Maliyyə naziri Samir Şərifovun vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunması hökumətin dövlət gəlirləri və ümumilikdə maliyyə sektoru ilə bağlı yeni planlarının tərkib hissəsi ola bilər.
News24.az xəbər verir ki, bu barədə “Azpolitika” yazıb.
Nəşr xatırladıb ki, Samir Şərifovla bağlı qərar verilsə də, onun yerinə – maliyyə naziri postuna təyinat olmayıb. Bunun fonunda ehtimal olunur ki, dövlət gəlirləri və ona nəzarət sektorunu əhatə edəcək vahid dövlət qurumu formalaşdırılır. Belədə Maliyyə Nazirliyi də nəzarət funksiyaları ilə birlikdə yeni qurumun tərkib hissəsinə daxil edilə bilər.
Versiyalardan biri odur ki, yeni qurumun tərkibinə Maliyyə Nazirliyi ilə yanaşı Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar daxil edilə bilər.
“Bir sıra ölkələrin təcrübəsində dövlət gəlirləri vahid qurum tərəfindən idarə olunur və görünür, Azərbaycan hökuməti də bu təcrübədən istifadə etmək qərarına gəlib”, – “Gününsəsi”nin mənbəsi bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunmağa başlandığını deyib. “İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var”, – dövlət başçısı Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZKON) yaradılmasının səbəbləri, bu təsisatdan gözləntilərlə bağlı sualı cavablandırarkən demişdi.
Hökumətin iqtisadi komandasında nələr başç verir? İlin əvvəlindəki bahalaşma nədən xəbər verir?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. YAP-çı deputat Elman Nəsirovla Real sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.