İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı səfirliyimizlə bağlı SON DƏQİQƏ XƏBƏRİ

2768 11.08.2023 12:29 Gündəm A A

Rəsmi Bakı diplomatik korpusun fəaliyyətə başlamasını istəyir, amma...

İrandakı Səudiyyə Ərəbistanı səfirliyi 7 il aradan sonra işini bərpa edib. Bu barədə İran XİN məlumat yayıb. “Səudiyyə Ərəbistanı səfirliyi avqustun 6-da İran paytaxtında öz işini rəsmən bərpa edib”, - deyə İran Xarici İşlər Nazirliyindən bildirib.

İran dövlət televiziyasının məlumatına görə, İranın Səudiyyə Ərəbistanı səfirliyinin açılış mərasimində xarici işlər nazirinin müavini Əli Rza Biqdeli də iştirak edib.

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq”da ittiham olunaraq edam olunmuşdu. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırıldı. Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı hökuməti yanvarın 3-də İranla diplomatik əlaqələri kəsdiyini elan etdi.

Bəs Səudiyyə Ərəbistanından sonra Azərbaycan da Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa edə bilərmi?

Qeyd edək ki, Tehranın Azərbaycanın da İrandakı səfirliyinin fəaliyyətinin bərpasını istədiyi göz önündədir. Bir neçə gün öncə İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahani böyük heyətlə Azərbaycana səfər etmişdi. Görüş zamanı bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar müzakirə aparılmışdı.

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, Azərbaycanla İran, Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlər tamamilə fərqli, bir-birindən ayrıdır: “Diplomatik münasibətlər cəhətdən bu münasibətləri ayrı götürmək lazımdır. Belə ki, Səudiyyə Ərəbistanı ilə İran arasında kəskin siyasi ziddiyyətlər var idi. Bu ziddiyyətlər bəzi illərdə Məkkəyə Həcc ziyarəti zamanı açıq qarşıdurmaya çevrilirdi. Hazırda isə Çinin vasitəçiliyi ilə münasibətləri bərpa etmək mümkün olub. İnanmıram ki, diplomatik münasibətlərin bərpa edilməsi İran-Səudiyyə Ərəbistanı rəqabətinə son qoyacaq və yaxud minimuma endirə biləcək. Çünki arada dərin çatlaq var və bu həmişə olacaq.

Azərbaycanla İran arasındakı münasibətlərdə siyasi, mədəni-milli xarakterli və digər ziddiyyətlər var. Tehrandakı səfirliyimizə hücum, mühafizə xidmətinin rəhbərinin öldürülməsi, digər iki əməkdaşımızın yaralanması hadisəsi dünya diplomatiya tarixində misli görünməmiş hadisələr sırasındadır. Azərbaycan tərəfi bəyan edib ki, bu terror diqqətlə araşdırılmalı, bu işi törədən və onun arxasında dayanan dairələr aşkara çıxarılmalı, cəzalandırılmalı və Azərbaycandan üzr istənilməlidir. Amma bu günə qədər Azərbaycandan üzr istənilməyib, üstəlik, səfirliyə hücum edən adamı gah dəli, gah ağıllı elan edir, istintaq prosesinin də nə zaman başa çatacağı məlum deyil. İran istintaq prosesi başa çatmadan Azərbaycandan diplomatik əlaqələrin bərpasını xahiş edir. Azərbaycanın isə bu məsələdə mövqeyi məlumdur, bu məsələlər başa çatmadan və səfirliyimizin təhlükəsizliyinə tam zəmanət verilmədən, üstəlik də Azərbaycanda üzr istənilmədən bu məsələnin qaydaya salınması mümkün deyil. Təbii ki, bu əlaqələr nə zamansa yaradılacaq. Lakin İran tərəfi də diplomatik əlaqələrin qorunması, saxlanılması haqqında beynəlxalq konvensiyanın şərtlərinə ciddi surətdə əməl etməyi bacarmalıdır".

Elxan Şahinoğlu: "İrəvan indi də Fransaya yalvarır"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə məsələyə bu cür münasibət bildirib: “Tehran Azərbaycanın da İrandakı səfirliyinin fəaliyyətinin bərpasını istəyir və bu məqsədlə Bakıya göndərdiyi heyətlərin sayını artırıb. İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahani böyük heyətlə Azərbaycana səfər edib. Bakıdakı görüşdə bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar müzakirə aparılıb.

Rəsmi Bakı da Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətə başlamasını istəyir. Ancaq bunun üçün Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması başa çatmalı, cinayəti həyata keçirən və planlaşdıranlar cəzalarını almalıdırlar. Bunların heç biri baş verməyib. Tehran Azərbaycan səfirliyinin qısa müddətdə açılmasını istəyirsə, cinayətlə bağlı araşdırmanı yekunlaşdırmalı və məhkəmə prosesi keçirməlidir. Bu proses ləngiyir. Əgər səfirliyə hücum bir nəfərin cinayəti ilə əlaqəli olsaydı, məsələ tez həll olunar və Tehran məhkəmə işini ləngitməzdi. Görünür, məsələ ona görə ləngiyir ki, cinayətin arxasında başqa qüvvələr var və həmin qüvvələr cinayətin ədalətli şəkildə araşdırılmasının əleyhinədirlər. Onlar bu hərəkətləri ilə İran-Azərbaycan münasibətlərini gərginlikdə saxlayırlar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR