İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilislərin sevimlisi və 56 ildir bitməyən mübahisə - VİDEO

2721 11.12.2022 13:25 Yazarlar A A

 

O vaxtdan bəri bir neçə imperiya dağılıb (SSRİ, Yuqoslaviya), dünyanın siyasi xəritəsi 50-dən çox yeni dövlətin yaranmasıyla daha alabəzək olub, insan oğlu kosmosu fəth edib, Yerin əhalisi daha 3 milyard nəfər artıb, nə bilim, yeni münaqişələr, müharibələr başlayıb, köhnələr sülhlə nəticələnib, amma hələ də Almaniyada, İngiltərədə və Azərbaycanda 56 il öncə futbol mindialının finalında baş verən hadisəni müzakirə edirlər.

1966-cı il mundialında azərbaycanlı hakim Tofiq Bəhramov ingilislərin qolunu qeydə alıb. Top üst tirə dəyib, qapı xəttinin üstünə düşüb, xətti keçib-keçmədyi dəqiq bilinməyib, baş hakim Bəhramovdan soruşub, o da deyib, qoldur. Videosu da var. Həmvətənimiz qolu təsdiq edir, baş hakim “qol” deyib mərkəzə tərəf qaçır, almanlar şoka düşür və həmvətənimizin üstünə cumur, ingilislər sevinir.

Bu günlərdə sosial şəbəkələrdə İngiltərə millisinin futbolçusu Ceff Herstin 12 il öncə verdiyi sensasiyalı açıqlama yenidən tirajlanıb. Herst həmin haqq-hesabdan, yəni 1966-cı il dünya çempionatının finalında Almaniya üzərində qazandıqları 4:2 hesablı qələbədən danışıb və deyib ki, düzdür, həmin oyunda het-trik elədim, amma Tofiq Bəhramovun qərarı səhv idi, 3-cü qol qapı xəttini keçməmişdi.

Bəlkə də elə olub, Herst düz deyir. Hərçənd videodan görünür ki, top tirin alt hissəsinin elə yerindən dəyir ki, qapı xəttini keçməliydi, üstəlik, ən azı topun 70 faizinin xəttin o üzünə dəydiyini sezmək olar. Üstündən yarım əsrdən çox vaxt keçəndən sonra bu nəyi dəyişir axı?

Yaxşı, o qolu çıxaq, olsun 3:2. Bu təqdirdə də ingilislər qələbə qazanacaqdılar. Həm də bir komanda ki mundialın finalında rəqibinin qapısına 4 qol vurur, deməli, o komanda qələbəyə layiq imiş.

Herst bu etirafı edərək, özü demişkən, çiynindəki 44 illik yükü atıb, amma ta bilməyib ki, bu söhbət hələ yüz il də gedəcək.

Məsələnin pis tərəfi odur ki, o vaxtdan keçən 56 ildə ingilislər daha heç vaxt çempion ola bilməyiblər. O biri iddialı komandalar hərəyə 2-3 dəfə də çempion olublar, amma bunlar hər dəfə yaxşı komanda qururlar, gəlirlər, çempionluğa iddia edirlər, amma yarımfinala çatmamış uduzub gedirlər. Hər dəfə belə olanda İngiltərədə Tofiq Bəhramova kütləvi şəkildə rəhmət oxuyurlar. Bütün İngiltərə ona minnətdardır, hətta kraliça Elizabet də vaxtilə ona hörmət-izzətini ifadə etmiş, qızıl fit bağışlamışdı. Hərçənd məşhur hakimimiz həmin qolu fitlə yox, bayraqla qeydə almışdı. Yaxşısı elə qızıl fit imiş, onsuz da hakimə öz ölkəmizdə “Qırmızı əmək bayrağı” ordeni veriblər.

keyn.jpg (103 KB)

Dünən İngiltərə millisi Fransaya uduzub mübarizəni dayandırdı. Bu dəfə də hakimlərdə günah olmadı. Onlar VAR-a baxandan sonra fransızların qapısına ikinci penalti zərbəsi təyin etmişdilər, sadəcə, ingilislərin kapitanı Harri Keyn ikinci şansını qaçırdı. Üçüncü penaltini isə vermədilər. Ağ olardı. Dünyanın futbol ictimaiyyəti üsyana qalxardı.

Onsuz da nə qədər yeni texnologiyalardan istifadə olunsa da, ədalətsizliyə, sui-istifadə hallarına qarşı yeni-yeni mexanizmlər tətbiq edilsə də, futbolda tam ədaləti bərqərar etmək mümkün olmur. Yenə də tərəflərin hər ikisi cığallıq edir, yenə də rəqibinun qıçını qıran müdafiəçi hakimin üstünə cumur ki, mən ona toxunmadım, qərarın yanlışdır, yenə də “penaltiydi” və ya “penalti deyildi” həşiri göyə qalxır. Amma əsas odur ki, həmişə güclü olan qalib gəlir. Güclü və ağıllı olan. Hücuma ağıllı çıxan və müdafiəsini ağıllı quran. Qıvraq və əzmkar olmaq, ustalıq da öz yerində. Onsuz olmaz.

Bax, Mərakeş millisi yarımfinala çıxıb. Bəziləri deyir, elə oldu, belə oldu, nə bilim, müdafiədə yatdılar, filan. Nə edəydilər bəs, açıq verəydilər, portuqallar da qapılarını dolduraydılar? Bəs mərakeşlilərin dar sahədən topu 5-6 dəqiq ötürməylə meydançanın seyrək yerinə çıxarmaları, 90 dəqiqə cıdır atı kimi qaçmaları, 4-5 epizodda qapıçı ilə təkbətək qalmaları, ən ümdəsi 2 metr göyə tullanıb qol vurmaları hesaba girmir?

44.jpg (122 KB)

Kişinin uşağının oyununa baxırsan və istər-istəmə fikirləşirsən ki, başlarına qoyduqları fəs onlara halal olsun. Yeri gəlmişkən, biləndar adamlar deyir, Mərakeş millisi ən azı dünya 3-cüsü olacaq. (Müəllif bunu yazır və fikirləşir ki, elə olsa, bəziləri kimi, skrinşot edib, “baxın, mən yazmışdım” deyə paylaşım etsin. Olmasa, eybi yox, heç kəsin yadında qalan deyil).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR