İnsanlara hürriyət, millətlərə istiqlal!

Kameradan kameraya – ağzıdualı oğrunun yolu

1481 12.07.2022 13:42 Yazarlar A A

 

Tovuzda evə oğurluğa girərkən sifətinin kameraya düşdüyünü görən və çıxış yolunu dizlərini xalça üzərinə ataraq namaz qılan adamın əhvalatı tragikomikdir. Bunu dost-tanışa danışıb doyunca gülmək də olar, duyğusal sosioloqa danışıb birlikdə kədərlənmək də.

Vaqiənin kədərli məqamı odur ki, görün, adamın əlacı necə kəsilibsə, öz reputasiyasını, azadlığını riskə qoyaraq, oğurluğa gedir. Demək, onun işi-gücü, qazancı, dolanışığı yoxdur və bu addımı atmağa məcburdur. Bir az da qüruru var, heç kimə əl açmaq istəmir, hesab edir ki, heç kəs bilmədən nəsə bir şey çırpışdıracaq, satıb 5 manat çörəkpulu edəcək.

Namaz qılmağı bacarmasından orası da aydındır ki, nə qədər olmasa da, din-iman adamıdır, əvvəllər namaz qılmışlığı, oruc tutmuşluğu olub. Düzdür, ola bilər ki, o, bunu birinci “srok”u (belə yazanda daha anlaşıqlı olur) zamanı türmədə öyrənib, amma fərqi yoxdur, hər halda adam bilir ki, dar ayaqda dindən yapışmaq lazımdır. Bəlkə də oğru qardaş evin qapısını açarkən iş avandlığı və halallıq üçün prosesə “bismillah” deyə başlayıb. Bizdə qaydadır axı, kim hansısa işə başlasa, “bismillah” deyir. Mən hətta iki rəqəmli rüşvəti “bismillah” deyib alan görmüşəm.

Hərçənd əməlindən görünür ki, adam dinin tələblərini ya tamam bilmir, ya da yarımçıq bilir. Çünki o tələblərdən biri məhz belədir: “Oğurlama!” (əmr şəklində). Başqa tələblər də var (bu tələblər o biri dinlərin kitabında da var). Məsələn, biri də belədir: “Zina etmə!”

Əslində bu tələbə də hələm-hələm riayət edən yoxdur. Günahkar bəndənin girəvəsinə hardasa zina etmək fürsəti keçirsə, dərhal nəfsinin tormoz şlanqı partlayır, sahibini də götürüb eniş aşağı aparır. Bu günlərdə bir-birinə bərkdən, camaata eşitdirə-eşitdirə “əxi” deyən saqqallı gənclərin necə zinakarlıq və ziyankarlıq etdiklərinin şahidi olmuşam. Düzdür, onlar bir şey əldə edə bilmədilər, amma zinaya tam fokuslanmışdılar, niyyət o idi. Niyyət murdar olandan sonra ha onu həyata keçir, ha arzun köksündə qalsın, hər ikisi uca dərgahlarda günah sayılır.

Tovuzda oğurluğa gedən və işini başa çatdırmamış namaz qılan adamın niyyəti də pis olub, söz yox. Amma onun günahını xəfiflədəcək məqamlar var (kriminalistlər “yüngülləşdirici hallar” deyirlər). Ən əsası da odur ki, adamı oğurluğa nəfsi yox, ehtiyacı vadar edib. Allaha şükür, hamınız “ehtiyac qul eylər qəhrəmanı da” hikmətini bilirsiniz. Allah-təala da gərək bəndəsini heç kəsə möhtac etməsin, mütləq bir qapı açsın (bəlkə də oğru qapını açıq görüb, keçib içəri, elə bilib, bu yuxarılardan verilən rüsxətdir).

Ayrıca hiss olunur ki, oğru beyni işləyən adamdır. O heynədə heç kəsin ağlına gəlməzdi ki, dizini yerə atıb namaz qılsın. Məsələn, onun yerində başqası olsa, videokameranın işlədiyini görən kimi axtarıb videokadrları qeydə alan aparatı da, kameranın özünü də oğurlayardı ki, izi tamam itirsin. Bizimki isə əməli-saleh oğrudur, namaz aktıyla mesaj verir ki, aqressiv oğru deyil, çapıb-talamağa gəlməyib, eləcə, müəyyən qədər maddi vəsaitə ehtiyacı var.

Hətta oğurluq hadisəsi sırf namaz vaxtına düşübsə, onu yenə də anlamaq olar. Adam qəza namazı qılmaq istəmir, hesab edir ki, ibadəti cinayətin ayağına vermək olmaz.

Budur, bu hadisə sosial şəbəkədə trendə çevrilməkdədir, xəlayiq deyib, yazıb, gülür.

Amma bu xırda oğurluqdur axı (müəllif qəfil ciddiləşir). Bu oğurluqdan uzağı bir ailə ziyan görəcəkdi. Karvanı sarvanıyla birlikdə oğurlayıb həzm-rabedən keçirən oğrular qalıb bir tərəfdə, biz eyzən xırda oğrulardan, hindən beçə çırpışdıranlardan, bazardan gilas əkişdirənlərdən, evdar qadının çantasından 10-15 manat pul çıxaranlardan danışırıq.

Hərdən tutulan İH başçılarından, o biri məmurlardan da bəhs edirik, amma bu ölkədə tutulmayan minlərlə oğru var ki, adlarını çəkə bilmirik. Adlarını çəksək, özümüzü tutarlar. Heç nə, özlərini təhqir olunmuş sayan adıçəkilənlər xüsusi ittiham qaydasında bizi məhkəməyə verərlər və böhtançı kimi gedərik ağzıbirə. Hamımız bilirik ki, o adamlar oğrudurlar, dövlətin büdcəsini, xalqın cibini talayıblar və yan-yana tikdirdikkləri villaları oğurluq pulla başa gətiriblər, lüks-lüks avtomobilləri qarət etdikləri pulla alıblar. Heç namaz-filan da qılmırlar (aralarında namaz qılanlar, Həccə gedənlər də ola bilər – bu, başqa dərddir).

P.S. Könül istəyir ki, bu günlərdə DTX iri bir oğru məmuru yaxalasın, adamın kabinetindən çəkilmiş kadrları çevirə-çevirə izləyək. Xırda oğruların videosu ləzzət eləmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR