İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə ordu modeli-Azərbaycan üçün təhlükə varmı...

735 01.12.2023 11:11 Dünya A A

Polkovnik: “Ermənistan İsveçrə ordusu modelinə keçirsə, bu, bizə sərf edir”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkə beynəlxalq təcrübəyə əsaslanaraq orduda islahatlar aparır. Ermənistan silahlı qüvvələrinin İsveçrə modelinə gətirilməsi planlaşdırılır. “Ermənistan silahlı qüvvələrində beynəlxalq təcrübə nəzərə alınmaqla genişmiqyaslı islahatlar aparılır. Ölkədə ehtiyatda olan hərbçilərə minimum hərbi bacarıqlara yiyələnmək üçün 24 günlük hərbi təlim tətbiq edilib. Oxşar rüsumlar İsveçrə modelində də istifadə olunur.

İsveçrə silahlı qüvvələri çağırışçılar, müqaviləli əsgərlər və könüllülərdən ibarətdir. Yaşı 18-dən 30-a qədər olan bütün kişilər icbari hərbi xidmət keçməlidirlər. Hərbi xidmət 260 gün olmaqla 10 ilə bölünüb. Ehtiyatda olan hərbçilər ilkin hərbi hazırlığı başa vurduqdan sonra iki ildən bir üç həftəlik təlim düşərgələrinə çağırılırlar. Baş nazir hərbi qulluqçuların maaşlarının artırılmasını da açıqlayıb.

Bunun üçün hərbçilər attestasiyadan uğurla keçməlidirlər. “Biz əmin olmaq istəyirik ki, dövlətin təhlükəsizliyini qorumaq məsuliyyətini çiyinlərinə həvalə etdiyimiz hərbçilər bu yükü öz çiyinlərində daşıya bilərlərmi”, - deyə siyasətçi yekunlaşdırıb. Düşmənin yeni ordu modeli bizim üçün nə qədər təhlükəlidir? Ermənistan ordusunda bu modeli tətbiq etmək mümkündürmü? Azərbaycanın tətbiq etdiyi ordu modeli-Türkiyə ordu modelidir. Ermənistanın keçmək istədiyi model Türkiyə ordu modelindən üstündür, yoxsa zəif?

Ermənistanla Rusiya arasında silah qalmaqalı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan müasir ordu modellərindən hər hansı birinə keçmək üçün yetərli resursu olmayan dövlətdir. 2020-ci ildəki 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun hava hücumundan müdafiə sistemlərinin demək olar 70-80 faizini tam şəkildə məhv edib: “Erməni ekspertlərin bildirdiyinə görə, bu müharibə zamanı Ermənistan ordusunun hərbi texnikalarının 82 faizi sıradan çıxarılıb. Bu, istənilən bir ordu üçün acınacaqlı vəziyyətə, resurslarının tükənməsi durumuna gəlməkdir. Ermənistan silahlı qüvvələri əsasən Rusiya silahlıları ilə təmin olunmuşdu, həmçinin SSRİ dövründən qalma silahlardan istifadə edirdilər. İndi əllərində qalan silahlar və hərbi texnikalar da əsasən Rusiya istehsalı olan və sovetlərdən qalan köhnə silahlardır. İsveçrə ordu modelinə bu silahlarla necə keçəcəkləri ciddi sual altındadır. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, Ermənistan hökumətinin ordunu İsveçrə ordu modelinə keçirmək istəməsi Ermənistanın insan resurslarının, şəxsi heyətin formalaşdırılması resurslarının az olmasından xəbər verir. İsveçrə ordu modelinə, orada əksini tapan müddətlərə diqqət etdikdə görürük ki, bu model heç də müharibə şəraitində olan ölkənin ordu modeli deyil, sanki simvolik ordudur. Deməli, Ermənistanın insan resursları o dərəcədə azdır ki, ordusunu həmin modelə keçirmək istəyir. Ermənistanın İsveçrə ordu modelinə keçməsi üçün öz ordusunu həmin modelin silah ştatı ilə təmin etməyə Ermənistan dövləti qadirdirmi? Əlbəttə, bugünkü maliyyə, iqtisadi resursları da buna qadir deyil. Ermənistanın hərbi büdcəsi İsveçrə ordu modelini tətbiq etməyə imkan vermir. İsveçrə ordusunun ştatında olan silahları həddən artıq bahadır. Ermənistanın o cür baha silahları alması çətin məsələdir”.

Ekspert vurğuladı ki, Ermənistan ordusunun İsveçrə ordusu modelinə keçidi qətiyyən bizi narahat etməməlidir. Çünki Azərbaycan Ordusunun keçdiyi Türkiyə ordu modeli dəfələrlə güclüdür: “Azərbaycan Ordusu artıq Türkiyə ordusu modelinə keçir. Proses kompleks olaraq aparılır və hələ tam başa çatmayıb. Türk ordusu modelinin ştatına uyğun silahlanma həyata keçməlidir. Yəni həmin silahlar Azərbaycanda olmalıdır. Ola bilər ki, şəxsi heyət artıq tam şəkildə türk ordusu modelinə keçib. Ancaq silahlanma məsələsi uzun prosesdir. Silahların alınması, təlimlərin keçirilməsi, hərbi qulluqçuların davranış vərdişinin artırılması vaxt aparır. Bunun üçün Azərbaycan Ordusu Türkiyə ordusu ilə birgə təlimlər keçirir. Hətta bu təlimlərə Gürcüstan ordusu da qoşulur. Çünki Gürcüstanda da türk hərbi təlimatçıları ordu quruculuğunda iştirak edirlər. Yəni bu məsələlərə biz sadə məsələlər kimi baxmalı deyilik.  Türkiyə ordusu NATO-nun ikinci ən güclü ordusudur. Azərbaycan Ordusu məhz bu cür güclü ordunun modelinə keçir. Türkiyənin quru qoşunları ABŞ-ın quru qoşunlarından sonra ikinci güclü ordudur. Azərbaycan Ordusu məhz belə bir ordu modelinə keçir. Ermənistan İsveçrə ordusu modelinə keçirsə, bu, bizə sərf edir.  İsveçrə ordusu modelinin tətbiq edildiyi ordunun döyüş hazırlığı, vərdişləri daim döyüş hazırlığı vəziyyətində olan hərbi hissələrin hərbi qulluqçularının hazırlığından və vədişindən güclü ola bilməz. Hətta bərabər də ola bilməz. İsveçrə modelində hərbi qulluqçuların əsasən vizual anlayışları olur, lakin praktiki vərdişləri, istifadə qabiliyyətləri çox zəifdir. İsveçrə ordusu heç zaman müharibə şəraitində olmayıb. Amma Türkiyə ordusu dünyanın bir çox ölkələrində, sərhədlərində saysız-hesabsız münaqişə ocaqlarında, əməliyyatlarda iştirak edib və bu gün də edir. Bütün bunlar Türkiyə ordusunu daim döyüş hazırlığı vəziyyətində saxlayıb, hər orduda olmayan vərdişlərə yiyələniblər. Azərbaycan Ordusu bax bu cür bir güclü ordunun modelinə keçir. Ermənistan ordusunun buna gəlib çatması mümkün deyil. İsveçrə ordusu döyüş qabiliyyətinə və vərdişlərinə görə Azərbaycan Ordusundan da zəifdir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR