İnsanlara hürriyət, millətlərə istiqlal!

İnhisara qarşı hasar – Milyonlar qazanmaq üçün milyonları zəlil edənlər

1856 25.02.2023 10:40 Yazarlar A A

“İnhisar” desək, bir xeyli adam anlamayacaq. Amma “monopoliya” desək, hamı biləcək ki, söhbət nədən gedir. Bu, yunan kəlməsidir, mənası “tək satıram”dır.

Bu adda stolüstü oyun növü də var. Həmin oyunda oyunçular altı üzlü zəri monopoliya taxtasının üzərində hərəkət etdirərək ticarət məhsullarının alqı-satqısı ilə məşğul olur, evləri və ya otelləri böyüdürlər.

Amma iqtisadi sferadakı monopoliya oyun-filan deyil. Müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya bir şirkət tərəfindən təqdim edildiyi haldır.

Postsovet ölkələrinin əksəriyyətində olduğu kimi, ölkəmiz də monopolistlər ölkəsidir.

Monopoliya vasitəsilə ilə qısa müddətdə milyonçu və milyarder olmaq mümkündür. Eyni məhsulu satan və ya eymi xidməti təklifin edən rəqibin yoxdursa, əlbəttə, o məhsula və xidmətə ehtiyacı olan hər kəs sənə möhtac olacaq və diqtə etdiyin tarifə uyğun hesablaşacaqlar. Bazarda bir satıcı və çoxlu sayda alıcı varsa, adamın sürətlə varlanmaması mümkün deyil.

Bu üzdəndir ki, dünyanın inkişaf etmiş ölkələrində qəbahət və iqtisadi qanunlara zidd sayılan bu iş ölkəmizdə qürrə yeridir. Bazarda-dükanda, sair yerlərdə tez-tez belə lovğalanmalara rast gələ bilərik: “Bu malı (materialı, inventarı) ölkəyə yalnız biz gətiririk”; “Bunun, necə deyərlər, monopolisti bizik, başqa yerdə bundan aşağı qiymətə tapmayacaqsınız”; “Bunun qiymətini öz monopolisti belə qoyub, aşağı yeri yoxdur” və s.

Hazırda varlı adam kimi tanıdığımız biznesmenlərin çoxu heç də xüsusi qabiliyyətlərinin, iqtisadi zəkalarının sayəsində hüdudsuz sərvətlərə yiyələnməyiblər, sırf inhisarçılıq yoluyla varlanıblar. Onları bu imkandan məhrum etsələr, hətta bu saatdan sonra bazarda rəqibləri əmələ gəlsə, çox çəkməz, müflis olarlar. Divin canı şüşədə olduğu kimi, bəzi oliqarxların canı da inhisarçılıqlarındadır.

İnhisarçılıq iqtisadi inkişafı, bazar iqtisadiyyatını, ümumxalq rifahını tormozlayan faktordur. Onun təntənədə olduğu yerlərdə azad iqtisadiyyatdan, sağlam rəqabətdən, bolluqdan, qiymətlərin aşağı-yuxarı tərərddüdündən söhbət gedə bilməz. Monopoliya yalnız yuxarı dırmanan qiymətlərlə işləyir. Heç yerdə malını dünəninkindən ucuz təklif edən inhisarçıya rast gəlməzsən.

Dünyanın bir çox ölkələrində iri sindikatların qanunvericilərə təsir edərək öz mənafelərinə uyğun qanunlar qəbul etdirdikləri barədə çox oxumuşuq, bilirik. Bu, çox yerdə var. Məsələn, ABŞ-da hər gün odlu silahlarla törədilən qətliamlar olsa da, nə ştatlar, nə də federal hakimiyyət odlu silahın açıq satışını qadağan etmirlər. Çünki iri silah istehsalçıları bu xüsusda qanunun qəbul edilməsinə mane olurlar. Nəticədə o ölkədə insanların istifadəsində milyonlarla odlu silah var və çoxu heç də divarda asılmayıb, avtomobillərin yan qoltuğunda, ya da pencəyin, köynəyin altından kəmərə keçirilmiş halda daşınır. Son nəticə: kütləvi qətliamlar, adi mübahisə zamanı törədilən qətllər...

Belə anlaşılır ki, bizim ölkədə də çox pul qazanan bəziləri qanunvericilik orqanlarından öz mənafeləri üçün istifadə edirlər. Hansısa yasaqlayıcı qanun və ya qanuna düzəliş, bir də görürsən ki, kimlərinsə biznesini çiçəkləndirdi.

Tez-tez belə soraqlar gəlir: “Ölkəyə mobil telefon gətirmək yasaqdır”. Niyə? Məgər Azərbaycanda mobil telefon istehsal olunur ki, onun gətirilməsi yerli istehsalçı üçün problem yaratsın?

“Filankəsdən başqa ölkəyə heç kim banan gətirə bilməz”. Nədən? Onun Seneqalda banan plantasiyası var, başqasının yoxdur?

“Trendyol”, “Amazon” və başqa onlayn satış platformalarının məhdudlaşdırılmasına dair artıq ölkədə ajiotaj doğurmuş söz-söhbətin mayasında da inhisarçılıq amili durur. Türkiyədən 30 lirəyə alınan əmtəəni gətirib Azərbaycanda 30 manata (yəni 3 dəfə baha qiymətə) satan işbazların bazarı rentabelli olmur. Onlar camaatın dərisini soymağa öyrəniblər, amma indi yüz minlərlə insan onlayın satış platformalarının qismində alternativ mağaza tapıb və alış-verişini orada edir, bu isə trikotaj məmulatlarının topdan satışına nəzarət edənlərə ziyan vurur.

Nədir, yoxsa yenə sovet dövründəki kimi olmalıdır? O vaxtlar xaricdən, Moskva və Leninqrad kimi iri şəhərlərdən gələn dost-tanışlarımızdan hansısa əmtəəni ikiqat qiymətinə alırdıq ki, gedib “qara bazar”da üçqat qiymətə almayaq. İndiki 25-30 manatlıq cins şalvarları yenə 250 manata almalıyıq?

İnhisarçıları durdurmaq, inhisarların önünə hasar çəkmək lazımdır. Qoy monopolistlər 5 manat az qazansınlar, 47-ci villalanı tikdirməsinlər, 46-sı bəsləridir, dünyanın son model lüks avtomobillərindən ibarət qaraj düzəltməsinər, 10-15 avtomobil kifayətdir. Belə etsələr, milyonlarla başqaları da əyinlərinə münasib qiymətə paltar alar, düz-əməlli qidalanar, bir az rahat yaşayarlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR