İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Türkiyəyə üz tutdu - xilas üçün dəstək istəyir, yoxsa...

1469 19.01.2023 11:20 Siyasət A A

Rəsmi Tehran rəngləri tündləşdirməməyə qərar verib; Azərbaycan dövlətinin sərt cavabı qarşı tərəfi düşünməyə vadar etdi; deputat: “İran hər zaman iqtisadi, siyasi və hərbi cəhətdən Ermənistanın yanında olub”; politoloq: “İran tərəfi ”Qardaş yumruğu" hərbi təlimlərindən öz mesajlarını aldı"

İranda daxili vəziyyət kifayət qədər gərgindir. Aylardır iğtişaşlar, etirazlar səngimir. Eyni zamanda İrana qarşı Qərbin təhdidləri də artıb. Üstəlik, İsrail İranla bağlı planlarını icra edəcəyinə dair mesajlar verməkdədir.

Lakin İran belə bir ağır durum yaşadığı zamanda daim onunla münasibətlərdə səmimi olmuş, korrekt davranmış Azərbaycanla da münasibətləri tamamən korladı. İndi elə bir vəziyyət yaradıblar ki, İran ən çıxılmaz vəziyyətə düşsə belə, Azərbaycandan nəsə dəstək istəməyə üzü yoxdur. Ancaq şübhəsizdir ki, İsrailin dostu olan Azərbaycanın Tehrana ciddi yaxşılıqları dəyə, hətta onu xilas da edə bilərdi... Həmçinin İran Azərbaycana qarşı haqsız davranışlar, aqressiya göstərməklə qardaşımız Türkiyəni də incitmiş olub.

Yeri gəlmişkən,  Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla görüşərkən həmkarının diqqətinə bir sıra vacib məsələləri çatdırmışdı. Xanım sədrin İran əhalisinin böyük hissəsinin Azərbaycan dilində danışdığını söyləməsi isə İran rəsmilərini silkələyən mövqe oldu. Məhz bundan sonra iranlı spikerin Bakıya səfər etmək niyyəti yumşalmanın təzahürü sayıla bilər.

Ümumilikdə, deyəsən, İran artıq reallıqları dərk edir və türk dünyasına üzrxahlıq etmək, münasibətləri normallaşdırmaq niyyətindədir. Belə ki, prezident İbrahim Rəisinin Türkiyə səfərinə hazırlıq görülür. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər öncəsi jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, plana görə, Rusiyaya və Ankaraya getməli idi, lakin Rusiyaya səfərin təxirə salınmasına qərar verilib. “Prezident İbrahim Rəisinin Türkiyəyə səfəri üçün ilkin hazırlıqlar aparılacaq” - o deyib. Qeyd edək ki, bundan öncə yanvarın 17-də H.Əmir-Abdullahianın Rusiyaya səfər edəcəyi açıqlanmışdı. Nəzərə çatdıraq ki, artıq İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyədədir. O, prezidentin səfərindən öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə regional və beynəlxalq məsələlər müzakirə olunub. Rəisi Ərdoğandan nə xahiş etməyə gedir? Türkiyə ilə münasibətləri normallaşdırmasından sonra İran Azərbaycana qarşı yanlışlarını da düzəldəcəkmi? Səfərin mahiyyəti, gözləntilər barədə nə demək olar?

Bakupost.az - Bu, böyük qayıdış üçün vacibdir - Arzu Nağıyev

Arzu Nağıyev 

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə, korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, İranın siyasətindəki geriləməni səbəbsiz saymır: “İran Prezidenti Rəisinin gəlişindən öncə Türkiyə Prezidenti cənab Ərdoğan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul etdi və bundan sonra o, Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşlərdə beynəlxalq və regional problemlər, o cümlədən Qərbi Asiya, Suriya məsələsi və Cənubi Qafqaz problemləri müzakirə olunub.Yəni iki dövlət arasında bu məsələlrin müzakirəsi ən aktual mövzu kimi bu gün dünyada gündəmdədir. Çünki İran Prezidentinin Türkiyədən sonra Suriyaya da gedəcəyi haqda artıq məlumat verilib. Qeyd etmək lazımdır ki, İran, Türkiyə və Rusiya Astana üçlüyü adı altında Suriyada sülhün bərqərar olması və nizamlanması üzrə təminatçı kimi çıxış edirlər və son vaxtlar terror qruplarının aktivləşməsi müşahidə olunduğu üçün mütləq müzakirələr aparılacaq”. A.Nağıyev Tehranın yürütdüyü siyasətə də diqqət çəkdi: “Əlbəttə, Cənubi Qafqaz, eyni zamanda İran-Azərbaycan münasibətləri də aktual mövzu kimi müzakirə obyekti olacaq. Çünki Ermənistanın tərəfdaşı kimi çıxış edən İran Zəngəzur dəhlizinin açılmasının əleyhinədir və belə bəyanatlar da verir. 30 illik işğal dövründə Ermənistanla olan problemlərdə İranın birmənalı şəkildə Ermənistanı dəstəklədiyi hamıya məlumdur. Biz də dəfələrlə qeyd etmişik, İran iqtisadi, siyasi və hərbi cəhətdən daim Ermənistanın yanında olub. Bu isə Cənubi Qafqazda sülhün bərqərər olmasına mane olan ən başlıca faktorlardan biridir”. Deputat şübhə etmir ki, Türkiyə və Azərbaycan koordinasiyalı siyasət yürüdür: “Təbii ki, Azərbaycanın ən mühüm tərəfdaşı kimi Türkiyə bu məsələləri İran rəhbərliyinin nəzərinə çatdıracaq. Hazırda NATO-nun ən mühüm üzvlərindən olan Türkiyədən İran rəhbərliyinin istəyi bir sıra məsələlərdə vasitəçi kimi çıxış etməsidir. Çünki istər Qərb, İsrail, istərsə də ABŞ Türkiyəni müsəlman dövləti kimi tərəfdaş qismində qəbul edir və onunla razılaşır. Buna görə də İranın bu görüşə ciddi ehtiyacı var...”

İlyas Hüseynov: “Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin bəyanatına  nəzər salanda görürük ki...” | 1news.az | Xəbərlər

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə bu fikirdədir ki, İranın daxilində baş qaldıran sosial, iqtisadi və siyasi narazılıqlar həm də Tehranın ətrafında beynəlxalq həlqəni daha da daraldır: “Ərəb dünyası ilə yanaşı, həm də Azərbaycana qarşı aqressiv davranışları ilə Türk dünyası ilə də münasibətləri korlanan Tehran siyasi-diplomatik addımlarla vəziyyətdən çıxmağa çalışır. İrəvan və Tehranın qardaşlaşmış şəhərlər elan edilməsi haqqında hər iki şəhərin merinin saziş imzalayacağına dair məlumat da bunu göstərir ki, İran ermənipərəst siyasətini davam etdirir və bu yoldan çəkilmək niyyəti yoxdur”. İ.Hüseynov qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda Tehranın Rusiyaya “PUA yardımı” cənub qonşumuzu daha da çətin hala salıb: “Bu xüsusda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyəyə səfəri də diqqət çəkir. Digər tərəfdən, qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin Türkiyə səfəri planlaşdırılır. Daxili çətin vəziyyətdən çıxmaq üçün xarici düşmən axtarışına çıxan İranın düşmənçilik ritorikası da vəziyyəti sabitləşdirmədi. Buna görə də diplomatiyanın gücü ilə İran tərəfi regional və beynəlxalq məsələləri nizamlamaq istəyini ifadə edir”. Politoloq bildirdi ki, Ərdoğanla Rəisinin görüşü hazırkı durumda mühüm əhəmiyyət kəsb edir: “Nəzərə almaq lazımdır ki, Türkiyə Prezidenti həm də qlobal müharibənin qarşısını almaq üçün vasitəçi qismində çıxış edir. Eyni zamanda qardaş Türkiyənin Cənubi Qafqazda da maraqları təmsil olunur. Ötən il Azərbaycan və Türkiyənin birgə iştirak etdiyi "Qardaş yumruğu" hərbi təlimləri məhz İrana qarşı yönəlmişdi. İran tərəfi də bu təlimdən öz mesajlarını aldı. NATO-da ikinci orduya sahib olan Türkiyə bizim bölgədə təhlükəsizlik mühitinin pozulmasına imkan verməyəcək".

Bu arada xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın İsraildə səfirlik açması və səfirini təyin etməsi də rəsmi Tehranın aqressiv siyasətinə mükəmməl cavab oldu...Görünür, Ermənistanın sərhəd məsələsini siyasətinin “qırmızı xətti” elan edən İran rəngləri daha da tündləşdirməməyə qərar verib. Gözləyər... Hər halda, paralel olaraq Tehran və İrəvan şəhərinin “qardaşlaşması” da İranın islah olunduğu barədə tələsik nəticəyə gəlməyə əsas vermir...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR