İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Zəngəzur dərdi

9967 16.09.2022 14:14 Yazarlar A A

44 günlük müharibədən bir il sonra, 2021-ci ilin dekabrında İran Qərbi Zəngəzurun Qafan şəhərində baş konsulluq açmağa qərar verdi. Bu ilin avqustunda isə Abedin Vərami baş konsul təyin edildi. Tehran üçün nə vacib imiş Qafan şəhərində baş konsulu olsun? Bəlkə Ermənistan o qədər böyük ölkədir ki, İrəvandakı İran səfirliyi ilə əlaqə mümkünsüz olur, yaxud Ermənistandakı vətəndaş, qeyri-vətəndaşların paytaxta yetişməsi müşkülə çevrilir, bu səbəndən Qafandakı baş konsulluğa “əşhədü-ehtiyac” var imiş?..

Təbii ki, səbəb bu deyil. İran gördü ki, Mehri nəfəsliyi də Ermənistanın işinə yaramadı və Azərbaycan işğalçı-terrorçu qonşusunun kürəyini ay yarıma yerə vurmağı, bayrağını Qarabağda, Zəngəzurun şərq hissəsində dalğalandırmağı bacardı. Hətta İran şirkətlərinin “təmir” adı altında farslaşdırmağa çalışdığı Yuxarı Gövhərağa məscidi də əldən çıxdı, odur ki, qəzəbindən nə deyəcəyini, nə edəcəyini doğru-düzgün qətiləşdirə bilmədi. Elə buna görə də müharibə dönəmində gah ordusunu Araz boyunca topladı, gah Ermənistan sərhədini “qırmızı xətt” adlandırdı, gah da Azərbaycana dil uzadanlara meydan verdi...

Hansı ki, Nikol Paşinyan hakimiyyətə yeni gələndə ABŞ-ın İrana qarşı sərt mövqeyinə istinad edib, bu ölkə ilə sərhədin bağlana biləcəyi barədə anons etmişdi. Erməni hətta öz “nəfəsliyini” bağlamağa hazır idi, hətta bir müddət qapanma oldu. Amma İran üçün Ermənistan vazkeçilməzə çevrilib, hətta Azərbaycan torpaqlarında bir əsr əvvəl yaradılan bu, qondarma ölkə ilə “min illik bağlılıqlardan” bəhs edəcək qədər sərsəm düşünən fars məmurlar tapıldı.

İranın tez-tələsik Qafanda konsulluq açması Azərbaycanın Göyçə, Zəngəzur, İrəvanla bağlı tarixi sənədləri masaya qoyması, faktları açıqlaması, ən yüksək səviyyədə həqiqətlərin dilə gətirilməsi fonunda baş verdi. Adətən, hansısa ölkə müharibə vəziyyətində olanda ordakı diplomatların təhlükəsizliyi nəzərə alınır, tədbirlər görülür, qaynar nöqtələrdən uzaqlaşdırılırlar. Amma İran gördü ki, Ermənistanla Azərbaycan arasında gərginlik yenidən artır, hər an döyüşlər başlaya bilər, gətirib Azərbaycan əsgərinin nişangahına baş konsulunu oturtdu. Hansı ki, Qafan Azərbaycan əsgərinin ovcunun içidir. Guya ki, sabah əsgərimiz Qafana bayrağımızı sancmaq istəsə, həmin bu konsul imkan verməyəcəkmiş...Sadəcə, Tehran bütün bu addımlarla Ermənistanın aqressiyasında payçıya çevrilmiş olur, təxribatları stimullaşdırır, fərqindəyik. Əli on minlərlə azərbaycanlının - müsəlmanın - qanına batmış ölkə ilə salamlaşmağın özü belə, haram buyurulmalı idi normalda, amma İran rəsmiləri təəssüf ki, qatilləri bağrına basır! Hətta Sentyabr döyüşlərində İran PUA-larından istifadə olunması barədə xəbərlər dolaşır...

Müharibə günlərində Tehranın İrəvandakı səfiri tez-tez sərhəd bölgəsində peyda olurdu, üzü Qarabağa, Şərqi Zəngəzura boylanırdı. Bununla erməni işğalçılarına “qorxmayın, burdayıq” mesajı verirdi sanki...Bu gün də Ermənistanla birgə Qərbi Zəngəzurda “azad iqtisadi zona” yaradılması planı üzərində çalışırlar. İran vətəndaşlarının durumu günbəgün ağırlaşır, bunlar Ermənistanda “azad” axtarırlar. Bəhanədir, sadəcə Azərbaycanın yolunu kəsmək istəyirlər. Təbii, Azərbaycan ədalətin bərqərar olunması, sülhün təmin olunmasını istəyir və heç bir ölkənin ərazisində gözü yoxdur. Amma İran heç Zəngəzur dəhlizinin də açılmasını istəmir axı. Hətta açıq şəkildə buna müqavimət göstərir.

Nə olsun ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “İran Zəngəzur dəhlizinin əleyhinə deyil”-söyləyir. Amma diqqət edin, ardınca da “qardaş Azərbaycanla əsas dəhliz mövcuddur. Bu əsas dəhliz Azərbaycanla Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqlər İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik”-deyir. Yəni “əsas dəhliz” var da, niyə dağ-daşa düşmüsünüz, Zəngəzur söhbətini ortaya salmısınız”. Diplomatın dediklərinin açması budur. Həm də Tehranın siyasəti.

İranın Ermənistandakı səfiri Abbas Zohuri Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla görüşündə isə daha konkret danışmışdı. Sitat: “İran üçün kommunikasiyaların blokadadan çıxarılması kontekstində səslənən “Zəngəzur dəhlizi” bəyanatları qəbuledilməzdir. İran tərəfi hesab edir ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır”. Əlavə etmişdi ki, Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatları Tehranın maraqlarına “ziddir”. Hər şey aydındır.

Bu mənada Ermənistanın “cəsarətlə” “Zəngəzurdan dəhliz verməyəcəyik” mövqeyini ifadə etməsinin arxasında dayanan qüvvələrdən biri sözsüz ki, İrandır. Müsəlman qonşumuz, dindaşımız...Və 30 il ərzində ermənilərin 60-dan çox məscidimizi dağıtmasına, salamat qalanlarda isə donuz saxlamasına susan müsəlman dövləti...İşə baxın, Azərbaycan hətta İran ərazisindən keçəcək dəhlizlə bağlı anlaşma imzalayıb, Tehranı məmnun etməkdən ötrü. Amma əvəzində İranın Ermənistanın yanında yer alıb...

İrandakı qüvvələrin Azərbaycana qarşı istifadə etdikləri arqumentlərdən biri daim bu olub ki, niyə İsraillə münasibətlər qurursunuz? Azərbaycanın kifayət qədər ciddi cavabları var. Amma biz hələ İsraildə səfirlik belə, açmamışıq, amma Ermənistan Təl-Əvivdə səfirliyini açandan sonra, 2020-ci ilin sentyabrında – İranın erməniləri himayə etməsi növbəti mərhələyə daxil oldu. Hər sözbaşı “qırmızı xətt”dən danışdılar. Ancaq nədənsə Azərbaycanın 20 faiz ərazisi 30 il işğalda olanda qırmızı xətt İranın yadına düşmürdü. Niyə, bəlkə qırmızı boyası qurtarıbmış? Elə isə qızıl-qırmızı bu, nə ittiham, nə yanaşma, nə qonşuluq, nə müsəlmanlıqdır?

Budur, İranın Tehrandakı səfiri Abbas Zoxuri növbəti dəfə Türkiyə və Azərbaycana qarşı nifrətini ifadə edib, erməni faşizmini könlünü şad eləyib. Bildirib ki, Tehran İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcək. Sitat: “İran qonşu ölkələrin ərazi bütövlüyü və sərhədlərinin pozulmasına qarşıdır və İrana zərər vuracaq istənilən ssenariyə xüsusilə müqavimət göstərəcək”. Hələ erməni terrorçuları, separatçıları, hətta Ermənistan ordusunun hissələri Azərbaycan ərazilərindədir, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə...İrana nəsə deyirmi bu faktlar? Niyə bircə dəfə də olsun Ermənistana “2020-ci il 10 noyabr anlaşmasına əməl et, hərbçilərini Qarabağdan çıxar”, çağırışını eləmir İran rəsmiləri, diplomatları?! Niyə narahatdırlar, vurnuxurlar? Axı, Azərbaycan hətta ən ağır dönəmlərdə bütün təzyiqlərə rəğmən İrana qarşı planlarda yer almayıb, əksinə, bu planları pozub. İranın “sağ ol”udurmu?! Bəlkə Azərbaycan Qafan-Gorus yolunda gömrük postu qoyub, Ermənistana yük daşıyan İran maşınlarından rüsum alır, ona görə havalanıb, haylanıblar, yoxsa İran TIR-ları daha Xankəndi separatçılarına rahat benzin daşıya bilmir deyə, onun acığını çıxırlar?..

Qonşu sarıdan yarımadıq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR