İnsanlara hürriyət, millətlərə istiqlal!

İndi də ermənilər Parisi partlatmaq “istəyir”

923 18.01.2023 09:13 Siyasət A A

Ermənistanda Fransa əleyhinə etiraz aksiyası da keçirilib; Makron mövqeyini dəyişir, yoxsa maskasını?

Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pivenin İrəvana böyük ümidlərlə gözlədikləri səfəri erməniləri bərk məyus edib. Erməni mediasındakı yazılara görə, xüsusilə Fransa rəsmisinin səfəri fonunda prezident Emmanuel Makronun Azərbaycan səfirinin etimadnaməsini qəbul etməsi erməniləri daha da qəzəbləndirib.

Dünənədək Fransa Milli Assambleyasını və onun rəhbəri Yael Bron-Piveni “qəhrəman”, “demokrtaiya çarçısı”, “erməni xalqının dostu” adlandıranlar onun İrəvanda danışdıqlarını, yumşaq desək, topa tutublar. “Ermənistanda olarkən Azərbaycanı sevindirməyi bacardı”, - deyə Ermənistan mediasında bu cür başlıqlar yazılıb. Yanvarın 17-də Ermənistanda Fransa əleyhinə etiraz aksiyası da keçirilib.

Fransa rəsmisinin “regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar verməməlidir. Bizim mövqeyimiz aydındır, biz Qarabağın müstəqilliyini tanımamışıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir” - sözləri erməniləri daha çox hiddətləndirib. Ermənilər Piveni “siyasi ikiüzlü” adlandırıblar.

Ötən il Fransa Milli Assambleyasının və Fransa Senatının “erməni xalqının maraqlarını müdafiə edən qətnaməsini” yada salanlar sual edirlər: “Yael Bron-Pivenin bu addımını, bu çıxışlarını necə başa düşmək olar? Fransanın Parisin siyasi manevrlər adlandırdığı ad altında Artsaxın və erməni xalqının maraqlarına etinasızlıqmı?”

Düzdür, Yael Bron-Pive geri dönən ərəfədə erməni mətbuatına müsahibəsində erməniləri sakitləşdirməyə çalışıb, amma çətin ki, onun bu fikirləri ab-havaya ciddi təsir göstərsin. Sitat: “Fransanın məqsədi Cənubi Qafqazda sülhün bərqərar olması prosesinin maraqları naminə hərəkət etmək, beynəlxalq ictimaiyyəti Ermənistanın ərazi bütövlüyünə hörməti, habelə Ermənistanın müdafiəsini ehtiva edən sülh yolu ilə nizamlanma maraqları naminə birləşdirməkdir”. Fransız spiker absurd “Dağlıq Qarabağ xalqı”nın “hüquqları və təhlükəsizliyi”ndən dəm vurmaqla ermənilərin ürəyinə yol tapmağa çalışır. Bundan əlavə, qeyd edib ki, Fransa sülhün bərqərar olmasına gətirib çıxaracaq hərəkətlərin həyata keçirilməsinə, xüsusilə “Laçın dəhlizinin açılmasına”, Azərbaycanda saxlanılan “erməni hərbi əsirlərin azad edilməsinə” çalışır. Ermənistanın rəsmi təbliğatında daha çox vurğulanan bu məqamları sıralamaqla Pive nəyəsə nail olmağa çalışıb, amma əbəs yerə, artıq “ox yaydan çıxıb”, ermənilər lənətləyirlər. Özü də söhbət “çörəyi dizi üstə olan”lardan gedir. 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın etimadnaməsini qəbul edərkən Makronun “Fransa Azərbaycana dost ölkədir” sözləri də ermənilərin canına təlaş salıb. Məsələn, “ReportArmenia” saytı bu mövzuda yazır: “Bu, doğrudur, yoxsa Bakı mətbuatının güclü şişirtməsi? Fransadan heç bir təkzib olmadı. Üstəlik, biz gördük ki, Artsaxın müstəqilliyinin tanınması məsələsində rəsmi Parisin tarixi sıçrayış etməyə hazırlığı yoxdur. O, Azərbaycan rəhbərliyinə qarşı da sanksiyalar tətbiq etməyə hazır deyil”.

Eyni zamanda Ermənistandan əsasən Fransada məskunlaşan erməni diasporasına da hücum edilib. Kilikiya Böyük Evinin Patriarxı Birinci Aram “diaspora artıq tükənmək mərhələsindədir və dərhal yenidən təşkil edilməlidir. Diaspora Ermənistana qarşı biganə olub, xüsusən də Qarabağdakı 44 günlük müharibədən sonra” deyib. “Ona görə də təbii ki, öz əsas dəyərlərimizə və ideallarımıza sadiq qalaraq, yeni zamana və yeni imperativlərə uyğun yeni yanaşmalar hazırlamaq lazımdır”, - deyən Aram bu şəraitdə diasporun yenidən təşkilinin və yenilənməsinin vacibliyini vurğulayıb.

Beləliklə, Fransanın Azərbaycana qarşı ağılsız siyasətinə korrektələr etmək cəhdlərinə ermənilər üsyan edirlər. Üstəlik, diasporun yeni təşkilinə çağırışlar edilir. Bəzi ekspertlər Fransa hökumətinin Azərbaycanla bağlı sürətli mövqe dəyişikliyini inandırıcı hesab etmirlər. Çünki Bakı Parisin həftələr öncə qondarma qurumun “liderlərinə” öz məşhur media qurumlarında meydan verərək separatçılığın təbliği, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi üçün geniş imkanlar yaratdığını unuda bilməz. Azərbaycanın ərazi bütövlüyünü, onun suverenliyini təhlükə altına qoymaqla Ermənistanın “bacısı” funksiyasını hər vəchlə, canla-başla nümayiş etdirməyə çalışan rəsmi Parisin birdən-birə belə qərar dəyişikliyinə gəlməsi Fransanın, sadəcə, yeni oyunudur. Böyük ehtimalla Fransa anlayır ki, həm Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, sülh danışıqları istiqamətindəki təmaslar zamanı rəsmi Bakının icazəsi olmadan bu imkanı əldə edə bilməyəcək, həm də Kremlin də qeyd etdiyi kimi, BMT sülhməramlı qüvvələrinin Qarabağdakı Rusiya sülhməramlı kontingentini əvəz etməsi üçün tək İrəvanın icazəsi, istəyi kifayət etmir, bunun üçün mütləqdir ki, Azərbaycan dövlətinin də razılığı olsun. Elə bu səbəbdən də Fransa Azərbaycan qarşısında daha mülayim siyasi xətt seçərək, Ermənistanı Rusiyanın orbitindən çıxarmaq və bölgəyə daxil olmaq adına ilk olaraq Bakı ilə diplomatik münasibətləri normala döndərmək istiqamətində müəyyən hiyləgər gediş etməyi sınaqdan keçirmək fikrindədir. Əslində isə bu vəziyyətin Fransanın istəyinə çatana kimi davam edəcəyi istisna edilmir... Ekspertlərimizin mövqeyi necədir, Fransaya inanmaq olarmı?

Amerika kəşfiyyatının “verbovka” etdiyi azərbaycanlı direktor necə ƏLƏ  KEÇDİ...

İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, rəsmi Parisin “qərar dəyişikliyi” verdiyini düşünmür: “Rəsmi Parisin, yəni Fransa hökumətinin qərarı 44 günlük müharibə bitəndən sonra necə idisə, elə də qalıb. Fransa parlamentarilərinin "Artsaxın müstəqilliyini tanımaq" qətnaməsini Fransa hökuməti 2020-də də qəbul etmədi, bu gün də etmir. Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pivenin İrəvanda Qarabağın statusu ilə bağlı söylədikləri də həmin mövqenin dəyişmədiyini göstərir. Bu, Fransa dövlətinin qərarıdır və böyük dövlətçilik ənənələri olan Fransanın əks qərar qəbul edəcəyi gözlənilmir". İ.İsmayıl hesab edir ki, amma Fransa parlamenti, cəmiyyəti, ayrı-ayrı partiyaları, mediası Ermənistanı dəstəkləməkdə davam edəcək: “Bu, ilk olaraq erməni diasporasının ən güclü qolu olan Fransa erməni icmasının on illərlə apardığı təbliğatın nəticəsidir. Eyni zamanda Rusiyanın dünyada qlobal güc olaraq zəiflədiyi bir vaxtda Fransa Cənubi Qafqazda Rusiyanı əvəz etmək istəyir. Prezident Emmanuel Makronun siyasəti ona yönəlib ki, Qərbin simasında Fransa Cənubi Qafqazda məhz Ermənistanda təmsil olunsun, möhkəmlənsin, təsir dairəsini bölgədə genişləndirsin. Bu məqsədlə ilk addım kimi Fransa BMT-nin sülhməramlı mandatını alıb Qarabağda Rusiya sülhməramlılarını əvəz etmək üçün konkret addımlar atmasa da, müəyyən cəhdlər etdiyi hiss olunur. Amma indiki münasibətlər çərçivəsində bəri başdan bunun uğursuz olacağını söyləmək olar”. Ekspert qeyd etdi ki, nə Rusiya bölgədən çəkilməyə hazırlaşır, nə də tərəf kimi Azərbaycan bu mandata razı olası deyil: “Fransa ilə münasibətlərimizi maraqlarımızə xələl gəlmədən normallaşdırmaq istiqamətində siyasətimizi davam etdirməliyik. Kilsə nümayəndəsinin diaspora haqqında söylədiyi tənqidi fikirlər reallıqdır və Azərbaycan ərazi bütövlüyünü de-fakto tam həll etdikdən sonra dünənədək böyük təsir gücünə malik olan erməni diasporası tədricən tarixin arxivinə gömüləcək”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı da Fransanın səmimiliyinə inanmır: “Siyasətdə, hər hansı ölkəyə, xüsusilə də ermənilərin "bacılıqlarına", əlbəttə, inanmaq olmaz. Bu, hamının qəbul etdiyi normadır. Bu norma isə məlum “dövlətlər üçün dost-düşmən yox, maraqlar var” formulundan irəli gəlir. Fransanın mövqeyindəki dəyişiklik bir neçə amilin təsiri aktında formalaşıb. Bir tərəfdən, Fransa Azərbaycandan çox sərt, hətta gözləmədiyi təpkini aldı. Dövlət rəhbərliyi və cəmiyyət səviyyəsində Fransanı az qala “izqoy” dövlət elan etdik. Dost ölkələr, o cümlədən Türkiyə və İsrail də sərt təzyiq nümayış etdirdilər. İsraildən 30 siyasi xadimin Fransanı açıq şəkildə, hətta diplomatik etiketləri gözləmədən qınaması görünməmiş hadisə idi. Digər tərəfdən, Fransa hökuməti regionda artıq prioritetlərini müəyyən etməyə başlayıb. Başa düşürlər ki, Cənubi Qafqazda ab-havanı Azərbaycan müəyyənləşdirir, onunla hesablaşmaq lazımdır". A.Nağı qeyd etdi ki, başqa bir məsələ Ermənistan rəhbərliyinin mövqeyi ilə bağlıdır: “Ermənistan birmənalı şəkildə Azərbaycanın iradəsinə, cızdığı "yol xəritəsi"nə uyğun hərəkət edir. Fransa hökuməti real vəziyyəti anlayır və özünü Azərbaycanın yanında “pis adam”a çevirmək istəmir. Amma istənilən halda, onlara inanmaq, ehtiyatı əldən vermək olmaz. Makron sözünə inanılası “kişi”lərdən deyil. Yaddan çıxartmamalıyıq ki, Şarl de Qollun ölümündən sonra “Fransa dul qaldı” dedilər. Bununla bağlı Fransa rəhbərliyindəki “kişi defisiti” hələ də qalmaqdadır".

Hər halda, rəsmi Parisin bundan sonrakı mövqeyi diqqətlə izlənilməlidir. Əgər Makron sayca üçüncü dəfə BMT TŞ-yə anti-Azərbaycan çağırışı edərsə, yaxud Fransanın ölkəmizə qarşı hansısa diplomatik hücumu olarsa, o halda bu ölkə ilə münasibətlərə yenidən baxılması gündəmə gələ bilər. Əslində Azərbaycan parlamenti çox sərt mövqeyi ilə, həm də  ölkə hökumətinə çağırışı ilə Bakı-Paris münasibətlərinə təkrar baxılması üçün zəmin hazırlayıb. İstisna deyil ki, Makron bu reallığı başa düşərək gərginliyin səngiməsinə qərar verib. Ancaq hər halda, bu, Ermənistanın “böyük bacısı” olmaqdan, yaxud hansısa adlarla bölgəmizə müdaxilədən imtina demək deyil. Elə fransızların Avropa İttifaqı bayrağı altında bölgədə olmaqda davam etməsi də bunun əlamətidir...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR