İnsanlara hürriyət, millətlərə istiqlal!

“İrana işləyirlər” ittihamının bumeranqa dönməsi

2176 05.07.2022 08:55 Yazarlar A A

 

1999-2000-ci illər idi. “Əsrin müqaviləsi” üzrə hasil ediləcək Bakı neftini dünya bazarına çıxarmaq üçün Bakı-Ceyhan neft kəmərinin inşası haqda razılıq əldə olunmuşdu, kəmərin marşrutu barədə polemika başlanmışdı.

Əslində kəmərin ən kəsə marşrutu Bakı-Bəhramtəpə-Füzuli-Zəngilan-Mehri-Culfa, oradan da Türkiyə ərazisi ilə Adana vilayətinin Ceyhan limanına doğru uzana bilərdi. Amma Ermənistanla passiv müharibə, aktiv münaqişə ortamında olduğumuzdan bu marşrutun seçilməsi mümkün deyildi.

ABŞ-ın İrana münasibəti Ceyhana doğru uzanacaq kəmərin İran ərazisindən keçməsini istisna edirdi.

Yerdə qalırdı Bakı-Tiflis-Ceyhan marşrutu. Bu, daha baha başa gələcəkdi, amma sırf siyasi səbəblərdən həmin marşrutun seçiləcəyi gözlənilirdi.

Baku_pipelines-az.png (164 KB)

O zaman müxalif dairələrdə də Azərbaycana milyardlarla dollar vəsait gətirəcək neft kəmərinin marşrutu barədə polemikalar gedirdi. Müsavat Partiyasının rəhbərliyinə daxil olan iqtisadçılar qrupu hesablamışdılar ki, bahalı BTC marşrutuna daha ucuz alternativ var və bu, kəmərin İran Azərbaycanından keçməsi şərti ilə baş tuta bilər.

Ənənəvi brifinqlərdən birində partiyanın lideri İsa Qəmbər bu variantı səsləndirmiş, demişdi ki, iqtisadi səmərəlilik prizmasından yanaşsaq, Bakı-Ceyhan kəmərinin İran ərazisindən keçməsi daha faydalı ola bilər.

Partiya liderinin bu açıqlamasının ertəsi günü ölkədə günlərlə, həftələrlə davam edən kampaniya başlandı.

O zamanlar ölkədə siyasi konyuktura beləydi ki, özlərini hökumətin “islahatçılar” qanadına aid edənlərlə xüsusi həvəslə özlərini müxalifətin “islahatçılar” qrupu sayanlar arasında yarıgizli-yarıleqal ilişkilər vardı. Onlar ən azı bəz media quruluşlarına ortaq rəhbərlik edirdilər və tez-tez rəqiblərinin qapısına qol vurmaq üçün bir-birinə ötürmə verir, bir-birini zərbə mövqeyinə çıxarırdılar.

Müsavat başqanının Bakı-Ceyhan kəmərinin marşrutunun səmərəli variantı barədə səsləndirdiyi fikirlər müttəfiqlərin əlinə ona hücum etmək üçün əla bəhanə vermişdi.

AXCP-nin “islahatçılar” qanadı sayılan, köhnə adları ilə “yurdçular” adlandırılan cəbhəçilər Müsavatı İrana meylli olmaqda ittiham etməyə başladılar. Bu iki partiya müxalifətin əsas bloku olan Demokratik Konqresdə müttəfiq idilər, amma bu müttəfiqlik yalnız həftənin birinci günü, Demkonqresin iclası zamanı olurdu. Yerdə qalan günlərdə “Yurd”un inhisarında olan 10-a yaxın qəzetdə İsa Qəmbər və Müsavata İrana meylli olmaq damğası vurulurdu. Hətta bir ara ehtiraslar lap qızışdı və adı çəkilən müxalifət partiyasını açıq-aşkar İrana işləməkdə suçlamağa başladılar.

Ortalıqda müsavatçı iqtisadçıların neft kəmərinin səmərəli marşrutuna dair hesabatdan başqa bir şey yox idi. Ancaq kampaniya günü-gündən şiddətlənirdi. Məqsəd müxalifət düşərgəsinin əsas qüvvəsi Müsavatı ABŞ-ın, Avropanın gözündə diskreditasiya etmək idi. Aydın məsələydi ki, yaxınlaşmaqda olan seçkilərdə ABŞ və Avropa adı İranla birlikdə çəkilən siyasi qüvvəyə heç bir dəstək verməz. “Yurdçular” buna çalışırdılar.

Kampaniyaya nöqtəni axırda AXCP sədri Əbülfəz Elçibəy qoydu. O, silahdaşı İsa Qəmbərin və partiyasının müttəfiqi Müsavatın ünvanına səslənən İranla bağlı ittihamların puçluğu barədə fikirlərini açıqladı və qovğa-mərəkə bitdi.

İndi üstündən 22 ildən artıq müddət keçəndən sonra İrana bağlılıqla əlaqədar ittihamlar AXCP-nin ünvanına səslənir.

Ortada isə bir yox, bir neçə bəyanatlar, açıqlamalar, müsahibələr var.

Hazırda həbsdə olan islamçı aktivist Taleh Bağırzadənin AXCP ilə ilişkiləri, bu partiyadan öz məqsədləri üçün istifadəyə cəhd göstərməsi, Milli Şuranın təşkil etdiyi aksiyalara iştirakçılar göndərməsi çoxdan heç kəsə sirr deyil. Elə cəbhəçilər də Bağırzadəni cəmiyyətə “siyasi dustaq” kimi tanıdaraq açıq mətnlə müdafiə edirlər. Ona görə də hazırda partiya həm ölkə daxilində, həm də xaricdə İrana meylli qüvvə kimi tanıdılır.

20 il əvvəl olsaydı, AXCP rəhbərliyi bu ittihamları qətiyyətlə rədd edər, İranla hər hansı bir açıq-gizli ilişkisinin olmadığı bildirər, özünü Qərbin siyasi dairələrinin gözündə reablitasiya etməyə çalışardı. Amma belə görünür ki, artıq AXCP-nin belə bir problemi yoxdur, partiyanın ABŞ-a, Avropaya bəslədiyi ümidlər çoxdan daşa dəyib çiliklənib.

Gerçəkdən də ReAl partiyası yaradılandan və qısa müddətdə populyarlaşandan sonra açıq-aydın hiss olundu ki, Qərb məhz bu yeni partiyaya stavka edəcək. Necə deyərlər, köhnələrin qələmi qırılmışdı.

İndi görək AXCP-yə qarşı səslənən ittihamların ömrü nə qədər olacaq, hara qədər davam edəcək. Hazırda bəlli olan odur ki, partiyanın məruz qaldığı ittihamlar ən azı özünün 22 il öncəki ittihamlarının bumeranqıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR