İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlar bitdi iddiası - Problemlər qaldıqca...

1486 08.10.2022 09:10 Region A A

Ekspert: “Qərb etirazlara ciddi dəstək versəydi, proses İranın parçalanması və ya rejimin dəyişməsi ilə də nəticələnə bilərdi...”

“İranda iğtişaşlar dayanıb”. Belə bir bəyanatla ölkə prezidenti İbrahim Rəisi çıxış edib. O, iğtişaşların dayandırılmasında İranın ali dini lideri Ayətullah Əli Xameneinin rolunu xüsusi vurğulayıb.

“Onun müdrik sözləri... İran xalqının və hakimiyyət orqanlarının iztirablarına səbəb olan son təlatümlərə son qoydu”, - deyə prezident qeyd edib.

Xatırladaq ki, oktyabrın 3-də Ayətullah Xamenei ölkədəki etiraz dalğasına qarşı çıxaraq nümayişçilərlə sərt davranan İranın təhlükəsizlik qüvvələrini dəstəkləyib. Qeyd edib ki, “gənc qadının ölümü ilə başlanan iğtişaşlar əvvəlcədən planlaşdırılıb və onların təşkilində ABŞ və İsrail iştirak edib”.

Rəisinin nikbinliyi nə dərəcədə əsaslıdır, İranda onlarla nümayişçinin öldürüldüyü etirazların bitdiyini söyləmək mümkünmü? Baş verənlərdən hakim rejim dərs götürəcəkmi və rejimin yumşalması mümkünmü?

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, İranın ən yeni tarixində ümumiyyətlə həmişə cəmiyyətlə hakimiyyət arasında konfliktlər olub: “Etirazlar, küçə qarşıdurmaları İran cəmiyyəti üçün xarakterikdir. Digər müsəlman ölkələrindən fərqli olaraq İranda həmişə bu cür etirazlar özünü büruzə verib. Bunun da vacib əsasları var. Məsələ ondadır ki, son 30-40 ildə İran cəmiyyəti ilə hökumət arasında bir mədəni konflikt hökm sürür. Bu mədəni konfliktin əsasında da məhz İran cəmiyyətinin ideoloji əsaslarını formalaşdıran hakimiyyətin müasir İran xalqının istəklərini, arzularını, həyat tərzini nəzərə almaması dayanır.

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva

BMT-nin hesablamalarına görə, İranda əhalinin 40 faizi gənclərdir. Yəni İran dünyada xalqının say tərkibində gənclərin ən çox olduğu dövlətlərdən biridir. Bu gənclik müasir dövrdə köhnə nağıllara inanmır, inanmaq istəmir. Orta əsrlərə xas nağıllarla müasir gəncliyi idarə etmək istəyən Tehran fərqində deyil ki, zaman dəyişib, o da dəyişməlidir, cəmiyyətə yönəlik siyasətləri, idarəçilikləri dəyişməlidir. İdarəçilik institutlarında yeniliklər mütləq edilməlidir. Yəni bu gün üçün sosial media üzərindən açılımlar hər nə qədər İran hakimiyyəti üçün cəmiyyətə yönəlik ideologiyanı təbliğ etmək baxımından nə qədər asan şərtlər formalaşdırıbsa, o qədər də bu ideologiyaların sındırılması üçün şərtlər formalaşıb və imkanlar yaranıb".

Politoloq qeyd etdi ki, artıq İranda bu hakim ideologiyanı qəbul etməyən, onun dəyişilib müasirləşməsini istəyən xalq var. Ona görə də ola bilsin ki, ötən aydan başlayan etiraz dalğası müəyyən müddətə nisbətən səngiyir və ya səngiyəcək: “Amma bu, qətiyyən o demək deyil ki, məsələ bitmiş sayılır və daha ciddi etiraz dalğası olmayacaq. O ki qaldı son etirazları İsrailin təşkil etdiyinə, proseslərdə İsrailin iştirak etdiyi barədə deyilənlər şişirdilmiş mövzudur. İran hakimiyyəti illərdir ki, daxildə öz təbliğatını asan qəbul etdirmək üçün hər şeydə İsraili günahlandırmaq siyasətini yürüdür. Bütün çatışmamazlıqları, bütün probemləri İsrailin adına bağlayır. Məqsəd bununla həm də etirazları daxildə gözdən salmaq, etiraza qalxan insanlara qarşı cəmiyyətin başqa bir kəsimində şübhə yaratmaqdır. Hətta artıq bu təbliğata son vaxtlar yeni bir ”detal" da əlavə ediblər. Bəzi İran deputatları və ayətullahları iddia edirlər ki, Azərbaycanla sərhəddən İrana silah keçirilir və bunu İsrail edir. İsrailin müdafiə nazirinin və digər rəsmilərinin Azərbaycana səfərini elə təqdim edirlər ki, sanki bu səfərlər İranı dağıtmaq üçündür. Bu təbliğat daha çox İran xalqına təsir etmək niyyəti güdür.

Lakin dediyimiz kimi, İran cəmiyyətində çox ciddi dəyişikliklər gedib və gedir. Ona görə artıq cəmiyyət uzun illərdir beyinlərə yeridilən bu təbliğata əvvəlki kimi inanmır. İran daxilindəki etirazlarda hakimiyyət daxilindəki bir-biri ilə mübarizə aparan qrupların müəyyən qədər təsiri var. Qismən liberal siyasətin tərəfdarı olan islahatçılar adlanan qanad etirazlara gizli dəstək verirlər. Həm də ona görə proses məntiqi sonuna çatacaq".

Y.Hacıyevanın sözlərinə görə, Tehranın ən böyük problemi ondadır ki, öz cəmiyyətlərinin inkişaf dərəcəsini yetərincə dəyərləndirmir və dəyərləndirə bilmir: “Köhnə idarəçilik mexanizmləri və ideologiyası ilə cəmiyyəti idarə etməkdən əl çəkmir. Bu isə artıq əvvəlki dövrlərin effektini vermir. İranda etirazlar bunu təsdiqləyir. İranda etirazlar bitməyib. Son etirazlar Prezident İbrahim Rəisinin hakimiyyətini laxlatmış oldu. Ona görə də Rəisi hakimiyyətdən getməli olacaq. Ancaq məsələ bununla da bitməyəcək, həm də mühafizəkar hakimiyyət bir sıra islahatlara getməyə məcbur qalacaq. İran hakimiyyəti dövlətin bütövlüyünü, gələcəyini düşünürsə bu mütləqdir, müasir dövrün tələblərinin diktə etdiyi real açılımlara, yumşalmalara gedilməlidir. Cəmiyyətlə hakimiyyət arasında uçurumu bu yolla müəyyən qədər düzəltmək olar”.

Politoloq 25 ilin deputatına qarşı mübarizə aparacaq - Namizəd oldu

 Məhəmməd Əsədullazdə

Politoloq Məhəmməd Əsədullazdə isə bildirdi ki, İranda baş qaldıran etiraz aksiyalarını əsasən ölkədə uzun illər ərzində vaxtaşırı baş verən etirazların yeni bir növü kimi xarakterizə etmək olar: “Təbii ki, müəyyən mərkəzlər kürd terror təşkilatlarından istifadə edib, siyasi hakimiyyəti devirməyi planlayırdı. Bu işin içində terror təşkilatının adı keçdiyi üçün prosesin bu mərhələsi etirazçılar üçün effektli olmadı. Məhz İran SEPAH bir neçə gündür İraqda PJAK bazalarına hücum edir. Kürd əsilli xanımın ölməsindən sonra başlayan etirazlarda lider olmadı. Kortəbii olaraq etirazlar davam etdi. Bir neçə həftədən sonra lokallaşdırıldı. Burada Ali dini lider Xameninin mövqeyinin ciddi rolu oldu. Əgər etirazlarda küçələrə çıxan kütlənin vahid lideri meydana gələrdisə, proseslər ciddi nəticələnə bilərdi. Etirazların səngiməsində də əsas səbəblərdən biri lider olmamasıdır. Düşünmürəm ki, bu etirazlardan sonra hakim rejim yumşalacaq. Əksinə, məncə, bundan sonra daha sərt tədbirlər həyata keçiriləcək. İlk əvvəldən bu etirazlarda xarici əl olmadı. Sonradan istifadə edilməyə başlandı. Şübhəsiz ki, bu kimi etirazlar hakimiyyəti içindən zəiflədir, qruplaşmalara bölür və hakimiyyət daxilində  parçalanmaya gətirir. Hesab edilirdi ki, Seyid Əli Xamenei vəfat edərsə, hakimiyyət uğrunda savaş şiddətlənəcək. Etirazlardan da istifadə olunacaq. Lakin bəlli oldu ki, Xamenei görəvinin başındadır, meydandadır və prosesləri neytrallaşdıra bilmək imkanını itirməyib. Lakin etirazların azalması müvəqqətidir, bu kimi etirazlar davamlı olacaq. Davamlı və kütləvi olacağı halda isə rejimin sərt tədbirləri növbəti illərdə yumşala bilər”.

Ekspert onu da dedi ki, son etirazlara Qərb ciddi dəstək versəydi, proses İranın parçalanması və ya rejimin dəyişməsi ilə də nəticələnə bilərdi.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR