İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyalılar Kür sahilində elə bir xəzinə tapdılar ki...

14706 18.07.2024 11:37 Ölkə A A

“Tava təpə”dən quyular, böyük ərzaq ehtiyatlarının saxlanması, dən üyütmə üçün alətlər, çörəyin üzərinə xüsusi naxışlar vurmaq üçün gil möhürlər aşkar edilib - mütəxəssislər danışdı 

Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi ərazisində yerləşən “Tava təpə” abidəsinin tədqiqi öz nəticəsini verib. Tədqiqat işləri Azərbaycan və İtaliya arxeoloqları tərəfindən aparılıb.

AYNA xəbər verir ki, 3 il davam edən araşdırmalar nəticəsində son tunc - ilk dəmir dövrünə aid olan ibadətgah aşkar olunub. Arxeoloqların fikrincə, bu abidə öz unikallığına görə tək ölkəmizdə deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunmalıdır.

Kür çayından 1,5 km aralıda yerləşən “Tava təpə” abidəsinin ərazisi Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı yer olub. Burada yaşayışın 3500 il əvvələ dayandığı güman edilir.

Strateji əhəmiyyəti olan abidənin Kür çayına yaxın olması buraya insanların daha çox gəliş-gedişi üçün səbəblərdən biri olub. İtaliyalı arxeoloq, Kataniya Universitetinin professoru Nikola Lanerinin fikrincə, burada tapılan yeməkxana bütün Qafqaz üçün xidmət göstərib.

“Burada unikallığı ilə seçilən tikili həmin dövrün yeməkxanası kimi fəaliyyət göstərib. Yeməkxana ritual xarakterlidir. İnsanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər. Bura yeməkxana kimi bütün Qafqaz üçün xidmət edib. Müxtəlif yerlərdən buraya gələn insanlar qidalanıb, daha sonra da ritual həyata keçiriblər. Burada heyvan sümükləri də tapılıb. Hazırda antropotoloqlar və digər mütəxəssislərlə birgə araşdırma aparırıq”, - deyə mütəxəssis bildirib.

Tədqiqatlarda iştirak edən beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində İtaliyanın Kataniya Universitetindən başqa Florensiya şəhərində yerləşən elmi tədqiqat mərkəzindən də mütəxəssislər fəaliyyət göstərirlər.

Qazıntılar zamanı “Tava təpə”dən ərzaq və çörək istehsalı mərkəzi, quyular, böyük ərzaq ehtiyatlarının saxlanması, ocaq qurğuları, yüksək temperaturda bişmiş gil və torpaq hissələri, dən üyütmə üçün alətlər, çörəyin üzərinə xüsusi naxışlar vurmaq üçün gil möhürlər aşkar edilib.

Azərbaycan-İtaliya Beynəlxalq Arxeoloji Ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilov qeyd edib ki, tədqiqat zamanı ərazidə aşkar olunan saxsı qabların bərpası və restavrasiyası, onların qrafik təsviri həyata keçirilir: “Analiz üçün çoxsaylı nümunələr götürülüb və İtaliyadakı qabaqcıl laboratoriyalara göndərilib. Həmçinin ağac qalıqları, torpağın polinoloji analizləri aparılır”.

Tapıntının Azərbaycan tarixi üçün əhəmiyyəti, oranı gələcəkdə ölkəyə milyonlar qazandıracaq  arxeoloji- turistik  məkana çevirmək  mümkündürmü? Dövlət onun qorunması üçün hansı tədbirləri görməlidir?

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Yeni Müsavat"a danışıb: “Əlbəttə, bu tapıntının elmi cəhətdən əsaslandırılması gerçəkləşərsə, sonrakı mərhələdə dünya tarixi, memarlıq və yaxud tarixi-mədəni abidə irsinə daxil ola biləcək və bu da  Azərbaycanın reklamı baxımından önəmlidir. Həmin əraziyə ziyarətlər təşkil edə, bununla da çox sayda insanları cəlb edə bilərik. Beləliklə, bu cür tapıntıları brend tapıntıya çevirməli və da təbliğatını doğru qurmalıyıq”. 

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, tanınmış arxeoloq Akif Quliyev isə qeyd edib ki, qaydaya əsasən, qazıntı zamanı hansısa abidə aşkarlanarsa, dərhal onun mühafizəsi təşkil olunmalı, xüsusi qablaşdırılmalı, xüsusi rejimli muzey fondlarında qorunmalıdır: “AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji fondu var,  əksər materiallar orada qorunub saxlanılır. Lakin elə materiallar da var ki, onlar tədqiq edildikdən sonra respublikanın müxtəlif muzeylərinə təqdim olunur, muzeylərdə isə həmin materiallar xüsusi mühitdə qorunur.  

Eləcə də muzeylərimizin özündə həm arxeoloji, həm də qızıl fond var. Arxeoloqlar tədqiqat işi aparır, abidələrin qorunması, digər sərgilərin hazırlanması, təqdimatlar və sairə, bunların hamısı Mədəniyyət Nazirliyi və Turizm Agentliyi tərəfindən həyata keçirilir. Çünki abidələr onlara məxsusdur, abidələrin qorunması, konservasiyası, bərpası da onların proqramı əsasında həyata keçirilir".

“Ölkədə abidələrin qorunması hansı səviyyədə aparılır” sualımıza arxeoloq bu cür cavab verdi: “Təəssüf ki, istədiyimiz səviyyədə qorunmur. Bəzən olur ki, hansısa layihə həyata keçirilir, bizi dəvət edirlər, gedirik, tədqiqat aparırıq, abidələr olarsa, aşkara çıxarırıq. Məsələn, Bakı-Ceyhan boru xətti çəkilərkən marşrut üzərində olan bütün sahədə və onun mühafizə zolağında tədqiqat işləri aparılırdı. Bəzən elə olurdu ki, mühüm abidə aşkara çıxarılırdı və bu zaman marşrut xəttinin istiqaməti dəyişdirilirdi.  Və yaxud hansısa abidə aşkarlanarkən dərhal işlər dayadırılırdı, abidə tədqiq olunduqdan, götürüldükdən sonra boru xətinin tikintisi davam etdirilirdi. İndi də bu proses Qarabağda davam etdirilir. Orada da su, qaz xətləri çəkilən zaman hansısa  arxeoloji nümunələr aşkara çıxır, işlər dayandırılır, biz həmin nümunəni və yaxud abidəni tədqiq edirik, daha sonra iş prosesi davam etdirilir. 

Lakin bəzi şirkətlər var ki, hansısa layihə həyata keçirən zaman abidə aşkarlandıqda  bunu gizlədir, dağıdır və yalnız dağıldıqdan sonra həmin abidə barəsində bizə məlumat daxil oluruq. Gedib abidəyə baxırıq, tədqiq edirik, amma abidə aşkarlanan andan biz arxeoloqlar artıq orada olmalıyıq. Çünki abidə dağıldıqdan sonra onu bərpa  etmək çətin olur". 

Yay istirahətini necə sərfəli edək - ekspertdən tövsiyyə - 19.05.2019,  Sputnik Azərbaycan

Rəhman Quliyev

Turizm eksperti Rəhman Quliyev də qeyd etdi ki, bu cür tapıntıları açıq səmada muzey şəklinə salıb, böyük turizm məkanına çevirmək mümkündür: “Ümumiyyətlə, arxeoloji qazıntılar nəticəsində əldə olunmuş faktlar onu göstərir ki, Azərbaycan xalqı qədim xalqdır, mədəniyyəti qədim dövrlərə dayanır. Buna Azıx mağarası real sübutdur. Əlbəttə ki, bu cür tapıntıları açıq səmada muzey şəklinə salıb, kütləvi turizm məkanına çevirmək mümkündür. Bu cür təcrübə qardaş Türkiyədə artıq var. Belə ki, orada 1945-ci ildən başlayaraq aparılan arxeoloji qazıntılar bu günə qədər də davam etdirilir və böyük turist axını cəlb olunur. 

Əminəm ki, təkcə Azərbaycanda deyil, qədim İrəvan şəhərindən başlayaraq, Şərqi Zəngəzurda arxeoloji qazıntılar aparılsa, əcdadlarımıza məxsus xeyli tapıntılar aşkara çıxar. Bu cür tapıntılar dünyada xalqımızın qədimliyi, qədim mədəniyyətə sahib olmasını təbliğ edir və bu çox önəmli məsələdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR