İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Rusiyanı dövlət sərhədindən çıxara biləcəkmi?

533 07.06.2023 12:55 Siyasət A A

Qriqoryanın bəyanatı Ermənistanın hərbi müttəfiqlik üzrə öhdəliklərdən yayındığını göstərir

Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək. Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. “Bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfinin nəzarəti altında olacaq”, - deyə Qriqoryan bildirib.

Qeyd edək ki, Ermənistanın dövlət sərhədlərinin mühafizəsini əsasən Rusiya qoşunları həyata keçirir. Ermənistanda isə Dövlət Sərhəd Xidməti və ya Sərhəd Qoşunları ayrıca struktur kimi mövcud deyil. Armen Qriqoryanın bu açıqlaması Ermənistanın dövlət sərhədlərinin mühafizəsindən Rusiyanı kənarlaşdırmaq niyyətindən xəbər verir. Ancaq Ermənistanla Rusiya arasında sərhədlərin qorunması əsasən daha çox ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Bu sazişlər qüvvədə qaldığı müddətdə Ermənistanın sərhədlərinin mühafizəsini öz üzərinə götürməsi mümkün deyil.

Üstəlik, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də Ermənistanın dövlət sərhədləri KTMT-nin sərhədləri sayılır. Bu, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə də aiddir. Yəni Armen Qriqoryan Rusiya ilə sazişlərin Azərbaycanla şərti sərhədə aid olmadığına dair mesaj verir. Bu isə Rusiya və KTMT ilə imzalanmış müqavilələrin pozulması deməkdir. Ermənistan sərhədlərinin mühafizəsini yalnız özü həyata keçirmək üçün ilk növbədə Rusiya ilə qeyd edilən müqavilələrdən və KTMT üzvlüyündən çıxmalıdır. Qriqoryanın bəyanatı Rusiyanın Ukraynadakı müharibə fonunda Cənubi Qafqazda geosiyasi təsirinin azalmasından istifadə edən Ermənistanın hərbi müttəfiqlik üzrə öhdəliklərdən yayındığını göstərir. Baş nazir Paşinyanın Avropa İttifaqı Siyasi Şurasının Moldovada keçirilən sammitində “Biz Rusiya ilə Ukraynada müttəfiq deyilik” deməsi bu istiqamətdə ciddi mesaj idi. Xüsusilə də son zamanlar rəsmi İrəvanla KTMT arasında fikir ayrılığının dərinləşməsi Ermənistanın bu təşkilatdan çıxacağına dair qənaəti möhkəmlədib. Ona görə də Qriqoryanın açıqlaması Ermənistanın öz sərhədlərinin mühafizəsini KTMT-yə həvalə etmək istəmədiyini və Azərbaycanla sülh sazişindən sonra alyansla yollarını ayırmaq niyyətində olduğunu deməyə əsas verir.

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

Elçin Mirzəbəyli 

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistan sərhədlərinin qorunması ilə bağlı son dövrlərdə Azərbaycan mediasında təqdim olunan məlumatlar və bu məlumatlara istinadən verilən şərhlər reallığı əks etdirmir: “Ermənistan ərazisində yerləşən Rusiya Federasiyasının (RF) sərhəd qoşunlarının statusu və onların fəaliyyət göstərmə şəraiti haqqında” müqaviləyə və buna əsasən qəbul edilən hüquqi-normativ aktlara əsasən, Ermənistanın Türkiyə ilə sərhədini (330 kilometr) və İranla sərhədinin (40 kilometr) mühafizəsini Rusiyanın sərhəd qoşunları həyata keçiririr. Sözügedən müqavilədə və digər hüquqi-normativ aktlarda Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədinin Rusiyanın sərhəd qoşunları tərəfindən mühafizəsi ilə bağlı bircə kəlmə də yoxdur. Qeyd edim ki, Ermənistanın Gürcüstanla sərhədi rəsmi Tiflisə görə 224 kilometr, İrəvana görə isə 196 kilometrdir. Ermənistan-Gürcüstan sərhədinin 110 km hissəsi delimitasiya və demarkasiya olunub. Yerdə qalan hissə isə şərti xarakter daşıyır və mübahisəlidir. Baxmayaraq ki, Ermənistanla Rusiya arasında imzalanmış sənədlərdə bu ölkənin Gürcüstanla sərhədinin mühafizəsi barədə öhdəlik yoxdur, amma 42 km Rusiya sərhədçilərinin nəzarətindədir. Yerdə qalan, Gürcüstan tərəfinin mövqeyinə görə 182 km-lik, İrəvanın yanaşmasına görə isə 154 km-lik hissəsinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti nəzarət edir. Yəni bu o deməkdir ki, Ermənistanda Sərhəd Xidməti var. Ermənistan sərhədlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədləri hesab olunduğu barədə iddialara gəldikdə isə KTMT-nin Nizamnaməsində təsisatın ümumi sərhədləri deyilən bir anlayış yoxdur və olması da mümkün deyil. Çünki KTMT-nin yaranma səbəblərindən və fəaliyyət istiqamətlərindən asılı olmayaraq, belə bir yanaşma BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə ziddiyyət təşkil edir. KTMT-nin Nizamnaməsində isə bir neçə dəfə BMT Nizamnaməsinə, o cümlədən dövlətlərin suveren hüquqlarını əks etdirən prinsiplərə istinad olunur. KTMT Nizamnaməsinin yalnız bir bəndində, 8-ci bənddə dövlət sərhədlərinin mühafizəsindən söhbət gedir. Həmin bəndi olduğu kimi diqqətinizə çatdırıram: “Üzv dövlətlər sərhədlərinin mühafizəsi, məlumat mübadiləsi, informasiya təhlükəsizliyi, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan, habelə hərbi əməliyyatlar nəticəsində və ya nəticəsində yaranan təhlükələrdən mühafizəsi sahələrində qarşılıqlı fəaliyyət göstərirlər”. Yəni göründüyü kimi, burada qarşılıqlı fəaliyyətdən, yəni əməkdaşlıqdan söhbət gedir. Bu baxımdan da, Ermənistan Azərbaycanla sərhədlərini özü mühafizə edə bilər və bu hüququ məhdudlaşdıra biləcək hər hansı bir öhdəlik yoxdur. Bu səbəbdən də Ermənistanın nə KTMT-dən çıxmasına, nə də Rusiya ilə imzaladığı müqavilələrdən imtina etməsinə ehtiyac qalmır."

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Ermənistanın cəhd etsə də heç nəyə nail olmayacağını düşünür: “Ermənistanın Rusiya qarşısında öhdəlikləri var. Bu həm 1992-ci il müqaviləsinə görədir, həm də iki dövlət arasında hərbi müttəfiqlik və əməkdaşlıqla bağlı 1997-ci ildə bağlanan müqaviləyə görədir. Bu müqavilə də bütövlükdə Ermənistana hərbi təhlükənin olması müqabilində Rusiyanın onun tərəfindən vuruşmasını özündə ehtiva edir. Azərbaycan, Türkiyə ilə milli təhlükəsizlik konteksində problemli olan hər bir məsələdə Rusiya Ermənistanın yanında olub. Biz bunu Rusiya ordusunun Türkiyə ilə sərhəddə, xüsusilə ikinci baza daxil mövcud olmasında görə bilərik. Yəni ortada bir öhdəlik var və bu öhdəlik də 1997-ci ildən hesablasaq, 49 il hələ davam edəcək. Bundan birtərəfli qaydada imtina etmək mümkün deyil. Əgər imtina edərsə, o zaman Rusiyanın hərbi maraqlarını pozmuş olur. Bu da Paşinyana hakimiyyətini itirmək bahasına başa gələ bilər. Ona görə də KTMT-dən çıxmaq, sərhədçiləri qovmaq bütün bunlar blefdən başqa bir şey deyil”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR