunda qanlı savaşları olub. Bir də bolşeviklərin partiya daxilində bir-birilə apardığı iç münaqişələrdən, böyük qrupların kiçik fraksiyaların üzvlərini necə məğlub edərək repressiyaya məruz qoymasından xəbərdarıq.

Birdən-ikiyə azad, qanuni, demokratik seçki görmüşükmü? Görməmişik. Sovet dövründə yuxarılardan gələn siyahılar əsasında keçirdiyimiz seçki ənənəsi aşağı-yuxarı eynilə qalır: yuxarılar seçir, aşağılar notarius kimi “seçilmişlər”i təsdiq edir, vəssalam.

31 ildir müstəqil dövlətik, demokratiyadan danışırıq, amma günü bu gün də bu ölkədə hakimiyyətə iddia etmək düşmənçilik hərəkəti sayılır, çoxlarının əlində əlac olsa, ölkədə bir başı tərpənən müxalifətçi qoymazlar. Bu da tarixdən gəlir. Stalinin, Xruşovun, Brejnevin vaxtında müxalifətçi olmayıb, indi niyə olmalıdır? – düşüncə budur.

Hakimiyyətə iddia edənlərin bir xeylisi də hesab edir ki, iqtidar komandasını məhz devirmək, yüksək və orta ranqlı məmurların (korrupsionerlər) hamısını sərt şəkildə cəzalandırmaq, varidatlarını müsadirə, özlərini həbs etmək lazımdır. Onlar bunu tez-tez dilə gətirirlər və bununla da qarşılarında olan siyasi qüvvənin daha monolit olmasını təmin edirlər.

Siyasi arenadakı qarşılıqlı münasibətləri məxməri müstəviyə keçirmək, ortalığı yumşaltmaq, buzları əritmək mümkün deyil. Həm iqtidar düşərgəsində buna ciddi müqavimət göstərənlər var, həm də müxalifət düşərgəsində. Vəziyyətin hazırda olduğu kimi davam etməsi hər iki düşərgəsnin “qırğı”larına sərfəlidir.

Budur, hakim partiyanın təsis olmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirə əsas müxalifət partiyaları – Müsavat və AXCP-nin liderləri və ya təmsilçiləri qatılmadı. Bu, həmin partiyaların sıravi üzvləri arasında məmnunluq doğurdu. Çünki partiya rəhbərləri ilə müqayisədə sıravi üzvlər daha barışmazdırlar. Əgər liderlər həmin toplantıya qatılsaydılar, aşağılarda bəlli bir narazılıq dalğası kükrəyərdi və bu addıma görə geniş izahat işləri aparmaq lazım gələrdi.

Tədbirə qatılan partiyaların üzvləri arasında isə elə bir problem yoxdur. Onların liderləri də, sıravi üzvləri də hesab edirlər ki, siyasi arenada nəsə bir uğur əldə etməyin yolu hakim partiya ilə, iqtidar komandası ilə yollaşıb yola getməkdən, dil tapmaqdan keçir.

Əslində, bu o demək deyil ki, iqtidar komandasına loyal olan partiyaların lider və funksionerləri öz ambisiyalarından vaz keçiblər və həyatlarının yerdə qalan hissəsini mövcud iqtidarın güclənməsinə, ölkəni daha bir 30 il problemsiz idarə etməsi işinə həsr edəcəklər.

Elə deyil. Onlar parlament seçkilərində mandat qazanmaq, hakimiyyət iyerarxiyasının hansısa pilləsində vəzifə tutmaq, daha da güclənmək, vaxtı gələndə, fürsət yarananda güclü siyasi blok yaradaraq hakimiyyətə gəlmək istəyirlər. Sadəcə, bunu elə etmək istəyirlər ki, strukturları dağılmasın, üzvlərinin sayı azalmasın, özlərini nahaq yerə zərbə altına qoymasınlar, indiki şəraitdə mövcudluqlarını qorusunlar, optimal siyasi mühitin yetişməsini gözləsinlər.

İndi barışmaz müxalifətçilər onları “gerçək müxalifət” saymırlar. Onlar da onları qəbul etmirlər. Yaxın illərdə kimin yolunun daha doğru olduğu əl-əlbət ortaya çıxacaq.

1979-cu ildə İranda ana müxalifətin lideri Şapur Bəxtiyar İran şahı Məhəmmədrza Pəhləvidən baş nazir olmaq təklifini qəbul edəndə belə bir tarixi söz deyib: “Atanız atamı edam edib, özünüz özümü 6 il türmədə yatırtmısınız, sizə sədaqətli olmağıma səbəb yoxdur. Ancaq indiki halda İran dövlətinin maraqları naminə bu vəzifəni qəbul edirəm. Başa düşürəm ki, demokratik dəyərlərə əsaslanan dövlət idarəçiliyini bərqərar etmək üçün bizə hələ 50 il vaxt lazımdır”.

Bu sözün dilə gətirlməsinin üstündən 43 il keçib, amma hələ də İranda Avropa standartlarına uyğun dövlət idarəçiliyi bərqərar edilməyib, sivil mübarizə üsulları yoxdur, ona görə də ölkəni qan aparır.

Bu isə çıxış yolu deyil. İstənilən siyasi qarşıdurma, açıq düşmənçilik münasibətləri sonda siyasi kataklizmlərə səbəb olur. Dövlətin qədir-qiymətini bilən, yadellilərdən mədəd ummayan milli qüvvələr anlaşmağa məhkumdur. Bundan ötrü tərəflər hər fürsətdə irəliyə doğru yarım addım da olsa atmalıdırlar. Feodal düşmənçiliklə, vendetta hirs-hikkəsi ilə heç nə olası deyil, gərək indən belə bir 43 il də biz gözləyək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR