İnsanlara hürriyət, millətlərə istiqlal!

Jukova və Montqomeriyə dərs verəcəyini deyən Buş – faşist feldmarşal ikincinin əsiri ikən ölüb

2159 02.07.2022 12:07 Yaxın tarix A A

“Jukov məni rus arağına qonaq edə bilər. Sözsüz ki, mən bundan imtina edərəm. Çünki onunla təkbətək döyüş meydanında görüşmək arzusunduyam...”. Bu sözlər alman sərkərdəsi, general-feldmarşal Ernst Buşa məxsusdur.

Vermaxt qoşunlarında ali rütbəli zabitlər arasında Ernst Buş özünə son dərəcə güvənməyi ilə fərqlənib. Bu güvənci ona ilk növbədə hərbi bacarığı, istedadı verib. Buş peşəkar hərbçi kimi istər nəzəri, istərsə də praktiki cəhətdən öz işinin bilicisi olub. Onu fərqləndirən digər cəhət isə faşist ideologiyasına aşırı dərəcədə bağlılığı olub ki, feldmarşal bəzi məqamlarda bu məsələdə Adolf Hitleri də üstələyib. Ümumiyyətlə, Almaniya silahlı qüvvələrində faşist ideologiyası ifadəsi işlədiləndə ilk növbədə göz önünə Ernst Buş gəlib.

Ernst Buş 1885-ci ildə Almaniyanın Essen şəhərində məmur ailəsində anadan olub. Onun atası uşaq evinin direktoru işləyib. Ailənin maddi təminatı zəngin olduğundan Buşun prestijli universitetlərdə təhsil almağında problem olmayıb. Amma Buş hərbi təhsilə üstünlük verərək 12 yaşında Bensberqdə kadet məktəbinə daxil olub, daha sonra isə ali hərbi məktəbdə təhsil alıb.

3_1_4_1.jpg (69 KB)

1904-cü ildə Buş Münsterdə dislokasiya olunan piyada alayında zabit kimi xidmətə başlayıb. Bir müddət xidmət etdikdən sonra o, hərbi biliklərini artırmaq üçün Kaasel şəhərində hərbi akademiyada oxuyub.
I dünya müharibəsinin əvvəlindən son gününə qədər Buş qərb cəbhəsində, ön xətdə xidmət edib. Bu illər ərzində o, həm qərargah işində, həm də hərbi əməliyyatlarda fərqləndiyinə görə bir sıra orden və medallarla təltif olunub.

Müharibədən sonrakı illərdə Buş hərbi fəaliyyətini davam etdirib, nəqliyyat qoşunlarında, əməliyyat idarəsində, piyada qoşunlarında müxtəlif vəzifələr tutub.

Nasistlərin hakimiyyətə gəlişindən sonra Buşun hərbi karyerasında sürətli irəliləmə başlayıb. Bir tərəfdən peşəkar və bacarıqlı hərbçi olması, digər tərəfdən nasisizmin fəal tərəfadarı kimi o, yeni hakimiyyətin diqqətindən yayınmayıb. 1935-ci ildə o, şəxsən Hitlerin təşəbbüsü ilə Potsdamda yerləşən 23-cü piyada diviziyasına komandir təyin edilib. Bu təyinat zamanı fürer ona general-mayor rütbəsi təqdim edib. 1938-ci ildə isə Buşa daha böyük bir vəzifə, 8-ci ordu korpusunun komandanı vəzifəsi həvalə edilib.

391348-main.jpg (89 KB)

1939-cu ilin sentyabrında II dünya müharibəsi başlananda Buşun komandan olduğu korpus Polşaya hücum edən qoşunların əsas tərkib hissəsi olaraq ilk müharibə uğurlarını qazanıb. Buş Krakov əməliyyatında xüsusilə fərqlənib, bu şəhər birbaşa onun rəhbərlik etdiyi hərbi əməliyyat nəticəsində işğal olunub.

Polşanın işğalından sonra Buş korpus komandanı vəzifəsindən ordu komandanı vəzifəsinə yüksəlib. Onun komandanı olduğu 16-cı ordu Fransanın təslim edilməsində xüsusi rol oynayıb.

1941-ci ildə Buşun cəbhə fəaliyyəti SSRİ-yə yönlənib. Sovet-alman müharibəsi başlananda Buş öz döyüşçüləri ilə şimal istiqamətində bir neçə iri yaşayış məntəqələrini işğal etdikdən sonra Leninqradın mühasirəsində iştirak edib və bu əməliyyatlar zamanı öz peşəkarlığı ilə bir daha fərqlənib.

Bundesarchiv_Bild_101I-088-3724-06A,_Russland,_Generale_vor_Holzhaus.jpg (103 KB)

1943-cü ilin fevralın 1-də Buş mükafat qaydasında general-feldmarşal rütbəsi alıb. Feldmarşalın uğurları artdıqca o, SSRİ-yə və onun müttəfiqqlərinə qarşı daha aqressiv fikirlər bəyan edib:
“Ruslar və ingilislər döyüşməyi bacarırlar. Amma onların döyüş taktikası müasir hərbi nəzəriyyədən çox-çox uzaqdır. Digər tərəfdən, onlar bir şeyi unudurlar ki, qarşılarındakı Almaniyanın silahlı qüvvələridir. Jukov (SSRİ), Eyzenhauer (ABŞ), Montqomeri (Böyük Britaniya) kimi özlərindən razı olan hərbçilərə hələ uzun illər müharibə təcrübəsi lazımdır ki, Vermaxtın qarşısına çıxa bilsinlər. İnanıram ki, çox yaxın zamanlarda qalib ölkənin feldmarşalı kimi, bu məğlub hərbçilərə çox şeyləri anlada biləcəm...”

12 oktyabr 1943-cü ildə mərkəzi orduya komandan təyin edilən Buş bu vəzifədə bir neçə uğur qazansa da, 1944-cü ildə onun rəhbərlik etdiyi ordu böyük fəlakətlərlə üzləşib. 22-23 iyunda Belarusiya əməliyyatı zamanı sovet ordusunun dağıdıcı zərbələri Buşun bütün planlarını alt-üst edib. Məhz bu əməliyyat zamanı almanların 720 kilometrlik cəbhə xətti darmadağın edilərək Minsk və Belarusiyanın əsas əraziləri işğalçılardan təmizlənib.

ernst-busch.jpg (78 KB)

Belarusiya iflasına görə Hitler Buşu tutduğu vəzifədən azad edib və o, Vermaxtın Şimal-Qərb qoşunlarına komandan təyin edilib. Bu vəzifədə Buşun üzərinə əsas missiya kimi Almaniyanı şimal-qərb tərəfdən Britaniya qoşunlarından müdafiə etmək olub. Ancaq feldmarşal bu missiyanın öhdəsindən gələ bilməyib. Məhz o, bu vəzifədə olarkən, 4 may 1945-ci ildə Britaniya hərbçiləri tərəfindən əsir götürülüb.
Əsirlik həyatı feldmarşal üçün dözülməz olub və o, qarşıda onu nə gözlədiyini də yaxşı anlayıb. Ancaq Buşa gözlədiyi həmin dəhşətli günləri yaşamaq qismət olmayıb. 1945-ci ilin iyulun 17-də 60 yaşlı Buş əsirlikdə olarkən keçirdiyi qorxu hissindən ürəyi partlayaraq ölüb.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR