İnsanlara hürriyət, millətlərə istiqlal!

İran BU SƏBƏBDƏN Musəvini vəzifədə saxlayır, Kuçi isə Bakıya HÜCUM deyir - Azərbaycanın cavabı KƏSKİN olacaq

2299 02.04.2024 19:19 Siyasət A A

Xəbər verdiyimiz kimi, İranın Dəməşqdəki konsulluğuna hava hücumundan sonra İran parlamenti Azərbaycana qarşı hərəkətə keçib. Bu dəfə növbəti riyakar çıxışın müəllifi İran parlamentinin radikal üzvü Cəlal Rəşidi Kuçidir.

KUCİ.jpg (95 KB)

Kuçi “X” sosial şəbəkəsində paylaşım edərək İsrailin Azərbaycandakı səfirliyinə hücum təklifi edib:

“Sionistlərin hər hansı ad altında İran torpağına hücumuna qəti və oxşar cavabın gecikdirilməsi, səbri və ləngiməsi İranın böyük adının nüfuz və şərəfinə vurulan ağır zərbəyə bərabərdir. Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərdən birinə açıq və birbaşa hücum edək”.

Hədəfdən yayınan İran özündə İsraili hədələmək cürəti tapmır. Öz aləmində Kuçinin əli ilə İsraili Azərbaycan üzərindən cəzalandırmaq istəyir. Bəli, Kuçinin əli ilə. Çünki terror açıqlaması verən şəxs özbaşına yox, müəyyən dairələrin sifarişi ilə bu hədəni səsləndirib. Onun belə açıqlamaların dövlətlərarası münasibətlərə necə təsir edə biləcəyindən anlayışı belə yoxdur. Anlayışı olan deputat yüz ölçüb bir biçməlidir.

Onu da qeyd edək ki, İranda bu cür dairələrin “qəhrəmanlığı” hədə-qorxu və bəyanatdan o tərəfə keçmir. Onların cəsarətlərini Qəzzada gördük. Boş-boş bəyənatlarla HƏMAS-ı qızışdırıb ortalığa saldılar. On minlərlə fələstinlinin həlak olmasına isə “narahatlıq” ifadə etməklə reaksiya göstərirlər. Qəzzada fələstinliləri qırğına verən İran ABŞ ilə sövdələşərək öz oyununu oynayır. Lakin unutmasın ki, bütün oyunlar bir gün bitir, bitirilir.

ilyas 1.jpg (33 KB)

İranlı deputatın İsrailin Azərbaycandakı səfirliyinə hücum təklifi verməsinə münasibət bildirən politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, Yaxın Şərqdə böyüyən və getdikcə alovlanan müharibə elementləri daha da inkişaf edir:

“Bir sıra neqativ elementlər nəzərə çarpır. Xüsusilə İsrailin İranın Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin konsulluğuna hücumu İran tərəfindən böyük qəzəblə və nifrətlə qarşılandı. Hətta İranın bir sıra mərkəzi şəhərlərində İsrail bayrağı yandırılır, ABŞ və Britaniya bayraqları isə yerə atılır. Belə olan fonda İran parlamentinin üzvü Cəlal Rəşidi Kuçinin “X” sosial şəbəkəsində qeydləri həm İran-Azərbaycan münasibətlərinə zərbə vurur, həm də radikal xarakterlidir.

İran-Azərbaycan münasibətləri hazırda böyük ölçüdə normallaşmayıb. İranın paytaxtı Tehranda Azərbaycan Səfirliyinə qarşı edilən terror hücumunun nəticəsi olaraq Azərbaycan diplomatik nümayəndəliyi orada fəaliyyət göstərmir. Eyni zamanda diplomatik fəaliyyətini artıq başa vuran İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ona görə hələ vəzifədə saxlanılır ki, İran-Azərbaycan münasibətlərini normallaşdırsın.

MUSA.jpg (63 KB)

Biz dəfələrlə İran tərəfindən ikitərəfli münasibətləri normallaşdırmaq və Azərbaycan Səfirliyinin bərpa olunması ilə bağlı mesajlar görmüşük. Təəssüflər olsun ki, İran parlamentinin üzvünün bu cür müharibəyə səsləyən, eləcə də açıq və birbaşa hücumun təşviqinə yönəlmiş mesajına İran tərəfindən hər hansısa bir təpki yoxdur. Əlbəttə, onun qanunvericilik çərçivəsində toxunulmazlıq mandatı ola bilər, amma bu, heç də ona dəlalət etmir ki, dövlət aparatı, din xadimləri bu cür açıq hücuma səsləyən şəxsə irad bildirməsinlər”.

Politoloq əlavə edib ki, bu cür fikirlər həm də insanlıq əleyhinədir:

“Bu cür dairələrin qəhrəmanlığı, sosial şəbəkələr üzərindən qəhrəmanlaşdırılması, hədə-qorxu bəyanatları əlbəttə ki, regional təhlükəsizlik təhdidlərini gücləndirməklə yanaşı, İranla Azərbaycan arasında olan münasibətlərə də zərbə vurur, eyni zamanda normallaşma dövrünə daxil olan əlaqələri də sıfıra endirir. Yaxşı olardı ki, İran parlamenti adı çəkilən deputata qarşı intizam, tənbeh tədbiri həyata keçirsin və bir daha bu cür hər hansısa hücum meylli fikirlər ünvanımıza səslənməsin”.

zaur.jpg (49 KB)

“Bakı Politoloqlar Klubu”nun sədri, politoloq Zaur Məmmədov isə qeyd edib ki, İran və İsrail arasında münasibətlər heç vaxt yaxşı olmayıb, olduqca gərgin əlaqələr davam etməkdədir:

“Bu kontekstdə düşünmürəm ki, Azərbaycan tərəf olmaq fikrindədir. Əgər kiminsə kimləsə problemi varsa, onlar öz aralarında bu problemi həll etsələr, daha yaxşı olardı. Azərbaycanı növbəti Suriyaya, İraqa çevirmək cəhdlərinin qarşısı əlbəttə ki, kəskin şəkildə alınacaq və bura kimin üçünsə plasdarm olmayacaq. Vaxtilə Qərb Azərbaycana təklif edirdi, İrana qarşı burada bir cəbhə açmaq istəyirdilər. Amma Azərbaycan qətiyyətlə bunu rədd etdi və öz qonşusuna qarşı kiminsə kiməsə qarşı mübarizəsində yer almayacağını bildirdi. Eyni zamanda bizə qonşu olan ölkələr də bilsinlər ki, onlar da müxtəlif ölkələrlə mübarizələrini yaxşı olardı ki, öz ərazilərində həyata keçirsinlər. Bölgədə sabitlik bizim üçün olduqca vacibdir. Bu sabitliyi pozmağa xidmət edən bəyanatların verilməsini isə Azərbaycanda daim qıcıqla qarşılayırlar. Belə bəyanatları verənlər varsa, bu, əlbəttə ki, heç də xoş bir hal deyil. İsrail və İran arasında, istərsə də İran və digər ölkələr arasında və yaxud İsraillə digər ölkələr arasında - kimin kimlə problemi varsa, onlar həmin coğrafiyalarda bu və yaxud digər şəkildə məsələni həll edə bilərlər.

Ümumiyyətlə, Azərbaycan digər istiqamətdə yerləşən bir ölkədir. Azərbaycan hazırda mübahisə edən tərəfləri barışdırmaqla məşğul olan, bir-birinə qarşı müxtəlif sualları olan dövlətləri bir araya gətirən bir ölkə imicini qazanıb. Ona görə də buranın plasdarma çevrilməsinə imkan verilməyəcək”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR