İnsanlara hürriyət, millətlərə istiqlal!

İstirahət məkanlarında kütləvi zəhərlənmələr - nə baş verir?

1826 23.07.2022 15:55 Yaşam A A

“Harada qida varsa, orada nəzarət olmalıdır...”

Xəbər verildiyi kimi, deputat İqbal Məmmədovun sahibi olduğu “Relax” istirahət mərkəzində kütləvi zəhərlənmə baş verib. İyulun 19-u günorta saatlarında qohumlardan ibarət 13 nəfərlik qrup Lerikə istirahətə gedib. Onlar nahar etmək və əylənmək üçün “Relax” istirahət mərkəzini seçiblər. Nahardan sonra qrupdakıların səhhətində problem yaranıb. Özlərini pis hiss edən qrup üzvləri istirahətlərini yarımçıq qoyaraq şəhərə geri qayıtmaq qərarına gəliblər.

Onların vəziyyəti getdikcə pisləşdiyi üçün yaşadıqları ünvana uyğun olaraq Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Səhhətində problem yaranan 10 nəfərə zəhərlənmə diaqnozu qoyulub, onlara müalicə prosedurası tətbiq edilib. Ailələrdən birinin başçısı Emin Şirinov mediaya açıqlamasında bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəklər: “300 manat girişə, 350 manat isə yeməyə xərcimiz çıxıb. Görünür, bizə köhnə yeməklər veriblər. Ölümdən döndük”. Onun sözlərinə görə, zəhərlənənlər arasında azyaşlılar da olub. Srağagün isə Xaçmazda da kütləvi zəhərlənmə baş verib. Nabranda yerləşən “Məkan” istirahət mərkəzində yemək yeyən 10 nəfər xəstəxanalıq olub. İstirahət mərkəzlərində kütləvi zəhərlənmələrin səbəbi nədir?  İstirahət mərkəzlərinə nəzarət hansı səviyyədədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Qida Təhlükəsizlik Agentliyinin (AQTA) əsasnaməsinə diqqət yetirsək, görərik ki, həddən artıq böyük səlahiyyətləri öz üzərinə götürüblər. O əsasnamədə qoyulmuş hədəflərə çatmaq üçün gərək bu qurum çox iş görsün, fəal olsun. İctimaiyyətin də böyük köməyi olmalıdır. AQTA bütün sferanı əhatə etmədiyi şəraitdə zəhərlənmə halları baş verir. Həmin istirahət mərkəzlərində əlbəttə zəhərlənmə halları olacaq. İnsanların həmin məkanlarda zəhərlənmə faktı aşkar olunanda  dövlət məmurları, o cümlədən AQTA nəzarət etməli idi. Bu cür məkanlar, o cümlədən şadlıq evləri, bir gündən qalmış qidaları saxlayıb, o biri növbələrə ötürürlər. Belə vəziyyətdə, ictimai nəzarətin zəif olduğu şəraitdə, azad istehlakçıların pis işlədiyi bir şəraitdə belə hallar olacaq. Əhaliyə çağırış edirəm, hansısa məhsuldan şübhələnirsinizsə, onu istehlak etməyin. ”1003" qaynar xətti ilə AQTA-ya məlumat verin.

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov

Mən Azad İstehlakçılar Birliyinin sədri olaraq 23 rayonda olan rayon nümayəndələrimizi də qınayıram. Mən də daxil olmaqla, hamımız çox pis işləyirik. Çünki AQTA-ya lazımi köməkliyi göstərə bilmirik. AQTA cəmiyyətlə fəal işləməlidir. Cəmiyyətin rəğbətini qazanmalıdır. Gecələr o cür müəssisələr soyuducuları söndürürlər. Böyük marketlərdə də səhər gedirsən ki, pis qoxu gəlir. O deməkdir ki, gecələr soyuducuları söndürürlər. Mən dəfələrlə məsələ qaldırmışam ki, heç bir təmənna olmadan gəlin dükanlarda soyuducuların hansı rejimdə işlədiyini yoxlayaq. Lakin AQTA məsələnin üzərinə getməyib. Halbuki “hə” cavabı verirlər".

1122üüıiilləənnrasıg.jpg (40 KB)

Ağa Salamov

Qida texnoloqu Ağa Salamov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Görünən odur ki, mikrobioloji çirklənmədən zəhərlənmə halları baş verib. Yaxud bu, kimyəvi zəhərlənmədən də ola bilər. Kimyəvi zəhərlənmə nədir? Məsələn, satışda nitrat səviyyəsi çox olan qarpızlar var. Bu qarpızları əkəndə o qədər pestisidlər vurulur, çox məhsul götürmək üçün normadan artıq müəyyən kimyəvi maddələrdən istifadə olunur. Təbii ki, hava istidir, insanlar qarpıza daha çox üstünlük verir. Bir zəhərlənmə halları bundan olur. Tək qarpızda deyil, soğanda, kartofda, digər tərəvəzlərdə də nitrat çoxdur. Amma mikrobioloji çirklənmədən də bioloji zəhərlənmə baş verir ki, bu da qida məhsullarının ictimai iaşə müəssisələrinə girişi kortəbii şəkildə həyata keçirilir. Bu məhsulun mənşəyi bilinmir. Yaxud qida zəncirində qırılma baş verib. O hansı maşında daşınıb, neçə saat Günəşin altında açıq havada o ərzaqlar qalıb. Otaqda nə qədər qalıb, soyuducuya yerləşdrilibmi ya yox?! Bunlar hamısı sual altındadır. İndi restoran, istirahət mərkəzlərinin 90 faizində səriştəsiz aşpazlar işləyir. Onların heç bir diplomu yoxdur. Qida məhsulları ilə davranış qaydalarını bilmirlər. Ət doğradıqları taxtada tərəvəz də doğrayırlar. Ət doğradıqları taxtada balıq da doğrayırlar. Bunların bakteriyaları tamamilə fərqlidir. Çarpaz çirklənmə nəticəsində insanlar zəhərlənə bilər. Çox təəssüf ki, onların üzərində nəzarət çox azdır. Aidiyyəti orqanlar ictimai iaşə müəssisələrini başlı-başına buraxıb.

Yay gələndən nə qədər zəhərlənmə halı baş verir. Zülal tərkibli riskli qidalar var, toyuq, ət, balıq, süd məhsulları otaq temperaturunda çox qala bilməz. Eyni zamanda şorbaların tərkibində ət, toyuq, balıq var, bunlar soyudulub, sonra soyuducuya qoyulmalıdır. İsidilmə prosesi də düzgün olmalıdır. Hər bir ictimai iaşə müəssisəsində bir mütəxəssis olmalı, nəzarət etməlidir. Məsələn, toyuq ən riskli qidadır. Salmonella bakteriyasından zəngin olan ətdir. Hava keçirməyən salafanlara doldururlar, maşınlara qoyurlar, orada boğulur, gətirilir ictimai iaşə müəssisəsinə, saatlarla saxlayırlar, zəhərlənmə də belə baş verir. Harada qida varsa, orada nəzarət olmalıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR