İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirinovskinin bir tayı da Fransada var - başına yumurta çırpılan Zemmur

2659 26.03.2022 09:33 Yazarlar A A

Fransa elə bir yerdir ki, istedadlı gəlmələr orada zirvələrə dırmaşa bilirlər. Görünür, fransızlar nə qədər şovinist olsalar da, istedadların qabağını kəsmək istəmirlər, əksinə, istəyirlər ki, başqa xalqların vergili adamlarıı gəlib onların adını, bayrağını qaldırsın, həm də dövlətə yaxşı vergi versinlər.

Məsələn, çox adam bilir, məşhur müğənni Co Dasen Amerikadan basa-basa gəlib Fransada parlayıb. Bütün dünyanın “fransız ulduz” kimi tanıdığı Co əslində fransız deyil, ata babası Semyuel Odessa yəhudisi olub. O vaxt o, Odessadan ABŞ-a mühacirət edərkən ingilis dilini yaxşı bilmirmiş, immiqrasiya idarəsində qeydiyyata düşəndə siyadını soruşublar, o da elə bilib ki, haralı olduğunu soruşurlar, deyib, “Odessadanam”, məmur da götürüb yazıb “Dassin”. O Dassin, bu Dassin, 20-ci əsrin ən populyar musiqiçilərindən biri olan Co bu soyadı dünyaya tanıdıb.

Bir o deyil, Fransanın ən məşhur şansonyesi Şarl Aznavur erməni, ən məşhur rejissorlarından biri Robert Osseyn isə azərbaycanlı idi (hərçənd bizimki sona qədər azərbaycanlı olduğunu dandı), ən məşhur qadın müğənnisi Dalida italyan idi. Məşhur futbolçular Zinəddin Zidan və Kərim Benzema Əlcəzair ərəbləridir, amma fransızlar onları fəxrlə “fransız futbolçu” kimi təqdim edirlər. Atası kamerunlu, anası əlcəzairli olan Kilian Mbappe Lottin də “fransız futbolçu” kimi təqdim olunur, amma bu lotu demir, Uçenin ellisiyəm.

554.jpg (111 KB)

Xüləs, Fransada belə parlamış gəlmələr çoxdur, biri də siyasətdə var: Erik Zemmur. Əslən Əlcəzair yəhudisi olan 63 yaşlı bu adam, Allah qoymasa, prezidentliyə namizəddir, iki gündən br xəbəri gəlir ki, filan yerdə başına yumurta çırpıblar, filan mitinqdə üstünə su butulkası atıblar, filan görüşdə qapazlayıblar və s. Belə anlaşılır ki, fransızlar Zemmuru tamam çurban eləyiblər.

Düz gəlmədi axı. Bayaqdan fransızların istedadlı gəlmələrə xoş münasibətindən danışırıq, elədirsə, Zemmuru niyə o kökə qoyurlar? Adama deyərlər, müsyölər və madamlar, xoşunuz gəlmir, səs verməyin, ta o boyda prezidentliyə namizədi niyə ala şalvar edirsiniz?

Heç demə, məsələ elə də sadə deyil. Zemmur azacıq aşın duzu olmadığını hələ jurnalist işlədiyi vaxtdan göstərib. O, fransız faşistidir, de Qolldan ötə fransız olmaq istəyir. Özü də dilini dinc qoyan, kimdənsə qorxub-çəkinən adam deyil Zemmur. Özü gəlmə balası ola-ola iki il əvvəl gəlmə yeniyetmələrin hamısının narkoman, oğru, cinsəl təcavüzçü olduğunu deyib, qalmaqala səbəb olub (iki ay öncə bu sözün üstündə onu 10 min avro cərimələyiblər).

Belə-belə hərəkətlərinə və danışıqlarına görə, son vaxtlar Zemmur Fransa faşistlərinin rəhbəri Marin Le Peni, Xankəndiyə gəlib-getdiyi üçün bizimlə üz-göz olan Valeri Pekressi, sağçı namizəd Ksavye Bertranı reytinqdə üstələyib. Belə davam etsə, yəni Zemmurun başına bir-iki dəfə də yumurta çırpsalar, artıq Makrona çox yaxınlaşacaq. Artıq müsyö ikinci yerdədir.

332.jpg (41 KB)

Bu üzdən adam şübhələnir ki, deyəsən, özünə qarşı yumurta-butulka şousunu Zemmur özü təşkil etdirir. Çünki hər belə hadisədən sonra onun adı dillərə düşür, reytinqi artır. Belə çıxır ki, siyasi şou və qalmaqallara əsaslanan bu tip seçki texnologiyaları Fransada da effektivdir.

Tipi etibarilə o, bu günlərdə öldü-qaldısı bilinməyən rusiyalı siyasətçi Vladimir Jirinovskinin fransız versiyasıdır. Uzun illər əvvəl bu, əslini danan haramzadədən soruşmuşdular ki, milliyyətcə kimsən, demişdi, anam rusdur, atam hüquqşünas.

Axtarsan, başqa ölkələrdə də o cür siyasətçilər var.

Bircə mat qalmalı iş odur ki, nədən camaat öz xalqının faşist oğlunun yox, gəlmə faşistin dalınca gedir. Yadellinin faşistliyi daha şirin və səmimi görünür, nədir?

Hər halda bu, təkcə politoloji məsələ deyil, bir xeyli də psixoloji məsələdir. Xatırladım ki, 105 il əvvəl Rusiyada da inqilaba qeyri-rus millətlərin oğulları rəhbərlik ediblər. Məsələn, kalmık, alman, ukraynalı, yəhudi, rus qarışığı olan Lenin, yəhudi Trotski (Bronşteyn), gürcü Stalin (Cuqaşvili), Orconikidze, Çxeidze, Yenukidze, polyak Dzerjinski, Menjinski, erməni Mikoyan, Şaumyan, azərbaycanlı Nərimanov, moldovan Frunze, yəhudi Kaqanoviç, Sverdlov, Zinovyev, Radek, Kamenev (Rozenfeld), Volodarski (Qoldşteyn) və yüzlərlə belələri öz zamanlarında ruslardan daha artıq inqilabçı olublar və ruslar üçün böyük sovet-rus imperiyası qurublar.

İndi də Fransada ortaya bir Zemmur çıxıb... Amma bu, o demək deyil ki, Zemmur Fransa prezidenti seçilə bilər – bu işlər yumurta ilə başa gələn şeylər deyil. Elə olsaydı, yeni çıxan siyasətçilər yumurta istehsalçıları ilə müqavilə bağlayardılar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR