İnsanlara hürriyət, millətlərə istiqlal!

İran “altılığı” - rəhbərin rəğbəti kimədir...

726 11.06.2024 11:02 Siyasət A A

Qonşu ölkənin yeni prezidenti kim olacaq?

İran Daxili İşlər Nazirliyi iyunun 28-də ölkədə keçiriləcək prezident seçkisində iştirak edəcək 6 namizədin siyahısını açıqlayıb. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, seçkiyə Təbrizin İran parlamentindəki nümayəndəsi, azərbaycanlı Məsud Pezeşkian, keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi, İranın dini rəhbərinin Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Tehranın meri Əlirza Zəkani, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin spikeri Məhəmməd Bagir Qalibaf buraxılacaq.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və parlamentin keçmiş spikeri Əli Laricaninin adları namizədlər siyahısına salınmayıb.

Yada salaq ki, seçkiyə 80 nəfər namizədliyini irəli sürmüş və qeydə alınmışdı. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində yekun rəy verəcək. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanmalı idi. Buna baxmayaraq, bu gün yekun siyahı artıq elan edilib.

Bəs iddiaçılar arasında favorit varmı? Dini lider Əli Xameneyinin rəğbəti daha çox kimin tərəfində?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov hesab edir ki, cənub qonşumuzda prezident seçilmək istəyən şəxs ruhən bu ölkənin dini liderinə yaxın olmalıdır: “İran dövlətinin daxili və xarici siyasətini İranın prezidenti deyil, bu ölkənin dini lideri müəyyən edir. Bu səbəbdən İranda o kəslərin namizədliyi qeydə alınır ki, onlar dini liderin "süzgəcindən" keçə bilirlər. Bir sözlə, bu, azad seçki deyil, prezidentliyə namizədliyi “bəyəniləcək” adamların siyahısında kimlərin olacağı əvvəlcədən bəllidir. Yəni hər hansı bir namizəd mütləq dini liderə ruhən yaxın olmalı, onun kursunu ürəkdən dəstəkləməlidir. İranda kimin prezident seçilməsindən asılı olmayaraq, İslam respublikasının idarəçiliyində və ya xarici siyasətində hər hansı bir dəyişikliyin baş verməsi gözlənilən deyil. Seçilən prezident dini liderin müəyyən etdiyi kursu reallaşdırmaqla məşğul ola bilər. Əgər yeni seçilmiş prezident bir müddət sonra “çaşıb” mövqeyini dəyişmək istəsə, rejim bunu ona bağışlamaz. Bu ölkədə rejimin fəaliyyəti elə formalaşdırılıb ki, prezident, sadəcə, dini liderin siyasətinin icraçısı rolunda ola bilər. İranın Qərblə münasibətlərində hər hansı bir dəyişikliyin mümkünsüzlüyünü biz artıq on illərdir ki, müşahidə edirik. Yeni prezidentin də bu məsələdə nəsə edəcəyi mümkünsüzdür. Qərb İranı sanksiyalar altında saxlayıb sıxışdırsa da, bu bölgədə “balanslaşdırılmış” bir durumu saxlamaq üçün İranın üzərinə sona qədər getmir. Yəni onu özünün müəyyən etdiyi qırmızı xəttin çərçivəsində saxlayır. Əgər İran bu qırmızı xətti keçərsə, o halda Qərb qətiyyətlə davranıb İran rejiminin sonunu gətirər. Lakin dünyada indi baş verən hadisələr fonunda bu bölgədə Qərbə hələ ki İran faktoru lazımdı. İran rejimi də Qərbin bu münasibətindən yetərincə yararlanıb, öz hakimiyyətinin ömrünü uzadar. Bütün bu gerçəklər ortada olduğu təqdirdə, İranda kimin prezident olmasının ciddi əhəmiyyəti yoxdur. Ona görə Qərb də İranda keçiriləcək prezident seçkisinə sıfır münasibət sərgiləyir. Namizədlərin sırasında əslən azərbaycanlı olan birisinin indiki dönəmdə prezident seçilməsi isə heç inandırıcı görünmür". 

Bəhruz Məhərrəmov: "Azərbaycan tarixin heç bir dövründə bu qədər güclü  olmayıb"

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov qeyd etdi ki, İranın oturuşmuş dövlətçilik ənənələri və möhkəm teokratik sisteminin mövcudluğuna baxmayaraq mərhum Seyid İbrahim Rəisinin 19 may 2024-cü ildə vertolyot qəzası nəticəsində dünyasını dəyişməsi bu ölkə siyasətində gözlənilməz situasiyaya yol açdı: “İran tarixində ən mühafizəkar hökumət başçısı və Ali Dini Liderə də xüsusi yaxınlığı ilə seçilən Rəisinin ən azı daha 6 illik hakimiyyət perspektivi var idi və İranın ali rəhbəri də onun prezidentliyindən məmnun görünürdü. Lakin ssenarinin fərqli məzmunda cərəyan etməsinin ardından İran özünün 9-cu prezidentini seçməyə məhkumdur. 

Bildiyiniz kimi, prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi kifayət qədər fəal keçmiş, aralarında İranda və bütövlükdə coğrafiyamızda kifayət qədər tanınan və nüfuza malik, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və parlamentin keçmiş spikeri Əli Laricaninin də olduğu 90-a yaxın insanın seçki marafonuna maraq göstərməsi prosesin kifayət qədər ağır keçəcəyini deməyə əsas verirdi. Düzdür, aydın idi ki, müraciət edənlərin heç də hamısı prezidentliyə namizəd kimi qeydə alınmayacaq. İran qanunvericiliyinə görə İran İslam Dövlətinin Konstitusiyanın Keşikçiləri Şurası bütün namizədlərin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini tək-tək araşdırır və yaxın bir həftə ərzində yekun rəy verir. İyunun 4-dən 11-nə qədər Şura namizədin tələblərə uyğunluğunu öyrənməli idi. Lakin iştirakçıların yekun siyahısının iki gün tez - iyunun 9-da yekun siyahı artıq elan edilməsi, səbəbi açıqlanmasa da İranın ali rəhbərliyinin prosesləri tezləşdirməyə ehtiyac duyduğunu göstərir.

Beləliklə, İran Daxili İşlər Nazirliyinin açıqlamasından da göründüyü kimi, prezident seçkisində 6 namizəd iştirak edəcək. Maraqlıdır ki, namizədlərin demək olar ki, hamısı İran üçün əhəmiyyət kəsb edən fiqurlardır. Bir sözlə, bu dəfəki seçkiləri “nəhənglərin yarışı” hesab etmək olar. Lakin indidən Seyid Əli Hüseyn Xameneyinin  Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin adı xüsusi şanslı namizəd kimi hallanır. Bunun isə çox sadə səbəbi var. 

Məlumdur ki, İran prezidentləri əslində dövlətə yox, hökumətə başçılıq edir. Dövlətin siyasi və iqtisadi kursunda önəmli rol oynasa da, İran prezidenti bu kursda köklü dəyişiklik etmək iqtidarında deyil və bir qayda olaraq Ali Rəhbərin iradəsi çərçivəsindən çıxa bilmir. Belə olan halda Ali Dini Liderə ən yaxın olan şəxsin şanslarının Tehranın meri Əlirza Zəkani, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin spikeri Məhəmməd Bagir Qalibafdan daha yüksək qiymətləndirilməsi təbii görünür. Əlbəttə, qonşu olaraq biz də İranda siyasi prosesləri izləyirik, hər şeyin İran xalqının iradəsi və rifahı naminə inkişafını arzu edirik. Bildiyimiz kimi, İranla münasibətlərimizdə müəyyən gərginliklər müşahidə olunmuşdu, lakin bu ilin may ayının 19-da baş tutmuş təmaslar Bakı və Tehran arasında yeni uğurlu start hesab oluna bilər. Ortada əlaqələrimizin daha da dərinləşməsi üçün ciddi siyasi iradə var. İran Azərbaycanın artan önəmini yaxşı başa düşür və obyektiv, hətta subyektiv məqamlara diqqət etdikdə də aydın görünür ki, Bakı və Tehran arasında münasibətlərin inkişafı hər iki tərəfin milli maraqlarına uyğundur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR