İnsanlara hürriyət, millətlərə istiqlal!

İnfeksionist: “Koronavirusun bütün ştamları həssas insanları öldürə bilər”

1386 02.09.2022 18:38 Səhiyyə A A

Artıq bir neçə aydır ki, koronavirusa yoluxma sayı artan templə davam edir. Son günlərin statistik rəqəmlərinə görə yoluxma sayı 500-ün üzərindədir. Həkimlərin proqnozuna görə, Azərbaycanda yoluxmanın pik həddi payızda müşahidə ediləcək. Azərbaycanda koronavirusa yoluxma hallarının artmasını həm də yeni ştam olan “Kentavr”la  əlaqələndirirlər. Qeyd edilir ki, bundan əvvəlki ştamlarda qızdırma və öskürək olurdusa, indiki halda ürəkbulanma və diareya da bu simptomlara əlavə olunub. Düzdür, Səhiyyə Nazirliyi bunun ölkəmizdə aşkarlandığını rəsmi elan etməsə də, həkimlər əlamətlərə görə yeni ştamın yayıldığını istisna etmirlər. Bəs görəsən, bu ştam nə dərəcədə təhlükəlidir?

Bəzi ekspertlər də yoluxma sayı ilə bağlı açıqlanan rəqəmləri real hesab etmir, yoluxma sayı rəsmi statistikada qeyd olunandan çoxdur. Çünki həkimə müraciət edənlərin, test verənlərin sayı azalıb.

e318e147-8f29-4899-adbe-873a24afdefe-450x250-1.jpeg (26 KB)

İnfeksionist Nicat Əzimli mövzu ilə bağlı Musavat.com-a bunları şərh etdi: “Bu ştamın çox öldürücü olmadığı qeyd olunur. Təbii ki, bu da orqanizmdə hər hansı yanaşı xəstəliyi olan və ya digər faktora görə risk qrupuna daxil olan şəxslər üçün təhlükəli ştamdır. Fərqi yoxdur, koronavirusun bütün ştamları həssas insanlarda ağırlaşma verə bilər, hətta ölümlə nəticələnə bilər. Nə qədər çox letallığı, yəni öldürücülüyü yüksək sayılmasa belə bu varianta qarşı ehtiyatla davranmaqda fayda var. Əgər sonuncu vaksinasiyadan 6 ay vaxt keçibsə, mütləq təkrar vaksinasiyada iştirak etməlidir. Çünki bədəndə yaranmış süni immuniteti zəifləyir və həmin insan COVİD-dən qoruna bilmir. Ona görə də süni immuniteti bərpa etmək üçün revaksinasiyada iştirak etmək vacibdir. Qarşıdakı mövsümlə əlaqədar olaraq isə hər il koronavirusda da, eləcə də digər respirator infeksion xəstəliklərdə də yoluxmaların artması təbii hesab olunur. Bunun baş verməsi təbiidir amma burada təksə mövsüm də rol oynamır. Bu artım sonuncu ortaya çıxmış variant və subvariantların hesabına baş verir. Burada hər bir tədbirə ehtiyac var. Fərdi qaydada qorunma tədbirlərinə mütləq riayət edilməlidir”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yusif Nağıyev isə mediaya açıqlamasında deyib ki, ürək-damar xəstəliyindən əziyyət çəkənlər üçün koronavirusa yoluxma riskinin daha yüksəkdir: “Belə bir risk var və COVİD-19-a yoluxanlar arasında ilk növbədə ürəyin işemik xəstəliyi, arterial hipertenziya, şəkərli diabet, xroniki ürək çatışmazlığı olanlarda fəsadların ehtimalı yüksəkdir. Bununla yanaşı, bəzi tədqiqatlar göstərir ki, infarkt və ya insult kimi ürək-damar xəstəliklərinin riski koronavirusa yoluxub sonra sağalanlar üçün bir müddət aktuallığını itirmir. Xarici müəlliflərin fikrincə, ürək-damar sisteminin zədələnməsi COVID-19-un şiddətindən və ya sağalma müddətindən asılı deyil. Rusiyalı kardioloqların məlumatına görə, kardiologiya şöbəsinə yerləşdirilən hər üç nəfərdə koronavirusdan sonra ürək problemi aşkarlanıb. Bu vəziyyətdə simptomlar sağaldıqdan bir neçə ay sonra görünür.

b170ce82-74ad-383a-942b-0d490bf3683b.jpg (26 KB)

COVİD-19 həm qanyaradıcı, həm də ürək-damar sisteminə təsir göstərir. Nəticədə ürək çatışmazlığı inkişaf edir. Miokardit tez-tez ritm pozğunluqları, xüsusən də atrial fibrilasiya ilə müşayiət olunur. Nadir hallarda xəstənin ölümünə səbəb ola biləcək həyati təhlükəsi olan mədəcik taxikardiyasının inkişafına zəmin yarada bilər”.

Həkim, koronavirus infeksiyası laxtalanmaya səbəb olmaqla infarkt riskini artıra bilərmi” sualına da cavab verib: “Məlumdur ki, kəskin miokard infarktı aterotromboz nəticəsində baş verir. Bu, aterosklerotik piləyin yırtılması ilə əlaqədardır. Trombogen xəstəliyi kimi, COVİD-19 trombozların riskini artırır və məlumdur ki, bu xəstəliyin letallığı məhz onunla bağlıdır. Amma tədqiqatlar göstərib ki, yaşdan asılı olmayaraq inkişaf edən başqa bir mümkün fəsad meydana gələ bilər, yəni damarların daxili səthində aterosklerotik piləyin qeyri stabilləşməsi və yırtılması. Bu, miokard və ya beyin infarktının inkişafına səbəb ola bilər.

Digər ağır fəsad - ağciyər emboliyasıdır. Onun mənbəyi aşağı ətrafların damarlarında köhnə tromblardan qopmuş bir hissə və ya birbaşa ağciyər arteriyasında yeni yaranan tromb ola bilər”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR