Demokratik əqidəli rusiyalı jurnalistlər rəhmətlik Saparmurad Türkmənbaşının ardınca ona da oxşar Belarusbaşı ləqəbi qoydular – bəli, söhbət Belarus prezidenti Aleksandr Lukaşenkodan gedir, hansı ki, bu ay düz yeddinci dəfə prezident olmağa hazırlaşır!
Düşünürsünüz ki, olmayacaq? Baxarsınız elə olacaq ki? Onun artıq müxalifətin etirazlarını boğmaq, seçkiləri saxtalaşdırmaq üçün böyük təcrübəsi var, üstəgəl, otuz ildən çoxdur ki, Belarusu özünün böyük bir SOVXOZUNA çevirib, yəni özünün avtoritar idarəçiliyinin, daha doğrusu, diktaturasının ömrünü uzatmaq üçün onun kimdənsə təcrübə və siyasi vərdişlər əxz etməyə heç bir ehtiyacı yoxdur, o, bu sahədə ən azı hazırda həyatda olan ən böyük mütəxəssislərdən biridir...
Belarusda prezident seçkisi yanvarın 26-da olacaq. Doğrusu, mən bu mövzuya heç toxunmaq istəmirdim, çünki Lukaşenkonun Belarus siyasi Olimpini növbəti dəfə necə “fəth edəcəyi” məni qəti maraqlandırmır, bu xüsusda edə biləcəyimiz böyük Mahatma Qandinin məsləhət bildiyi kimi, ya Lukasenkonu tamam “görməməkdir”, ya da digər bir dahinin – Aleksandr Soljenitsının dediyi kimi, onun yalan sənayesinə - industriyasına qoşulmamaqdır, hərçənd ki, hər iki dahinin nəzəriyyəsilə bağlı çox kiçik iradlarımız var...
Birincisi, İkinci Dünya müharibəsi zamanı, faşizm addımbaaddım Avropada irəliləyən zaman M.Qandı bütün avropalılara, xüsusən də ingilislərə məsləhət görmüşdü ki, qapı-pəncərələrini bağlayıb faşist rejimilə sadəcə, əməkdaşlıq etməsinlər.
Amma daha realist olan digər siyasətçi– böyük Çörçill nə etdi? Sinəsini irəli verib faşizmlə mübarizəyə başladı və nəticədə dünyanı faşizmdən xilas edən üç kişidən biri oldu!..
İkincisi, Soljenitsının nəzəriyyəsinə gələndə, təkcə yalana qoşulmamaqla məsələ həll olunmur, elə susmaq da razılıq əlamətidir.
Belarus yazıçısı, hətta deyərdim klassiki Vasil Bıkov Lukaşenkonun siyasətinə etiraz olaraq neçə il Almaniyada yaşadı, onun yalanına qoşulmadı, amma bu, nəyisə dəyişdimi? Səhv etmirəmsə, Vasil Bıkov artıq dünyasını dəyişib, amma Lukaşenko düz yeddinci dəfə prezident olmağa hazırlaşır...
Bəs bu mövzuya niyə baş qoşdum? Bu həftə ABŞ prezidenti Cimmi Karter dəfn olundu və ölkə onun üçün matəm etdi.
Əlbəttə, ölüm həmişə kədərlidir, baxmayaraq, Karter uzun (101 il!) ömür yaşadı, amma insanları yenə də onların keşmiş prezidentlərinin ölümü kədərləndirir, hətta dünyanın başqa ölkələrində də bu kədərli hadisə diqqətdən kənar qalmadı, onun haqqında dünyanın bütün KİV-ləri yazdılar, danışdılar və göstərdilər.
Amma bizə elə gəlir ki, Karterin ölümü ilə bağlı matəm elan etməyə dəyməzdi, deyəsən, qoca Bayden lazım olandan çox sentimentallıq etdi. Bunu ona görə deyirik ki, Karter çox uzun, mənalı və maraqlı bir ömür yaşadı, kaş, hamımıza belə bir ömür qismət olaydı...
Belə insanları son mənzilə yola salarkən sadəcə, sonuncu dəfə təzim etmək yetər, axı həyatdan həqiqətən də dahi adam gedir...
Karter çox fəal və yaradıcı siyasətçi idi. Əvvəlcə onu qeyd edək ki, özünün yüz illik ömrü ərzində o, cəmi dörd il prezident olmuşdu, yəni cəmi bir prezidentlik müddəti, amma bu, kifayət etdi ki, insanlar ona “cənab prezident” deməkdə davam etsinlər...
Biz burada digər “prezidenti” (bəli, dırnaqda! çünki prezidentlik demokratik institutdur və onu yalnız demokratik prosedurlarla tutmaq olar), yəni Lukaşenko cənablarını təsadüfən xatırlamadıq. Bir daha qeyd edək ki, o, yeddinci dəfə də prezident olacaq, bəlkə, hələ səkkizinci dəfə də insanların gözünü dağlayacaq, amma o, heç vaxt ikicə sözdə, “cənab prezident” sözlərində ifadə olunan sevgini və hörməti duymayacaq, ən yaxşı halda bunu adi bir protokol qaydası formasında eşidəcək və yaxud da insanlar qorxularından onu belə çağıracaq – bəli, qorxutmağı isə o, bacarır, beləki biz bu sətirləri yazmağa başlayarkən belə xəbər yayıldı ki, Aleksandr Lukaşenko seçki dövründə “qayda-qanunun” olması üçün hətta ordudan istifadə etməyi tapşırıb. Belədəsə, o, öz vətəndaşları üçün həmişə Belarusbaşı olub və belə də qalacaq...
Karterə gəldikdə isə, o, bizim yaddaşımızda daha çox özünün “insan haqları diplomatiyası” ilə qaldı. Bu adam insan haqlarını diplomatik münasibətlərin əsas elementlərindən birinə çevirə bildi. Bəli, insanlar hər şeyi bəsitləşdirməyi, primitivləşdirməyi, hətta gözdən salmağı belə sevirlər, çünki dağları alpinistlər sevir, insanların çoxu üçün kiçik təpələr belə kifayət edir...
Yarım əsrlik soyuq müharibə bitəndən, daha dəqiq olsaq, ilk romantik və eyforik postkommunist və postsovet illərindən sonra çoxu başladı ki, guya insan haqları da Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-ni dağıtmaq, kommunist imperiyasını çökdürmək və başqa ölkələrin “daxili işlərinə” qarışmaq üçün uydurduğu bir alət idi! Belədirmi?
Yazı ərəfəsində internetdə Karterlə bağlı materiallara bir daha baxdıq. Yox, o, hətta özünün siyasi fəaliyyətinə insan haqlarının müdafiəsindən başlayıb, qaradərili amerikalıların da hüquqlarını müdafiə edib.
Ona görə də təəccüblü deyil ki, bu adam bu mövzunu böyük siyasətə və hətta diplomatiyaya gətirib.
Təəssüf, bu, indi az adamı maraqlandırır. Nələr demirlər? Bilmirik, 21-ci əsr nə ilə yadda qalacaq, amma ötən əsrin ən böyük nailiyyəti bu idi ki, hər yerdə insanlar belə həqiqəti qəbul etməyə başlamışdılar ki, insan haqları universaldır və üstündür, ona görə də onlar heç bir dövlətin və ya rejimin daxili işi deyil, ola da bilməz...
Bəzən belə təsəvvür yaranır ki, indi dünyada əks proses gedir. Suverenlik və milli müstəqillik şirması arxasında gizlənən cırtdan diktatorların və siyasi liliputların sayı artır, üstəgəl, hətta ABŞ kimi ölkələrin siyasətində və diplomatiyasında insan haqları və demokratiya ilə bağlı tələblər ən adi, hətta ani geosiyasi və geoiqtisadi maraqlarla sıxışdırılır.
Biz ABŞ-ın siyasi tarixi üzrə mütəxəssis deyilik, ola bilsin, Katerin də prezident kimi çox böyük səhvləri olub, amma bizə elə gəlir ki, onunla birlikdə dünya siyasətindən böyük bir EPOXA gedir.
Hazırda insanlar nələrdən danışmırlar, nələrlə bağlı müzakirə yürütmürlər, amma demokratiya və insan haqlarından söhbət düşəndə ən yaxşı halda ironiya edirlər ki, hansı haqlardan söhbət gedir, bunların hamısını MKİ uydurub!
Belə söhbətləri, “mülahizə”ləri eşidəndə az qalırsan bağırasan ki, əzizlərim, cənablar, bəlkə bizim İNSAN OLDUĞUMUZU da Mərkəzi Kəşfiyyat İdarəsi uydurub?..
Ona görə də Karterin xatirəsinə ehtiram əlaməti olaraq papaqlarımızı bir anlığa çıxarmağa dəyər, çünki həyatdan AMERİKABAŞI yox, prezident getdi!
Bəli, prezidentlər gedir, belarusbaşılar qalır! Dünya həqiqətən də çox ziddiyyətli və hətta paradoksaldır...
Bircə anlığa, son olaraq qayıdaq Belarusa. Hazırda Nobel mükafatı laureatı rus dilli ədib belaruslu S. Aleksieviçdir, yəni bu ölkə heç də uzaq və geri Afrika ölkəsi deyil, o, az qala, Avropanın ortasında olan bir ölkədir. Həm də bu ölkə böyük “heyvandarlıq sovxozu” da deyil, amma mən şəxsən başa düşə bilmirəm: Lukaşenko kimi primitiv adam bu ölkəni otuz ildən çoxdur necə, hansı elmlə “fırlada” bilir?..
Amma qüssələnməyə də dəyməz: prezident kimi yadda qalmaq üçün Karterə dörd il bəs etdi, Lukaşenko isə hətta qırıx il hakimiyyətdə olsa belə yenə də yaddaşlarda qalmayacaq, hətta qalsa da, Belarusbaşı kimi qalacaq xatirələrdə...