İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin sonunadək sülh mümkündürmü? - erməni spiker nə demək istədi...

533 30.11.2023 13:03 Siyasət A A

Azərbaycandan Ermənistanın spikerinə cavab verildi; “İrəvan istər Simonyanın, istər Paşinyanın, istərsə də digər rəsmi şəxslərin vasitəsilə, sadəcə, manipulyasiya ilə məşğuldur”

2023-cü ilin başa çatmasına bir ay qalır. Bu ilin əvvəlindən sülh müqaviləsinə böyük ümidlər olsa da, 11-ci ayın sonunadək buna nail olmaq mümkün olmadı. Əlbəttə, bunun səbəbləri gün kimi aydındır - Ermənistan xarici təsir dairələrinin təzyiqi ilə sülh müqaviləsi imzalamaqdan imtina etdi. Ancaq sentyabrdakı lokal antiterror tədbirlərindən sonra yaranmış yeni reallıqlar Ermənistanı, deyəsən, düşünməyə vadar edib.

 “Siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Deyə bilərəm ki, biz demək olar bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm”, - Simonyan jurnalistlərə deyib.

“Ermənistan üçün ”Dağlıq Qarabağ" məsələsi mövcud deyil" deyən Simonyan qeyd edib ki, Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıb: “Biz son il yarım ərzində bunu bəlkə də səkkiz dəfə bəyan etmişik. Hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”, - spiker əlavə edib.

Bununla belə, Alen Simonyan Azərbaycanı müharibəyə hazırlaşmaqda, guya Ermənistanın bəzi ərazilərini işğal etməkdə suçlayıb. O qeyd edib ki, Azərbaycanın müharibəyə hazırlaşması sülh sazişini imzalamağa mane olur.

Simonyan bununla nə demək istədi? İkibaşlı açıqlamalar nəyə hesablanıb? Ermənistan sürətli sülh prosesinə həqiqətən maraq göstərirsə, Azərbaycanı ittiham etməsi nə deməkdir? Bu yeni bir hiylənin elementidir, pafosdur, yoxsa İrəvan artıq dalan dövləti olmaqdan imtina edərək, Azərbaycanın yaratdığı reallıqlarla uzlaşmaqdan başqa çıxış yolu olmadığının fərqindədir?

Yusif Bağırzadə: Ermənistan kimi qonşusu olan bir ölkə olaraq bizim daim  hazır vəziyyətdə olmamız şərtdir - "İki sahil"

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, “Dağlıq Qarabağ” məsələsi mövcud deyil" deyən, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdıqlarını və özü demişkən bunu dəfələrlə bəyan etdiklərini bildirən Simonyanın son açıqlamaları əslində yenə də beynəlxalq ictimai rəydə Ermənistanın sülhpərvər obrazını formalaşdırmaq cəhdindən başqa bir şey deyil. Əks təqdirdə, Azərbaycanın sülh təkliflərini çoxdan qəbul edər və bununla bağlı müvafiq sazişi imzalayardılar: “Ermənistan istər Alen Simonyanın, istər Nikol Paşinyanın, istərsə də digər rəsmi şəxslərin vasitəsilə, sadəcə, manipulyasiya ilə məşğuldur. Məqsəd guya sülhü Azərbaycanın istəməməsi ilə bağlı yanlış təsəvvürləri formalaşdırmaqdan ibarətdir.

Ermənistan rəhbərliyinin mütəmadi olaraq “Azərbaycanın müharibəyə hazırlaşması”, “sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarladığı artıq bir faktdır. Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını azı səkkiz dəfə bəyan etdiklərini deyən Simonyan o halda sazişi niyə imzlamadıqlarına aydınlıq gətirməlidir. Çünki məhz Ermənistan son 3 il ərzində öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb.

Əslində isə Ermənistan özü də Azərbaycanın yaratdığı reallıqları qəbul etməkdən başqa çarəsi olmadığını yaxşı dərk edir. Amma məsələ orasındadır ki, bu dövlətin hakimiyyəti 30 illik işğal dövründə olduğu kimi, yenə də müstəqil siyasət yürütmək ixtiyarında deyil".

Politoloqun sözlərinə görə, necə ki, işğal dövründə Rusiya, ABŞ və Fransa hər cür vasitə ilə sülhə mane olurdular, indi də dəyişən bir şey yoxdur: “Başqa sözlə desək, Ermənistanın sülh sazişi bağlaması üçün ağalarından icazə alması şərtdir. Əgər ABŞ və Fransa kimi dövlətlər Azərbaycana təzyiq etməyin, sanksiyalarla hədələməyin nəticə verməyəcəyini qəbul edərək, Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq üçün sülhün yeganə imkan olduğunu dərk etsələr, o zaman sülh sazişi də imzalanacaq. Əks təqdirdə, Ermənistan dalan dövləti olaraq qalmaqda davam edəcək və uduzan da təkcə Ermənistan yox, həm də onlara havadarlıq edənlər olacaq”.

Oxu.az - Alen Simonyan: “Ermənistan üçün Qarabağ məsələsi mövcud deyil” -  VİDEO

Alen Simonyan

Azərbaycan Milli Məclisi də Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibət bildirib. Musavat.com-a daxil olan  məlumata görə, açıqlamada deyilir: “Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirib. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin "absurd iddialar" növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil. Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq “arzusunu” gələcəyə baxış adı altında pərdələməyə çalışır. Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı soyqırımının törədilməsinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək.

İşğal olunmuş torpaqlarda və Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidələri yerlə-yeksan edən, abidələrin və yaşayış yerlərinin adlarını dəyişərək, saxta tarix yazan monoetnik Ermənistanın parlamentinin spikerinin müxtəlif etnik qrupların mehriban və dinc şəkildə birgə yaşadığı, tarixi və mədəni irsinin dövlət səviyyəsində mühafizə edildiyi Azərbaycanı öz arşını ilə ölçməsi, əslində onun həqiqi simasını ifşa edir".

Milli Məclisin açıqlamasında bildirilir ki, Simonyanın Qazax rayonunun 7 kəndinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalışması, əksinə, Azərbaycanı işğalda ittiham etməsi isə xəstə təfəkkürün təzahüründən başqa bir şey deyil: “Ermənistan rəhbərliyinin "Azərbaycanın müharibəyə hazırlaşması", “sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır. Simonyana bir daha xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ötən 3 il ərzində Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb. Hazırda regionda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır.

Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar vardır. Ona görə də Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə və sülhə töhfə verməyə çağırırıq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR