İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın yeni şantajı - bu dəfə Metsamor AES-lə...

796 14.07.2023 08:13 Siyasət A A

Ermənistan bölgənin təhlükəsizliyini təhdid edən daha bir “saatlı bomba”nın alverinə başlayıb; politoloq: “Qriqoryanın fikirlərini növbəti blef kimi dəyərləndirmək daha doğru olar”

“Rusiyanın Ermənistana müqavilə əsasında silah və sursat verməməsi Ermənistan-Rusiya münasibətlərinin gündəmində qalmaqda davam edir, lakin bu yaxınlarda Minskdə Təhlükəsizlik Şurası katiblərinin Rusiya tərəfi ilə görüşündə bu məsələ müzakirə olunmayıb”.

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib. Onun fikrincə, həllini tapmaq üçün bütün problemlər açıq və sakit şəkildə tərəfdaşlarla müzakirə edilməlidir. Təhlükəsizlik Şurasının katibi bu problemlərin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini qeyd edib və onların həll olunacağına ümid etdiyini bildirib. “İrəvan Rusiya və ABŞ-ın nüvə təkliflərini bu ölkələr arasında münaqişə kontekstində nəzərdən keçirmir, Ermənistanın maraqları və imkanları baxımından müzakirə edir”, - Qriqoryan əlavə edib. O, yekun qərarın bu prinsiplər əsasında veriləcəyinə əminliyini ifadə edib. Qriqoryan bildirib ki, ABŞ və Rusiyadan başqa, Ermənistan nüvə enerjisi sahəsində Cənubi Koreya və Fransadan təkliflər alıb. “Bu, müxtəlif ölkələrlə əməkdaşlığımızın genişləndirilməsi kontekstində çox yaxşı fürsətdir. İrəvanda yeni AES-in tikintisi və ya mövcud stansiyanın modernləşdirilməsi ilə bağlı yekun qərarın qəbulu üçün müzakirələr davam edir”, - katib söyləyib.

Yada salaq ki, Qriqoryan bir neçə gündür ABŞ-da səfərdədir. Onun Amerikanın bir sıra rəhbər şəxsləri ilə görüşləri baş tutub. O, Pentaqon rəhbərinin köməkçisinin müavini Laura Kuperlə görüşüb. Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ təhsil proqramlarının həyata keçirilməsi, Ermənistan ordusunda islahatlar prosesi və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın digər məsələləri müzakirə edilib.

Qriqoryanın konkretləşdirmədən danışdığı nüvə əməkdaşlığı mövzusu Metsamor AES-lə bağlıdır. Ermənistan Rusiyanın “enerji kölələliyindən” qurtulmaq üçün SSRİ zamanı tikilmiş Metsamor AES-dən Amerikanın xeyrinə imtina etməyi düşünür. Metsamor AES-ə hazırda Rusiyanın "Rosatom" şirkəti xidmət göstərir. Stansiya Ermənistanı bütün elektrik enerjisinin təxminən 40%-i ilə təmin edir. Amerika hökuməti may ayında Konqresdə bununla bağlı dinləmələr də keçirib. ABŞ bir sıra ölkələrdə, o cümlədən Ermənistanda Amerika texnologiyasından istifadə etməklə kiçik modul nüvə reaktorları texnologiyasının quraşdırılmasını təbliğ edir. Bu isə İrəvanın həm Rusiya, həm də Çindən enerji asılılığından xilas olmaqla nəticələnə bilər. Bildirilir ki, ABŞ-ın bu niyyəti təkcə texnoloji deyil, həm də regionda siyasi məqsədlər güdür. Qriqoryanın bu kontekstdə açıqlaması bir növ həm də Rusiyaya yönəlik növbəti şantajdır. Göründüyü kimi, Oxçuçayı zəhərləyən, onsuz da acınacaqlı durumda olan Arazı tamamilə məhv etməkdən ötrü Arazdəyəndə metallurgiya zavodunun inşasına başlayan Ermənistan növbəti “saatlı bomba”nın alverinə start verib. Ekspertlərin fikirləri necədir, İrəvanın şantajı keçəcəkmi? Bakı Ermənistanın planlarının qarşılığında nələri edə bilər?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, burada bir neçə fərqli məsələ var: “Birincisi, Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiya dövlət və ya kommersiya şirkətlərinin idarəçiliyindədir. O cümlədən nəqliyyat və enerji sektorunun əsas hissəsi. Ermənistanın yaxın vaxtlarda Rusiyanın bu asılılığından çıxacağı real görünmür. Əlbəttə, Ermənistanın hazırda Rusiyanın ”Rosatom" dövlət şirkəti tərəfindən xidmət göstərilən könə Metsamor AES-in modernləşdirmək üçün başqa ölkə şirkətlərinə həvalə etməsi real görünmür. Bu, sovet texnologiyası əsasında tikilmiş və istismar müddəti demək olar bitmiş bir stansiyadır. Yeri gəlmişkən, bu stansiya regionun ekoloji vəziyyətinə təhdidlər yaratmaqdadır. Onu modernləşdirmək çətindir və bunu ancaq Rusiya qismən həyata keçirə bilər".

Sahib Məmmədov: “QHT Şurasının vəzifəsi yalnız maliyyə yardımı vermək  deyil” - 22.04.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

S.Məmmədov hesab edir ki, Ermənistanın yeni atom elektrik stansiyasının tikilməsi üçün danışıqlar aparması, o cümlədən nisbətən kiçik həcmli AES-lərlə bağlı danışıqlar aparmasının həm iqtisadi, həm də siyasi səbəbləri ola bilər: “İqtisadi səbəblər, alternativlər axtarmaqla daha sərfəli qiymətə yeni AES-lərin tikintisinə nail olmaq mümkündür. Siyasi səbəblər isə Rusiyadan istədiklərini ala bilməyən Ermənistanın növbəti demarşı və ya Rusiyanı şantaj etməsi ola bilər. Hər iki halda Ermənistan üçün belə layihələri Rusiyanın iştirakı olmadan həyata keçirməsi indiki halda çətin görünür. Amma istisna deyil ki, Qərbin Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istiqamətindəki planları çərçivəsində nəsə növbəti addımlar reallaşsın. İstənilən halda Ermənistanda hətta nüvə enerjisindən dinc məqsədlər üçün istifadə imkanlarının genişlənməsi həm Azərbaycan, həm də digər region ölkələri üçün ciddi təhdidlər yaradır”.

Bununla bağlı STM əməkdaşı önəmli məqamlara diqqət çəkdi: “İlk növbədə Ermənistan ərazisi aktiv seysmik zonadır. İkincisi, Ermənistan məsuliyyətsiz və həm də faktiki terror dövlətidir və ayrı-ayrı erməni xadimləri nüvə tullantılarından "çirkli bombalar" hazırlanması ilə bağlı hədələyici bəyanatlar veriblər. Bu baxımdan, ümumiyyətlə, atom enerjisindən istifadə sahəsində Ermənistanın yeni planlar həyata keçirməsi region üçün təhdidlər yaradır".

“Əslində bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın Rusiya və ABŞ-ın nüvə təkliflərini İrəvanın maraqları və imkanları baxımından müzakirə etdiyini vurğulaması, bu məsələnin mahiyyətinə müəyyən qədər aydınlıq gətirir. Təbii ki, Qriqoryan, "həqiqətin" müəyyən bir hissəsini ifadə edib".

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli qəzetimizə söylədi. Maraqlı araşdırma məlumatlarını təqdim edən analitik bildirdi ki, məsələyə yanaşma bir qədər fərqli olmalıdır: “Yəni ABŞ və Rusiya rəqib qütblər olsalar da, Ermənistanla bağlı bəzi məsələlərdə ortaq məxrəcə gələ bilir, yaxud həmin məsələlərin üzərindən keçirlər. Rusiya üçün keçilməz sayılan müəyyən "qırmızı xətlərə" kimi Ermənistana hər zaman manevr imkanları tanınıb, bundan sonra da prosesin belə davam edə biləcəyi ehtimalı az deyil. Bununla yanaşı, unutmaq lazım deyil ki, əsasən Rusiya, qismən isə İran Ermənistanın enerji sektorunda aparıcı mövqeyə malikdirlər. Rusiya ilə ümumi sərhədlərinin olmaması səbəbindən Ermənistanın enerjipaylama sistemi İran sistemi ilə sinxron - paralel - rejimdə işləyir. Çinə gəldikdə isə Ermənistanın bu ölkədən enerji asılılığı olmadığı üçün ABŞ-ın bu “asılılığa” son qoyması üçün hansısa addımlar atmasına ehtiyac da qalmır". Ermənistanın nüvə enerjisi sahəsində Fransadan təklif aldığına gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, bunun da indiki məqamda real olmadığını düşünür: “Doğrudur, Fransa atom elektrik stansiyalarının sayına görə, dünyada ilk sırada dayanır. Ölkədə 19 AES fəaliyyət göstərir və Fransanın elektrik enerjisinə olan ehtiyacının 70%-ni bu stansiyalar təmin edir. Şübhəsiz ki, belə bir enerji strukturunu saxlamaq üçün AES-lərin fasiləsiz uranla təmin edilməsi lazımdır. Fransanın uran ehtiyatları 2003-cü ilin əvvəlində tamamilə tükənib. Hazırda Fransanın enerji balansının təxminən  3/4 hissəsi  Afrika uranından asılıdır. Afrika isə qapılarını Fransanın üzərinə bağlayır. Fransa qoşunlarının və şirkətlərinin böyük uran ehtiyatlarına malik Malidən qovulmasından sonra rəsmi Paris alternativlər axtarışındadır. Afrikanın digər ölkələri, o cümlədən uran ehtiyatları ilə zəngin olan Niger də artıq Fransaya bazar qiymətlərindən aşağı uran satmaq niyyətində olmadığını bəyan edib. Bu səbəbdən də Parisin İrəvana nüvə yanacağı ilə kömək edə biləcəyini düşünmürəm”. Siyasi şərhçi qeyd etdi ki, Dünya Nüvə Assosiasiyasının açıqladığı göstəricilərə görə, dünyada uran istehsalına görə lider 45%-lə Qazaxıstandır: “İlk onluqda Özbəkistan və Rusiya da var. Göründüyü kimi, Ermənistan üçün Avrasiya İqtisadi İttifaqına və MDB-yə üzv olan ölkələrdən uran alması daha əlverişlidir, nəinki uran istehsalında 0,1%-lə 15-ci sırada dayanan ABŞ-dan. Qərb blokuna daxil olan ölkələr isə öz ehtiyaclarını belə ödəyə bilmirlər. Bu baxımdan, Qriqoryanın fikirlərini şantaj kimi yox, Ermənistanın növbəti blefi kimi dəyərləndirmək daha doğru olardı”.

Sonda qeyd edək ki, Metsamor təkcə Azərbaycanı təhdid edən “bomba” deyil, həm də regionun təhlükəsizliyi üçün böyük təhlükədir. Odur ki, region ölkələri bir yerdə etiraz səslərini ucaltmalıdırlar...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR