İnsanlara hürriyət, millətlərə istiqlal!

İstilər Avropanın nəfəsini kəsir – morqlarda yer yoxdur

614 29.06.2026 14:53 Dünya A A

Avropa son onilliklərin ən ağır istilik dalğalarından birini yaşayır. Bir neçə gündür davam edən ekstremal hava şəraiti artıq təkcə temperatur rekordlarını deyil, ölüm statistikasını da yeniləyir.

Musavat.com xəbər verir ki, bu gün, iyunun 29-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaydığı xəbərdarlıqda qeyd olunur ki, iyunun sonundan bəri müşahidə olunan görünməmiş istilər nəticəsində qitədə 1300-dən çox insan həyatını itirib.

Mütəxəssislər isə hesab edirlər ki, bu rəqəm hələ yekun deyil. ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, istilik stressi "səssiz qatil" olaraq qalır.

Onun sözlərinə görə, Avropanın yaşayış binaları, məktəbləri, iş yerləri və şəhər infrastrukturu belə yüksək temperaturlara uyğun layihələndirilməyib.

Bu il iyunun 21-dən etibarən başlayan isti hava dalğası Almaniya, Polşa, Çexiya, Fransa və digər ölkələrdə ard-arda rekordların qırılması ilə müşayiət olunur. Alimlər artıq bunu təsadüfi meteoroloji hadisə deyil, iqlim dəyişikliyinin birbaşa nəticəsi kimi qiymətləndirirlər.
Bazar günü Almaniyanın şərqində yerləşən Koşen meteoroloji stansiyasında temperatur 41,7 dərəcəyə çatıb. Bu göstərici ölkədə son günlərin ən yüksək temperaturu hesab edilir.


Avropada rekord istilər - Yüzlərlə ölən var

İnsanlar Berlin küçələrində fəvvarələrə axışır, parklar və kölgəlik ərazilər minlərlə insanın sığınacağına çevrilib. Bir çox bölgələrdə səhiyyə xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Praqanın şimalında yerləşən Doksany şəhərində iki gün ardıcıl olaraq tarixi temperatur rekordu qeydə alınıb. Burada hava 41,1 dərəcəyədək yüksəlib. Polşada isə Almaniya sərhədində yerləşən Slubice şəhəri tarixində ilk dəfə 40,5 dərəcə temperatur qeydə alıb. Meteoroloqlar bildirirlər ki, isti hava dalğası yaxın saatlarda güclü tufanlarla əvəz oluna bilər. Fransa Səhiyyə Nazirliyinin açıqladığı ilkin statistikaya görə, çərşənbə günündən bəri ölkədə gözlənilən göstəricidən təxminən 1000 nəfər artıq dünyasını dəyişib. Ən narahatedici məqam isə odur ki, ev şəraitində baş verən ölümlərin sayı 40 faiz artıb. Ölənlərin böyük əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Mütəxəssislər bildirirlər ki, yaşlı insanların orqanizmi uzunmüddətli yüksək temperaturu daha ağır keçirir və istilik vurması, ürək-damar problemləri, susuzlaşma ölüm riskini əhəmiyyətli dərəcədə artırır.

İsti hava insanları çaylara, göllərə və nəzarətsiz su hövzələrinə üz tutmağa məcbur edir. Bunun nəticəsində Fransada isti hava dalğasının başladığı vaxtdan indiyədək azı 74 nəfər boğularaq ölüb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, faciələrin böyük hissəsi nəzarət olunmayan çimərliklərdə baş verib.

Ekstremal istilər Avropada gündəlik həyatın ritmini də dəyişdirib. Hollandiyada keçiriləcək məşhur Defqon-1 musiqi festivalı tarixdə ilk dəfə qırmızı kod xəbərdarlığı səbəbindən tamamilə ləğv olunub. Parisdə şəhər rəhbərliyi açıq havada alkoqollu içkilərin istifadəsini qadağan edib. Eyni zamanda, təcili tibbi yardım sisteminə əlavə yük düşməməsi üçün planlaşdırılan bir sıra kütləvi tədbirlər də təxirə salınıb.


İstilər Avropanı yandırır - ÜST xəbərdarlıq etdi... - Baki-Xeber.com

ÜST rəhbəri bildirir ki, Avropa Yer kürəsində ən sürətlə istiləşən qitəyə çevrilib. Onun sözlərinə görə, qitədə istiləşmə tempi qlobal orta göstəricidən təxminən iki dəfə yüksəkdir. Bir neçə il əvvəl hər nəsilin bir dəfə gördüyü istilik dalğaları artıq demək olar ki, hər yay təkrarlanır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yaxın illərdə Avropada rekord temperatur artıq istisna deyil, norma ola bilər.

Meteoroloqlar rekord istilərin əsas səbəbini istilik günbəzi adlanan atmosfer hadisəsi ilə izah edirlər. Bu zaman atmosferdə yüksək təzyiq sahəsi yaranır və hava aşağıya doğru hərəkət etdikcə daha da sıxılır və qızır. Eyni zamanda hava quruyur, buludların əmələ gəlməsi çətinləşir və Günəş şüaları torpağı fasiləsiz qızdırmağa davam edir. Nəticədə temperatur bir neçə gün ərzində ardıcıl şəkildə rekord həddə çatır.


Avropanı cənginə alan istilər: Macarıstanda ekstremal isti hava şəraiti elan edildi

İqlim alimlərinin fikrincə, Avropada yaşananlar artıq müvəqqəti meteoroloji anomaliya deyil. İqlim dəyişikliyi tədricən insanların yaşayış tərzini, şəhərlərin planlaşdırılmasını, səhiyyə sistemini və enerji təhlükəsizliyini yenidən formalaşdırır. Bir neçə gün davam edən isti hava dalğası göstərdi ki, XXI əsrdə iqlim böhranı artıq gələcəyin deyil, bu günün problemidir. Əgər qlobal istiləşmənin qarşısının alınması istiqamətində ciddi addımlar atılmasa, rekord istilər və onlarla bağlı ölüm halları Avropanın hər yay üzləşəcəyi acı reallığa çevrilə bilər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR