İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq olmayan İraq – Bağdadla yaxınlaşmanın yeni mərhələsi

942 21.11.2023 18:05 Dünya A A

Məlum olduğu kimi, İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşid bu günlərdə Azərbaycanda səfərdə olub. Bu, diplomatik əlaqələr tarixi boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir.

Əslində bu qəribə görünə bilər: necə olub ki, məsafəcə uzaq olmayan, hətta qonşu sayılan, orta əsrlərdə sıx siyasi, mədəni əlaqələrə malik olan bu iki ölkə bir-birindən bu qədər uzaq qalıb?

İraq dövlət müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan ölkələrdən biri olub və bu hadisə 1992-ci ilin 2 yanvarında baş verib. Həmin ilin martında iki ölkə arasında diplomatik münasibətlər qurulub, ancaq sonrakı illərdə qarşılıqlı əlaqələr sıxlığı və effektivliyi ilə seçilməyib.

Hər iki ölkənin son 33 illik tarixini bilənlər üçün bu, təəccüblü deyil. Bu 33 ildə həm İraq xalqının, həm də Azərbaycanın daxili siyasi həyatında böyük təlatümlər olub, hər iki ölkə xarici müdaxiələlərə məruz qalıb, işğallar, mərhumiyyətlər, sıxıntılar yaşayıb, bu üzdən ikisinin də başı daima özünə qarışıq olub və yaxın-uzaq ölkələrlə, eləcə də bir-birilə əlaqələr sahəsində effektiv fəaliyyət göstərə bilməyib.

Bir vaxtlar Yaxın Şərqin qüdrətli ölkələrindən biri olan İraq sabiq rəhbərlərinin yanlış siyasəti üzündən dünyaya qapanmışdı, region ölkələrinin bir çoxuyla düşmənçilik mühitində yaşayırdı. Zəngin karbohidrogen ehtiyatlarına görə dünyanın ən varlı ölkələrindən birinə çevrilməkdə olan İraq cəlb olunduğu mənasız müharibələr nəticəsində dünyanın ən problemli ölkələrindən birinə çevrilmişdi. Ölkə bu müharibələrdə yüz minlərlə vətəndaşını itirib, iki o qədər iraqlı isə öz vətənindən didərgin düşdü. İşğalın və vətəndaş müharibəsinin İraqa vurduğu yaralar hələ də tam sağalmayıb.

Ancaq son bir neçə ildə İraq tədricən özünə gəlməkdə, daxili problemlərini çözməkdədir.

Azərbaycan da 30 il boyunca onun başına bəla olan, inkişafdan saxlayan başlıca problemini həll edib - öz ərazi bütövlüyünüb bərpasına nail olub, separatizm və qan-qada yuvasını dağıdıb.

İndi hər iki ölkə arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verən və əməkdaşlıq üçün yeni səhifə açan addımlar atıla bilər. Ümid etmək olar ki, İraq prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfərinin nəticələri bu qəbildən olacaq.

Ən ümdəsi odur ki, indiyədək İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirib. Bu iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyib, bir-birininin suverenliyini və ərazi bütövlüyünü müdafiə edib.

Bu, islam həmrəyliyi məsələsindən çox, təbii müttəfiqlik məsələsi idi. Hər iki ölkə xarici intervensiyaya məruz qaldığı üçün bir-birini dəstəkləməyə məhkum idi.

Bundan başqa, həm Azərbaycan, həm də İraq dünyəvi dövlət quruluşuna önəm verən, ölkənin şəriət qayda-qanunları ilə idarə edilməsini məqbul saymayan siyasi rejimə malikdirlər və bu da ortaq dəyərlərdən biridir.

İraq da, Azırbyacan da neft ölkələri olduqlarından OPEK çərçivəsində əməkdaşlıqları təbiidir. Xüsusilə də neftin qiymətlərinin vaxtaşırı oynadığı bir dönəmdə hər iki ölkənin, eləcə də digər neft ölkələrinin ümumi mənafeləri müttəfiqliyi zəruri edir.

Əlbəttə, Qərbin bir sıra imperialist dairələrindən olsa, onlar 35 il əvvəl olduğu kimi, neftin bir litrini eyni ölçüdə mineral suyun qiymətindən 5 dəfə ucuz almaq istəyərlər. Təsəvvür edin, dünya iqtisadiyyatının hərəkətverici maddəsi olan neft uzun illər gerçəkdən də adi içməli sudan ucuz satılıb. Böyük dövlətlər neft ölkələrinin arasında yaranmış süni və təbii münaqişələrdən “parçala, hökm sür“ təqdiri ilə istifadə ediblər, neft ölkələrinin arasında yekdillik olmadığı üçün neftin qiyməti həmişə aşağı olub, heç vaxt real dəyərinə satılmayıb.

Ancaq artıq o zamanlar geridə qalıb. İndi neft ölkələri öz əmtəələrinin real dəyərini bilir və bundan yararlanaraq öz iqtisadiyyatlarının qeyri-neft sektorlarını da inkişaf etdirməyi düşünürlər.

Bu baxımdan İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıq üçün üfüqlər açıqdır.

İraq prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlər də bunu göstərir. Hər iki ölkə turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Azərbaycan əhalisinin İraqın müqəddəs şəhər və abidələrinin ziyarətini asanlaşdırmaq və mütəşəkkilləşdirmək üçün bu, olduqca aktual sənəddir.

Bundan başqa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu və Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında saziş imzalanıb.

Azərbaycan yaxın-uzaq ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkə olduğundan reegionumuzun önəmli ölkələrindən biri olan İraqla da çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaq.

A.Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR