İnsanlara hürriyət, millətlərə istiqlal!

JEK müdiri mərhum Qənirə Paşayevanın köməkçisini evsiz qoyub – Ali Məhkəmə sədrindən kömək istəyir

1440 20.12.2023 15:45 Kriminal A A

Mərhum deputat Qənirə Paşayevanın köməkçisi Nilufər Abbasova Nərimanov rayon 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Yusif İbrahimovun qanunsuz əməllərindən şikayətçidir.

N.Abbasova Musavat.com-a deyib ki, MKİS rəisi onun anadan olduğu evin qanunsuz olaraq satılmasına yol açan hərəkətlər edib. Bununla belə, məhkəmələr MKİS rəisinin qanunsuzluğu ortada ikən ona dəstək veriblər.

“1988-ci ildə Nərimanov rayonu (əvvəlki Daş karxanası küçəsi ev 33), indiki Fərid Əhmədov ev 33-də ziyalı ailəsində dünyaya gəlmişəm. 2010-cu ildə atam Lətif Əliyev qəflətən dünyasını dəyişdi. Bundan sonra anam çox ağır xərçəng xəstəliyinə tuş gəldi. Təəssüf ki, anam da 2017-ci ildə dünyayla vidalaşdı. 2 il sonra qardaşım Aqil Əliyev evimizi satmaq fikrinə düşdü. Etiraz etdim, bildirdim ki, məbləğindən asılı olmayaraq ata evimi sata bilmərəm. Həyət evimiz sənədsiz olduğuna görə dayım Mirzəli Əliyev MKİS rəhbəri Yusif İbrahimova məlumat verib, ondan evə dair kimsəyə hər hansı bir arayış verilməməsini tapşırmışdı. Evin satılmayacağını və mənim buna narazılığımı qətiyyətlə bildirmişdi. Bununla belə, qardaşım Yusif İbrahimovla evi necə satmaq barəsində danışıq aparıb. Sonradan qardaşım etiraf etdi ki, Yusif İbrahimov ondan 8500 manat almaqla evin nömrəsini mənim heç bir razılığım olmadan 34 V edib. Qardaşım Aqil Əliyevə və Təranə Səfiyeva adlı birinə həmin evə qeydiyyata alınması ilə bağlı arayış təqdim edib”, - deyə Nilufər Abbasova bildirib.

O qeyd edib ki, həmin arayış əsasında pasport qeydiyyat idarəsi də Təranə Səfiyevanı evə qeydiyyata alıb:

“Daha sonra qardaşım Aqil Əliyevi mənim razılığım olmadan yenidən 33 nömrəli evə qaytarıb qeydiyyata salıb. Təranə Səfiyevanın bildirdiyinə görə, evə 48 min manat pul ödəyib. Qardaşım deyir ki, ona 10 min manat pul ödəyiblər. Həmin pulun 8500 manatını Yusif İbrahimova vermişəm. Mənim evim ortalıqda oyuncağa çevrilib. Nəhayət, Səfiyeva Təranə qardaşım Aqil Əliyevdən bir neçə dəfə polisə şikayət edib. Polis sübutun olmadığı üçün işi rədd edib. Sonra Təranə Səfiyeva qardaşım Aqil Əliyevi məhkəməyə verib. Həmin vaxt pandemiya və müharibə dövrünə təsadüf etdiyi üçün və nəzərə alsaq ki, məni məhkəmədə heç bir tərəf kimi qeyd etmədiklərinə görə məhkəmədən xəbərim olmayıb. Nərimanov məhkəməsi qardaşımın və mənim iştirakım olmadan keçən prosesdə qeydiyyatın qanunsuz olduğunu bildirərək onların iddiasını rədd edib. Buna baxmayaraq, apellyasiya instansiyası və Ali Məhkəmə xəbərim olmadan, evə heç bir baxış keçirmədən, qonşuların fikrini almadan, evin üzərində olan 3 sayğacın hələ də mərhum atamın adına olmasını nəzərə almadan Yusif İbrahimov verdiyi arayışı qanuni sayıblar. Bununla da Təranə Səfiyevanın qeydiyyatını təsdiq ediblər”.

Nilufər Abbasova bildirib ki, Nərimanov Məhkəməsinə müraciət edib:

“Nərimanov Məhkəməsi evə baxış keçirdi, Yusif İbrahimovun verdiyi arayışı qanunsuz saydı. Nərimanov Rayon İcra hakimiyyətinin başçısı Elgin Həbibullayev də tabeliyində olan işçilərə bu işə və məsələyə obyektiv yanaşmalarını tələb etdi. Başçının müavinləri evə baxış keçirdilər və qərara aldılar ki, Yusif İbrahimov qanunsuz arayış təqdim etdiyinə görə intizam məsuliyyətinə cəlb olunsun və ona töhmət verilsin. Bu sənədləri Apellyasiya Məhkəməsinə təqdim etdim. Buna baxmayaraq, hakim Fuad Abdıyev evə baxış keçirmədən, ev 34 V ilə bağlı heç bir sübut olmadan yenidən arayışı qanuni saydı. Daha sonra Ali Məhkəmə də tərəflərin iştirakı olmadan, evə baxış keçirmədən, qonşuların şahid ifadələri alınmadan arayış qanuni hesab olundu. Nəhayət, Ali Məhkəmənin Plenumuna müraciət etdim. O zaman rəhmətlik Qənirə xanım baş verən qanunsuzluqla bağlı İnam Kərimovun köməkçisi ilə danışdı. Dedi ki, bizim evimizdə anamın yas mərasimində iştirak edib, mənim o evdə doğulduğumu, böyüdüyümü diqqətinə çatdırdı. Mənim razılığım olmadan evin nömrəsinin dəyişməsini, saxta arayış verilməsini də diqqətə çatdırdı”.

Nilufər Abbasova qeyd edib ki, Ali Məhkəmənin Plenumunun qərarı ona çatmasa da, artıq Təranə Səfiyevanın onun evinə köçürülməsi icra olunub:

“Əlimdə Nərimanov İcra Hakimiyyətinin sənədi var ki, Yusif İbrahimovun verdiyi arayış qanunsuzdur, Təranə Səfiyevanın köçürülməli olduğu ev 34 V-dir, yaşadığım ünvan isə 33-dür. İcra nümayəndəsi bildirir ki, Yusif İbrahimov deyir ki, buradır ev. Bu gün də bizim evin üzərində 3 sayğac var, hər 3 sayğacın nömrəsi ev 33-ə bağlıdır və mərhum atamın adınadır. 1986-cı ildən sayğaclar üzrə ödəniş ödənir. Mənim o evdə toy lentim var, şəkillərim var. Niyə mənim atamın evi Yusif İbrahimovun hansısa qanunsuzluğuna görə əlimdən çıxmalıdır?

Yusif İbrahimov hər yanda bildirir ki, mən Mürsəl Vəliyevin qohumuyam, mənə heç kim, heç nə edə bilməz. Hansısa harınlamış məmurun pul hərisliyinə, səhvinə görə mən evimi itirmək istəmirəm”.

Nilufər Abbasova Ali Məhkəmə Plenumundan ədalət gözləyir: “Bir daha Ali Məhkəmə sədrinə, Plenumuna müraciət edirəm, xahiş edirəm ki, qanunsuzluğa qanuni don geyindirmiş məhkəmələrin qərarlarının qüvvədən düşməsi üçün addımlar atsınlar”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR