İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamları təhsilə niyə vəsait ayırmır?

1666 21.09.2022 08:20 Təhsil A A

Ekspert: “Nəyə görə bir araya gəlib özəl təhsil fondu yaratmasınlar?”

Tədris ili ərzində, bəzən tədris ili başlamadan öncə tələbələrin təhsil haqqını ödəyə bilməməsi, buna görə də maddi yardımların toplanması ilə bağlı müraciətlərə rast gəlinir. Elm və Təhsil Nazirliyinin son açıqlamasına görə,  bu il universitetlərə qəbul olunan 2 355 nəfər son anda tələbə adından imtina edib. İmtina edənlər əsasən ixtisas sayı çox, keçid balı az olan birinci qrupda olanlardır.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, əksər ölkələrdə Özəl Təhsil Fondu var: “Fərqli biznes strukturları, imkanlı şəxslər, təhsil sahəsində nailiyyətləri, eyni zamanda geridönüşləri hesablayırlar. Nə qədər çox təhsilli gənc olsa, əmək bazarında işçi qüvvəsi ilə təminat olacaq. Buna görə də özəl təhsil fondlarının yaradılmasına diqqət edirlər. Bu fondlar təqaüd verirlər. Hətta nəinki öz dövlətinin ərazisində olan, əcnəbi tələbələrə də bu fondlardan yararlanmağa şərait yaradılır ki, bu da gələcəkdə siyasi münasibətlərin tənzimlənməsində az rol oynamır.  Azərbaycanda isə gözlənti yalnız dövlətdəndir. Xaricdə təhsil imkanı yaradan proqramımız var. Digər tərəfdən, tələbələr kredit götürə bilərlər, lakin bu krediti ödəmək lazımdır. Təhsil kreditlərində olduğu kimi, təqaüd proqramlarında da müəyyən göstəricilərə diqqət edilir. Təqaüd proqramları təhsilə yatırım məqsədi daşıyır ki, sonra da o yatırımdan faydalanmaq olar. Dünyada belə modellər çoxdur: əyalətlərdə yaşayan qızların təhsilə cəlb edilməsi;  xüsusi sosial qrupdan olan insanların təhsilinə yardım üçün fəaliyyət göstərən fondlar var. Azərbaycanda da belə yardımlar edilir, sadəcə, model formasına salınsa, yaxşı olar. Bu yaxınlarda eşitdiyim bir nümunəni də qeyd edim. Xırdalan ərazisində yerləşən zavodlardan biri hazırlıq kursu təşkil edib ki, əhatədə yaşayan uşaqlar universitetə hazırlaşa bilsinlər. Uşaqlar bu kursa pul ödəmirlər. Bu, Korporativ Sosial Məsuliyyət modelidir”.

Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam” – Günel Səfərova -  AzToday

 Günel Səfərova 

G.Səfərova bölgələrdə yuxarı siniflərdə (red: 9 illik təhsil məcburidir) qızların davamiyyət məsələsinə də diqqət çəkdi: “Türkiyədə təhsil icbari olmadığına görə qızların təhsildən yayınması halları çoxdur. Əksər hallarda valideynlər qızlara məişətdə, yaxud təsərrüfatda ehtiyac olmasını səbəb göstərirlər. Maddi olaraq qarşılanacaq durumlarda fondlar ailələrə müəyyən məbləğ ödəməklə qızların təhsilinə dəstək olurlar. Azərbaycanda təhsilinə davam etmək istəyən, lakin valideynlərin təzyiqi ilə bundan məhrum olan qızlar çoxdur. Valideyni məsuliyyətə cəlb etmək, yanaşmanı dəyişmək hələ ki mümkün olmadığına görə  sistemdə dəyişiklik etmək lazımdır. Fərdi yardımlar müəyyən qədər faydalı olsa da, imkanlar, resurslar yetərli deyil. Niyə özəl sektor bu prosesdə iştirak etməsin? Niyə icmalar bu prosesdən kənarda qalmalıdır? İstər dünyada, istərsə də Azərbaycanda təhsilə dəstək olmaq istəyən şəxslər çoxdur. Nəyə görə bir araya gəlib özəl təhsil fondu yaratmasınlar? Mütəxəssis olmaq istəyən gənclərə dəstək olduğumuzu sübut etməliyik”.

Bu cür uşaqlar məktəbə gəlir və heç kim onlara güldən ağır söz deyə bilməz"

İlqar Orucov 

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, təhsil eksperti, İlqar Orucov hesab edir ki, 2 mindən çox gəncin təhsil haqqında görə təhsildən imtinası faktını nəzər almaqla, özəl təhsil fondlarının yaradılmasına ehtiyac var: “Dövlət bu istiqamətdə nümunəvi addımlar atıb, Təhsil Tələbə Kredit Fondu yaradılıb. İki növ kredit verilsə də, bu fonddan yararlana bilməyənlər də kifayət qədərdir. Xarici təcrübəyə nəzər salsaq, görərik ki, özəl təhsil fondları imkanlı şəxslərin ianələri hesabına formalaşır. Həmin fondların yataqxanaları olur ki, tələbələr pulsuz, yaxud güzəştli şərtlərlə qala bilirlər. Belə nümunələr çoxdur. Alternativlər olmadıqda yük dövlətin üzərinə düşür. Düşünürəm ki, iş adamları bu məsələdə yaxşı nümunələr ortaya qoya bilərlər. İmkanlı şəxslər gəlirin cüzi hissəsini belə təhsilə yatırım etsələr,  hər iki tərəf üçün faydalı olar”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR