İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandakı mitinqlərə yön verən Azərbaycan agentinin salamları - VİDEO

4797 19.05.2022 20:00 Gündəm A A

Reallıq, yoxsa informasiya müharibəsi?

Erməni teleqram kanalları Bakıdan olduğu iddia edilən kadrlar nümayiş etdirərək, guya onların Azərbaycan paytaxtında adamlarının olması barədə xəbərlər yayırlar. Buna cavab olaraq Azərbaycanın caliber.az teleqram kanalı İrəvandan, müxalifətin mitinqindən xüsusi video-parça yayaraq,  mitinqçilərin arasında “adamlarımızın” olmasını nümayiş etdirib. Açığını qeyd edək ki, erməni  mənbələrinin yaydıqları görüntülər o qədər də aydın və inandırıcı deyil. Lakin caliber.az-ın yaydığı görüntülər birbaşa təsdiq və sübut mahiyyətlidir.

Bütün bunların anlamı nədir? Bu, informasiya savaşının bir elementidir, yoxsa, “cəsus oyunları”? Bakıda erməni kanalları üçün video çəkən varsa, bunun şəhərin təhlükəsizliyinə hansı dərəcədə təsiri vardır? Onların həqiqiliyini müəyyən etmək mümkündürmü? Eləcə də, Ermənistan paytaxtında “bizim adamlarımızın” olması və müxalifətin mitinqinə yön verməsi iddiası nə dərəcədə lazımlı və uğurlu piardır?

İlham İsmayıl: "RUSİYA AZƏRBAYCANIN YANINDA OLMAYACAQ" - MÜSAHİBƏ

İlham İsmayıl 

Musavat.com-a bu barədə danışan təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, bu, daha çox informasiya savaşına bənzəyir: "Bu cür məlumatlar adatən, qarşı tərəfə psixoloji təsirdir. Müharibədən öncə və sonra da caliber.az  belə bir video  yaymışdı. Üçüncü bir ölkə vətəndaşının göndərilməsində problem yoxdur. Sabah Azərbaycan dilini yaxşı bilən erməni Gürcüstan pasportu ilə Bakıya girib-çıxa bilər. Eyni zamanda, bunun əksi də mümkündür. Yəni biz də bu üsuldan istifadə edə bilərik. Həqiqi sənəd düzəltmək nə bizim, nə də onlar üçün problem deyil. Ancaq bunu nə məqsədlə edirlər? Casus oyunu olsa, bu cür açıq-aşkar iş görməzlər. Çünki casusların məxfiliyi sona qədər gözlənilir. Ona görə də bu, informasiya, hərdən dezinformasiya savaşına oxşayır”.

İlham İsmayıl onların terror təhlükəsi ehtimalından da danışıb: “Bu şəxslərin Azərbaycanda terror törətməsi olduqca çətindir. Eləcə də bizim üçün də orada terror çətin işdir. Sadəcə, buna cəhd etmək mümkündür. Terror üçün mütləq silah lazımdır. Bunun üçün də gərək öncədən şəbəkə yaradılsın. Ən çətini adamın ölkəyə girməsi yox, terrorun hansısa formada mümkünlüyüdür. Radikal dindarlar deyirdilər ki, partlayıcı tapmırsansa, bıçaq götür, kimisə öldür. Yaxud da çağırış edirdilər ki, insanların üstünə maşın sürün. Bu cür çağırış bir zamanlar Azərbaycanla bağlı da edilmişdi.  Zamanında DTX qarşısını almışdı. Ermənistan isə indi buna cəsarət  edə bilməz. Çünki Azərbaycan onun cavabını çox ciddi şəkildə vermiş olar”.

Üzeyir Cəfərov Azərbaycan Ordusunda polkovnik rütbəsində zabit kimi xidmət  edəcək - Günün Səsi

 Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, ermənilər hədsiz dərəcədə çox yalan yaymaqla məşğuldur: “Bir ara yayırdılar ki, azərbaycanlılar İrəvanda dolaşır, mahnı oxuyurlar. Sonradan məlum oldu ki, bu, yalan məlumatdır. Bu gün onsuz da Ermənistan qaynayır. Bizim orada proseslərdə hansı rolumuz ola bilər? Ermənistanın qaynaması bizim xeyrimizədir. Eyni zamanda, Azərbaycanın da müvafiq qurumları var ki, bu işin üzərində işləyirlər. Biz heç zaman gizlətməmişik ki, orada hansısa işləri həyata keçiririk. Bu cür kəşfiyyat işləri dünyada qəbul edilmiş qaydadır. Bundan qeyri-adi nə isə düzəltməyə dəyməz.  İnformasiya müharibəsi elədir ki, ondan düzgün istifadə etdikdə uğurlu nəticə əldə olunur. Ancaq bunu da elə etmək lazımdır ki, həqiqətə uyğun olsun. İnformasiya müharibəsi real müharibədən də təhlükəlidir. Bunun mahiyyətini anlayan böyük dövlətlər bu işə ciddi pullar xərcləyiblər. Bəziləri isə buna qeyri-ciddi yanaşırlar. İnformasiya müharibəsində elə bir ajiotaj yaratmaq mümkündür ki, böyük bir yaşayış ərazisi bir neçə saatın içərisində boş qalar, insanlar qaçıb gedər. 21-ci əsrdə isə bu daha çətin və mürəkkəbdir. Sosial şəbəkələr bu işi daha da mürəkkəbləşdirib”.

İlkin Muradov,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR