İnsanlara hürriyət, millətlərə istiqlal!

İşdə əsas instinkt macərası

1745 17.08.2022 11:42 Yazarlar A A

45 il əvvəl, yəni 1977-ci ildə rejissor Eldar Ryazanov “İşdə məhəbbət macərası” filmini çəkib tamaşaçıların ixtiyarına verəndə “Zita və Gita” hind filmi qalmışdı qıraqda, sovet zəhmətkeşləri yerli ekran əsərinə böyük maraq göstərmişdi.

Bu, ona görə beləydi ki, sovet dövləti başdan-başa əmək kollektivlərindən ibarət idi və insanlar iş yerlərində çoxlu məhəbbət macəraları yaşayırdılar, sevib-sevilirdilər, axırda da tam əksəriyyəti ailə qurub xoşbəxt olurdu. Yəni sovet xoşbəxtliyi.

Şübhəsiz ki, heç də hər şey filmdəki kimi sosializm realzmi və lirik-sentimental planda deyildi, nikahdankənar məhəbbət macəraları da olurdu – rəislər, direktorlar, müdirlər dinc durmurdular. Hər şey qarşılıqlı razılaşma yoluyla olduğundan belə macəraların üstü hələm-hələm açılmırdı. Həm də o vaxt indiki kimi deyildi, nəinki videokamera, heç adi fotoaparat da kəşfiyyatçılardan, studiya fotoqraflarından və bir-iki həvəskar şəkilçəkəndən başqa heç kəsdə yox idi.

Əgər hansısa zəhmətkeşin nikahdankənar eşq macərası aşkarlansaydı, yəni məlum olsaydı ki, yaramaz gedib bir arvad da saxlayır, onun başına it oyunu açardılar, məsələsini yoldaşlıq məhkəməsinə çıxarar, üstünə “məişət pozğunu” adı qoyar, işdən qovar, şiddətli töhmət verər, hətta bir az yiyəsizdirsə, “ikiarvadlılığa görə” cinayət məsuliyyətinə cəlb edərdilər.

Belə işlər vardı. Ona görə də işdə lotuluq macərası yaşayanlar çalışardılar ki, bu işi gizli tutsunlar, iş yerində farağat dursunlar (təbii ki, istisnalar da vardı). Yoxsa indiki kimi qapının dalını kilidləyib bir-birinin poqonlu köynəyi çıxarmaq adəti yox idi. (Bəlkə elə şeylər də olub, amma videosu olmayandan sonra “olmayıb” sayılır).

Bu baxımdan nazirliklərin birində baş vermiş və haqlı yerə xalqın dilinə-dişinə düşmüş məhrəm-intim-amur hadisənin videogörüntülərinin ortalığı qarışdırması təbiidir.

Şən və yumorsevər xalqımız məsələyə pozitiv prizmadan baxır, zarafata salır, lağlağı edir, söz qoşur, məşhur filmdən tanıdığımız Qılınc Qurban kimi etmir, Sayalının evində tutulmuş kolxoz sədri Cəbrayıla nervilənib demir ki, bu adam ağzıbirə tikanlıqla ayaqyalın aparılmalıdır.

Düzdür, az-az “bu, seksual qısnamadır”, “bu, şantaj məqsədilə çəkilmiş videodur”, “bu vəzifəsindən sui-istifadə edərək partnyorunu cinsi əlaqəyə vadar etməkdir” kimi ciddi və düzgün cümlələrlə çıxış edənlər də var, amma əksəriyyət, həmişə olduğu kimi, “bacarana baş qurban”, “kişinin başına iş gələr” ritorikasına üstünlük verir.

Ortada isə, deyəsən, əsgər ailəsinə sataşmaq haqq-hesabı da var. Deyilənə görə, videoda üzü görünən qadının əri də həmin strukturda poqon daşıyır.

Nəysə, burasını keçək. Əsas məsələ odur ki, o boyda vəzifənin və rütbənin yiyəsi öz-özünü niyə ifşa edib, öz məhrəm yaşantılarını nəyə görə əbədiləşdirmək qərarına gəlib? Kişi, sən Antonio Banderassan, Maykl Duqlassan, Tom Kruzsan, kimsən ki, erotik epizoda çəkilirsən və səninlə hansısa səbəbdən partnyor olmuş qadını özünə demədən Ancelina Coli, Şaron Stoun, Nikol Kidman yerinə qoyursan? Səndəki əsas instinkt budurmu, ay evi tikilmiş?

Yeri getməmişkən, deyim ki, gəncliyində filmlərdə açıq-saçıq epizodlarda çəkilmiş aktyor və aktrisaların bir xeylisi yaşlaşanda bu hərəkətlərinə görə peşman olublar və nəvələrinə öz filmlərini göstərərək, “görürsən, baban nağarır” və ya “baxın, nənəniz gənc vaxtı necə canalıcı dilbər olub” deyə fəxr etmirlər. Bəziləri hətta deyib ki, əslində ordakı mən deyiləm, yerimə dublyor çəkilib.

Amma gör, bu nə edir, öz əlilə kameranı quraşdırır ki, öz “şücaət”ini çəksin və 8 ildən sonra həm özü ifşa olunsun, həm qadınları rüsvay eləsin, taleyini qara gətirsin.

Bəs bu videokadrlar necə yayılıb? Güman ki, burada “dost əli” var. Polkovnik bu kadrları kimlərə göstərib qürrələnibsə, onlardan biri ona xəyanət edib, videonu endirib saxlayıb ki, vaxt gələr, bununla bəzi adamları öz postundan endirmək olar.

Ya da başqa cür olub, hələ bilinmir. Fəqət bu şəxsi həyat, intim əlaqələr məsələsi deyil, dərinə getsək, dövlət strukturlarını etibarsızlaşdıran aktdır. İctimailəşmiş bu videoya görə öz xanımlarını, bacılarını, qızlarını işdən çıxardıb evdə oturdan kişilərin sayı artmayacaqmı?

Əlbəttə, belə hadisələr yüzdə, mində birdir. Könlü samanlıqda olmayanı heç kəs belə hərəkətlərə vadar edə bilməz. Amma yenə də bir axsaq dananın bütöv naxırın adını korlamasına dair atalar məsəli var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR