İnsanlara hürriyət, millətlərə istiqlal!

Kennedinin qardaşından vasitəçi kimi istifadə edən sovet səfiri – ŞOK DETALLAR  

2834 07.11.2022 14:23 Yaxın tarix A A

 

1985-ci ildə Kremldə SSRİ xarici işlər naziri vəzifəsinə kimin təyin olunacağı müzakirə ediləndə ən çox Anatoli Dobrıninin adı hallanıb. Belə ki, əvvəlcədən sövdələşməyə görə Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra xarici işlər naziri Andrey Qromıko SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib. Boş qalan nazir kürsüsünə Qromıko özü də Dobrıninin sahib olmasını istəyib. Amma Qorbaçov fərqli bir seçim üzərində dayanıb və bu seçimlə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Eduard Şevardnadze ittifaq miqyaslı nazir vəzifəsinə təyinat alıb. 24 il SSRİ-nin ABŞ-da səfiri işləyən Dobrınin isə hələ bir müddət də Vaşinqtonda qalmalı olub.

Əslində, həm SSRİ-də Mərkəzi Komitənin baş katibləri, həm də ABŞ prezidentləri Dobrınini xarici işlər naziri səviyyəsində tanıyıblar. Dobrınin Vaşinqtonda 24 il ərzində səfir vəzifəsini tutanda 5 baş katib, 6 ABŞ prezidenti ilə işləyib. O, digər səfirlər kimi birincilərin qəbulunda saatlarla gözləməyib. Həm Amerika prezidentləri, həm də SSRİ-nin partiya rəhbərləri Dobrınini növbədənkənar qəbul ediblər.

Dobrınin Amerikada tipik sovet diplomatı kimi tanınmayıb. Demokratik və açıq düşüncəli, zəngin intellektli, fikirlərini məntiqlə əsaslandırmağı bacaran səfir işlədiyi illər ərzində ABŞ prezidentləri ilə sıx əlaqələr yaratmağa nail olub. Amerika rəhbərləri onun fəaliyyətindən tam razı qalıblar. Hətta Ronald Reyqan onu heç kommunist kimi də qəbul etməyib. Dobrınini səfir səlahiyyətlərini başa vurmaqla bağlı Amerikadan yola salanda, onun şərəfinə verilən ziyafətdə ABŞ-ın dövlət katibi Corc Şults Reyqanı məlumatlandıraraq bildirib ki, səfir SSRİ-də Mərkəzi Komitənin katibi vəzifəsində işləyəcək. Reyqan təəccüblə Şultsa baxaraq “siz heç mənə deməmişdiniz ki, Dobrınin kommunistdir” deyə zarafat edib.

Anatoli Dobrınin 1919-cu ildə Moskva vilayətində, Krasnaya qorka kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, atasının istəyi ilə Moskva Aviasiya İnstitutuna qəbul olunub. Dobrınin ilk əmək fəaliyyətinə Yakovlev adına təcrübə-konstruktor mərkəzində başlayıb.

1944-cü ildə Dobrınin Mərkəzi Komitəyə dəvət olunub. Onu kadrlar idarəsinin instruktoru Sdobnov qəbul edib. Qəbulda Dobrıninə Ali Diplomatiya Məktəbində təhsil almaq təklif edilib. Bu təklif Dobrınin üçün gözlənilməz olub. Amma ona bildirəndə ki, təşəbbüs Vyaçeslav Molotov tərəfindən irəli sürülüb, o, təklifi qəbul etməkdən imtina edə bilməyib.

1946-cı ildə Dobrınin Ali Diplomatiya Məktəbini əla qiymətlərlə bitirib. Onu daha bir il məktəbdə saxlayıblar. O, bu bir il ərzində dissertasiya işi müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

Dobrınin bir müddət Xarici İşlər Nazirliyinin katibliyində işləyib. 1957 ci ildə o, BMT-nin baş katibinin müavini təyin edilib. İki il bu vəzifədə çalışdıqdan sonra o, geri Moskvaya çağırılıb və SSRİ Xarici İşlər Nazirliyində Şimali Amerika departamentinə rəhbərlik edib. Ümumiyyətlə həmin illərdə Dobrınin həmkarları arasında ən güclü amerikaşünas kimi tanınıb.

Con Kennedi ABŞ prezidenti seçildikdən sonra Kreml belə qərara gəlib ki, SSRİ-nin Amerikadakı səfirini dəyişmək lazımdır. Bu təklifi Andrey Qromıko irəli sürüb. Əslində səfirin dəyişdirilməsinə ciddi bir əsas da olmayıb. Yəni Kennedinin prezidentliyi zamanı həmin dövrdə Vaşinqtonda səfir olan Mixail Menşikovun başqa birisi ilə əvəz edilməsinə heç bir siyasi ehtiyac duyulmayıb. Bu məsələdə şəxsi maraqlar rol oynayıb. Belə ki, Qromıko ilə Menşikov arasında münasibətlər gərgin olduğundan Qromıko Amerikaya yeni səfir təyin edilməsi məsələsini Xruşova zəruri bir tədbir kimi təqdim edib. Xruşov bu məsələdə Qromıko ilə razılaşıb. Qromıkonun təşəbbüsü və təqdimatı ilə Dobrınin Amerikaya səfir göndərilib.

Bu hadisələr elə bir dövrə təsadüf edib ki, ABŞ-la SSRİ arasında  gərgin münasibətlər hökm sürüb və bu münasibətlərin yumşaldılması üçün Dobrınin üzərinə böyük məsuliyyət düşüb.

Həm moskvalı siyasətçilər, həm də xarici həmkarları tərəfindən “əfsanəvi diplomat” adlandırılan Dobrınin üzərinə düşən missiyanı yüksək səviyyədə icra edib.

ABŞ-SSRİ münasibətlərini tənzimləmək üçün Dobrınin bütün mümkün variantlardan istifadə edib. Məlum olduğu kimi 1962-ci ildə Kremldə Kubada SSRİ-nin hərbi bazasının yaradılması haqqında qərar qəbul edilib. “Anadır” əməliyyatı adı altında SSRİ Kubada öz hərbi bazasını yaradıb, o cümlədən Kubada bir meqaton tutumlu iki növ orta mənzilli ballistik raketlər (cəmi 40 ədəd) və digər hərbi qurğular da yerləşdirilib.

SSRİ-nin bu addımı III dünya müharibəsinin başlanmasına zəmin yaradıb. ABŞ Konqresinin hər iki palatası Kubada hərbi əməliyyatların keçirilməsinə səs verib. Rəsmilər arasında bir gecədə Kubanı bombalamaq kimi fikirlər də səsləndirilib. Amma təbii ki, Con Kennedi Kubada hərbi əməliyyatların keçirilməsindən sonra SSRİ-nin reaksiyasını da nəzərə alıb. Tərəflər təmkin nümayiş etdirərək qarşılıqlı razılaşmaya daha çox üstünlük veriblər və bu anlaşmada Dobrıninin böyük rolu olub. Məhz həmin hadisələr zamanı Dobrınin Kennedinin qardaşı Robert Kennedi ilə vasitəçi qismində danışıqlara gedib. Sovet səfiri Türkiyədən SSRİ-yə tuşlanan ABŞ-ın “Yupiter” raketlərinin götürüləcəyi təqdirdə SSRİ-nin də Kubadan hərbi bazasının geri qaytarılacağı şərtini irəli sürüb. Tərəflər bu şərtə əməl edərək öz hərbi bazalarını geri qaytarıblar.

Dobrınin səfir vəzifəsindən geri çağırdıqdan sonra Mərkəzi Komitənin katibi seçilib. Eyni zamanda o, Mərkəzi Komitənin beynəlxalq şöbəsinə rəhbərlik edib. 1988-ci ildən isə o, Mixail Qorbaçovun beynəlxalq məsələlər üzrə müşaviri vəzifəsini daşıyıb.

SSRİ süquta uğradıqdan sonda Dobrınin Rusiya Xarici İşlər Nazirliyində müşavir vəzifəsində işləyib. Onun diplomatiya sahəsi ilə bağlı çoxsaylı kitabları o cümlədən dərslikləri işıq üzü görüb.

Anatoli Dobrınin 2010-cu ildə, 90 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR