İnsanlara hürriyət, millətlərə istiqlal!

"Katolik və pravoslav kilsələrində "Halloween" kimi dini bayram yoxdur"

862 31.10.2023 08:37 Dünya A A

"Kimin ürəyi istəyir, kim bəyənir qeyd etsin, lakin unutmasın ki, "şər qüvvələr" ilə zarafat heç də təhlükəsiz deyil..."

Hər il oktyabrın 31-də dünyanın bir çox ölkələrində "Hellouin" (Halloween) bayramı qeyd edilir. Həmin gün gənclər və uşaqlar qorxulu kostyum geyinir, qapı-qapı gəzərək şirniyyat yığırlar.

İddialara görə, "Hellouin" sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan "All-Hallows-Even" (Bütün müqəddəslərin axşamı) sözündən yaranıb.

"Hellouin" bayramını digər bayramlardan fərqləndirən əsas əlaməti həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün "o dünya" və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər.

"WorldBook" ensiklopediyasında qeyd olunur ki, "Hellouin" bayramının kökləri 2000 il bundan əvvəl keltlərin qeyd etdiyi bütpərəst bayrama gedib çıxır. Keltlər inanırdılar ki, bu vaxt ölülər diri insanlar arasında gəzib-dolaşır, dirilər ölülərlə görüşə bilirlər.

"Amerika Ensiklopediyası"nda qeyd olunur ki, "Hellouin" ayinləri xristianlıqdan əvvəlki dövrə aiddir və qədim keltlərin kahinləri druidlərin ayinləri ilə baǧlıdır. İrlandiya, Şimali Fransa və İngiltərədə məskunlaşan kelt tayfalarının ili iki hissədən ibarət idi – yay və qış. Yay fəslindən qışa keçid məhsul yığımının sonuna düşürdü və oktyabrın 31-də qeyd edilirdi. Bu, həm də yeni ilin başlanğıcı hesab olunurdu.

Azərbaycanda isə "Hellouin" mübahisəli bayram sayılır. Bir çoxları bu bayramın bizə yad olduğunu əsas gətirərək onun belə təmtəraqla qeyd olunmasına etiraz edirlər. Ən əsası, bu bayramın uşaqlara mənfi təsirləri vurğulanır.

"Katolik və pravoslav kilsələrində belə dini bayram yoxdur".

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycandakı Katolik kilsəsinin apostol prefekturasının mətbuat katibi Tural Ağayev deyib.

O qeyd edib ki, katolik kilsəsində noyabrın 1-i həyatı ilə və imanda sədaqətilə Allahı razı salmış, müqəddəslik məqamına çatmış bütün bu dünyadan gedən əzizlərin, övliyaların, şəhidlərin bayramı "Omnium Sanctorum" – Bütün Müqəddəslər Günü qeyd edilir. 31 oktyabr da həmin bayramın ərəfəsi sayılır:

"2 noyabr isə Mərhumlar Günü qeyd edilir. Həmin gün katoliklər qəbiristanlıqları ziyarət edir, dinindən asılı olmayaraq, mərhumlar üçün dualar oxuyur.

"Halloween" bəzi avropa xalqlarının "folklor" bayramıdır. Dini əsaslarından qopmuş bir "festival". Kimin ürəyi istəyir, kim bəyənir qeyd etsin, lakin unutmasın ki, "şər qüvvələr" ilə zarafat heç də təhlükəsiz deyil. Bu bayramın həvari əsilli xristianlıq ilə birbaşa əlaqəsi yoxdur".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR