İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik bir şeirin güdazına gedən böyük şair – Mandelştam uzun sürən sürgündə ölüb

2493 26.07.2022 14:41 Yaxın tarix A A

O, öz dövrünün tanınmış ədəbiyyat simalarından biri olub. Sovet hakimiyyəti qurulduqdan sonra isə Osip Mandelştam daha da populyarlaşıb. Hökumət ona dövlət məmurlarına aid edilən bütün güzəşt və imtiyazları verib, aylıq ərzaq payı, Kreml xəstəxanasında müayinə və müalicə, dövlət hesabına sanatoriya və pansionatlarda istirahət və s. Mandelştamın işıq üzü görən on kitabından səkkizi məhz sovet dövründə çap olunub. Amma bütün bunlara baxmayaraq, şair kommunist hökumətinin xoşbəxtliyini uzun müddət dada bilməyib...

Osip Mandelştam 1891-ci ildə Varşavada yəhudi ailəsində anadan olub. 1897-ci ildə ailə Peterburqa köçüb. Peterburqda orta təhsil verən Tenişev məktəbini bitirdikdən sonra o, Avropada ali təhsil almaq üçün Fransaya gedib və Paris universitetinə qəbul olunub. Mandelştam ailənin maddi vəziyyətinə görə bu universitetdə cəmi iki il təhsil ala bilib və yenidən Peterburqa qayıdıb, təhsilini Peterburq universitetində davam etdirib.

1012.jpg (62 KB)

1910-cu ildən başlayaraq Mandelştamın şeirləri və məqalələri mətbuatda mütəmadi olaraq çap olunub. Qısa müddət ərzində onun yaradıcılığı tənqidçilərlə yanaşı, sıravi insanların da diqqətini çəkib və bu ərəfədə onun iki kitabı işıq üzü görüb.

Oktyabr inqilabından sonra Mandelştam Rusiya Xalq Maarif Komissarlığında işə qəbul edilib.

Komissarlığın xətti ilə o, bölgələrdə ezamiyyətdə olarkən təbliğat işləri aparıb, bolşevik partiyasına həsr etdiyi publisistik yazıları, şeirləri mətbuatda çap olunub. Xüsusilə, Qafqaz səfərləri haqqında yazdıqları oxucular tərəfindən daha maraqla qarşılanıb.

Mandelştama səfərlərin təşkilində, maddi təminatında Mərkəzi Komitənin üzvü Nikolay Buxarin dəstək verib. O cümlədən digər məsələlərdə də Buxarin şairdən köməkliyini əsirgəməyib.

bcdf319b2076548c2a09d62e39adb2f5.jpg (101 KB)

1930-cu ilin əvvəllərində Mandelştam öz yaradıcılıq karyerasının ən pik həddinə çatıb. Həmin vaxt Mərkəzi Komitədə mədəniyyət və ədəbiyyat sahəsinin kuratoru olan Lazar Kaqanoviç Stalinə göndərdiyi görkəmli ədəbiyyat nümayəndələri siyahısına Mandelştamın adını da salıb. Yazıçılar İttifaqının yaradılması və birinci qurultayının keçirilməsi ilə bağlı xüsusi komissiyaya Mandelştam da cəlb edilib.
1933-cü il Mandelştamın həyatını bütövlükdə əks tərəfə dəyişib. Şairin bir şeiri onun həm yaradıcılığana, həm də həyatına son qoyub. Belə ki, Mandelştam Krım səfərindən sonra bu bölgədəki acınacaqlı vəziyyətə, aclığa, insanların çəkdiyi zülmə həsr etdiyi şeiri kiçik bir auditoriyada səsləndirib. Maraqlı məqam odur ki, həmin auditoriyanın yarısından çoxu şair haqqında Mərkəzi Komitəyə “şikayət” ünvanlayıblar, onun bu şeirini anti-Stalin əsəri kimi qiymətləndiriblər.

Boris Pasternak isə həmin şeiri belə qiymətləndirib: “Mandelştam Krımla bağlı şeirini söyləməklə özünə sui-qəsd etdi. Bu intihara bərabər bir addım idi...”

Mandelstam,_Chukovsky,_Livshits_&_Annenkov_1914_Karl_Bulla_(with_smile).jpg (107 KB)

Bu müraciətlərdən sonra Mandelstamın yaradıcılığı Mərkəzi Komitə və xüsusi xidmət orqanları tərəfindən ciddi araşdırılmağa başlanılıb və həmin ərəfədə mətbuatda onun yazılarına qadağa qoyulub. Nəhayət, araşdırmaların son nəticəsi olaraq Mandelştam 1934-cü ildə Hentix Yaqodanın imzaladığı orderlə həbs edilib. Məhkəmə onun üç il sürgünə göndərilməsi ilə bağlı hökm çıxarıb.

Mandelştam Permə sürgün edilib. O, Permdə qəbul məntəqəsində haqqında çıxarılan hökmə etirazını bildirmək üçün intihara cəhd edib, özünü üçüncü mərtəbədən atıb. Ancaq bu, heç nəyi dəyişməyib. Onun sınmış qol-qıçını sağaltdıqdan sonra düşərgəyə göndəriblər.

Boris Pasternak Mandelştamın məsələsi ilə bağlı Stalinə müraciət etmək qərarına gəlib. Bir neçə dəfə qəbul otağına zəng vurub, görüş xahiş edib. Sonda ona bildiriblər ki, Stalin onunla telefonda danışacaq. Nəhayət, bir neçə gündən sonra Pasternakın yaşadığı kommunal mənzilə Kremldən zəng gəlib, onu Stalinlə calaşdırıblar. Pasternak Stalinə bildirəndə ki, Mandelştam həbs olunub, sürgünə göndərilib və səhhəti olduqca ağırdır, Stalin buna təəccübünü bildirib:

Mandelshtam17.jpg (63 KB)


- Kim demişdi ki, Mandelştamı həbs etsinlər?

- Yoldaş Stalin, xahiş edirəm məni qəbul edin, bizin görüşməyimiz vacibdir. Mən bütün detalları sizə açıqlayacam.

- Hansı detalları?

- Ölüm və qalım detallarını.

Stalin Pasternakın bu cavabından sonra dəstəyi asıb. Amma göstəriş verib ki, Mandelştamın vəziyyətini yüngülləşdirsinlər.

Həmin göstərişdən sonra Mandelştam düşərgə rəisinin yanına çağrılıb:

- Sizə sürgün yerinizi dəyişmək haqqı verilib. Siz bu dəqiqə hansı şəhərə köçürülmək istədiyinizi mənə bildirməlisiniz və bu gün biz sizi ora göndərəcəyik.

Düşərgə rəisi əlindəki şəhərlər siyahısını onun qabağına qoyub. Bu şəhərlərdən başqa istədiyiniz yeri seçə bilərsiniz.

Həmin siyahıda Moskva, Leninqrad, Xarkov, Kiyev, Odessa, Rostov, Pyatiqorsk, Minsk, Tbilisi, Bakı, Xabarovsk, Sverdlovsk şəhərlərinin adları olub.

Mandelshtam_-_gulag.jpg (93 KB)

Mandelştam sürgün cəzasını Voronejdə keçirmək istədiyini bildirib. Köhnə tanışlarından birinin Voronej şəhəri haqqında yaxşı fikirlər söylədiklərini xatırlayan şair məhz bu məkanı seçib.

1937-ci ilə qədər Mandelstam Voronejdə ağır bir həyat sürüb, ehtiyac icində yaşayıb, səhhətində ciddi problemlər yaranıb.

Sürgün müddəti bitdikdən sonra Mandelşatama Voroneji tərk etməyə icazə veriblər. O, Moskvaya qayıdıb, dostları və köhnə tanışları şairə mümkün olan qədər yardım göstəriblər. Amma yenə də köhnə “anti-Stalin” poeziyası Mandelştamı rahat buraxmayıb. SSRİ Yazıçılar İttifaqının baş katibi (həmin dövrdə belə vəzifə mövcud olub) Vladimir Stavski “NKVD” rəhbəri Nikolay Yejova Mandelştam haqqında məktub göndərib. Məktubda şairin Moskvada qeyri-qanuni məskunlaşması, hakimiyyət haqqında ictimai rəyə mənfi təsir göstərməsi xüsuslə vurğulanıb. 2 avqust 1938-ci ildə “NKVD”-nin müşavirəsində Mandelştamın həbsi ilə bağlı qərar çıxarılıb və həmim gün o, həbs edilərək beş il müddətinə Vladivastoka sürgünə göndərilib.

Şair bu sürgündə dörd ay davam gətirməyib. 48 yaşlı Mandelştam ürəktutmasından vəfat edib.

Şahidlərin dediklərinə görə, onun meyiti digər bir neçə məhbusun meyiti ilə birlikdə yaz aylarına qədər çöldə tullanmış vəziyyətdə qalıb, çürüyərək tanınmaz hala düşüb. Sonradan onun harada basdırılması isə heç kimə məlum deyil.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR