İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin 8 ayının əsas yekunu: qarşıdakı 4 ayda güzəranımız necə olacaq?

1876 02.09.2022 09:10 İqtisadiyyat A A

Neftin qiyməti 70 dollardan yüksəkdirsə, manata təhlükə yoxdur, amma... bolluq olmasa, inflyasiya davam edəcək

2022-ci ilin 2/3 hissəsi arxada qaldı. Bu zaman kəsiminin xüsusən də son ayları Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin qalxması, güzəranın çətinləşməsi ilə yadda qaldı. Təbii ki, bunun obyektiv səbəbləri də var. Bəs ilin sonunadək bizi, iqtisadiyyatımızı, manatı nələr gözləyir?

Sözsüz ki, pandemiya, hərbi münaqişələr, sanksiyalar və bunun nəticəsində enerji və gübrə bazarındakı problemlər, o cümlədən iqlim dəyişikliyi qlobal ərzaq böhranına səbəb olub ki, bunun da miqyası, nəticələri hələ zamanla bəlli olacaq. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı yaz aylarında (FAO) bəyan etmişdi ki, ərzaq indeksi tarixi maksimuma çatıb. Qiymət artımı 2020-ci ildə pandemiyanın başlanğıcı ilə davamlı xarakter aldı, bir çox ölkə ixrac məhdudiyyətləri tətbiq etdi, lakin məsələ Rusiya-Ukrayna müharibəsindən sonra daha da ciddiləşdi.

Digər tərəfdən, proqnozların əksinə olaraq, yay aylarında ərzaq məhsullarının qiyməti aşağı düşməyə başlasa da, ötən illə müqayisədə yenə yüksək olaraq qalır. Qiymətlərin cüzi azalmasının səbəblərindən biri təklifin mövsümi artımı, Ukraynadan taxıl ixracı ilə bağlı razılaşmaların əldə edilməsi, eləcə də Rusiyadan ixracla bağlı gözləntilərdir.

İstanbulda uzun sürən danışıqlardan sonra iyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri “Taxıl sazişi” imzaladılar. Bu sazişlə Ukrayna taxılı Qara dəniz limanlarından xüsusi yaradılmış dəhliz üzrə ixrac olunur. İclasda imzalanan ikinci sənəd kənd təsərrüfatı məhsullarının və gübrələrin Rusiyadan ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır (ərzaq və gübrələrə sanksiyalar birbaşa tətbiq olunmayıb, lakin dolayısı ilə olub: limanlara və əməliyyatlara maneələr və s.)

Böhran əsasən maliyyə xarakterlidir, hələ ki ciddi mənada ərzaq qıtlığı problemi yoxdur, lakin qiymətlərdə ciddi artım müşahidə olunur ki, bu da logistik zəncirlərin dağılması və əlavə maneələrlə yanaşı, ərzaq məhsullarına çıxışı çətinləşdirir.

İyul ayında FAO dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətlə əlaqədar növbəti hesabat yaydı. Hesabatın məzmunundan belə nəticəyə gəlmək olar ki, COVİD-19 pandemiyasının nəticələri hələ də dünyada ərzaq vəziyyətinin pisləşməsinin əsas amilidir. Bununla belə, hesablamalara əsasən, 2021-ci ilin sonunda 828 milyon insan aclıqdan əziyyət çəkib. Bundan əlavə, 2021-ci ildə dünya əhalisinin 29,3%-i (2,3 milyard nəfər) orta və ya ciddi qida çatışmazlığı ilə üzləşib ki, bu da pandemiyadan öncəki dövrlə müqayisədə 350 milyon nəfər çoxdur.

Vəziyyəti tənzimləməyə çalışan “Böyük Yeddilik” ölkələri Dünya Bankının dəstəyi ilə Qida Təhlükəsizliyi üzrə Qlobal Alyansın yaradılmasını elan ediblər. İyunun sonunda dərc olunan birgə bəyanatda G7 ölkələrinin liderləri yeni alyansın əsas prinsip və vəzifələrini formalaşdırıblar. Bəyan edilmiş məqsəd 2030-cu ilə qədər 500 milyon insanı aclıqdan və qida çatışmazlığından xilas etməkdir. Tətbiqdə qida böhranının dinamikasını ehtiva edən bir sıra xüsusi tədbirlər sadalanır: tərəflər aclıq və qida çatışmazlığı risklərinə ən çox məruz qalan insanları qorumaq üçün əlavə 4,5 milyard dollar ayırmağı öhdələrinə götürürlər; alyans iştirakçıları kənd təsərrüfatı məhsullarının əlçatanlığını, o cümlədən ən çox təsirə məruz qalan ölkələrdə kənd təsərrüfatının məhsuldarlığını artırmağa çalışacaqlar; ərzaq bazarlarını açıq saxlamaq və əlavə maneələrin tətbiqinə yol verməmək lazımdır və s.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan manatının məzənnəsi birjalarda müəyyənləşdirilən valyuta növü deyil, Mərkəzi Bankın inzibati qərarlarına görə tənzimlənir: “Bu da neftin qiyməti ilə birbaşa bağlıdır. Obrazlı desək, Azərbaycan manatı kağız neftdir. Neftin qiyməti 70 dollardan yüksəkdirsə, manat üçün heç bir təhlükə yoxdur. Bu ilin sonuna kimi, hətta gələn il də neftin qiymətinin yüksək olacağı gözlənilir. Müharibə davam edir, Rusiyaya qarşı sanksiyalar da davam edir”.

Ekspert qeyd etdi ki, Azərbaycan özünü ərzaq məhsulları ilə təxminən 20-25 faiz təmin edə bilir: “İdxaldan asılı olduğumuz üçün istənilən qiymət dəyişikliyi Azərbaycana da təsir edir. Hətta formal olaraq Azərbaycanda istehsal olunduğu iddia olunan məhsullara da təsir edir. Məsələn, başqa ölkələrdən gətirilən çaylar ölkəmizdə qablaşdırılır və Azərbaycan məhsulu kimi təqdim olunur”.

Oxu.az - Rüfət Quliyev: Köhnə kişilərdənəm, bundan sonra məni kim bəyənəcək  ki... - MÜSAHİBƏ

Rüfət Quliyev

Millət vəkili Rüfət Quliyev hesab edir ki, Azərbaycanın tədiyyə balansı müsbət olduğu üçün manat üçün hər hansı təhlükə yoxdur: “İqtisadiyyatımız 4-6 faiz civarında inkişafdadır. Xarici borcumuz azdır. Qızıl-valyuta ehtiyatlarımız 7 dəfədən artıq borcu qaytarmaq üçün yetərlidir. Hər həftə valyuta hərracına dollar çıxarılır ki, 20-25 faizi geri qayıdır. Neft və qazın qiyməti də yüksəkdir, Azərbaycan üçün 45-50 dollardan yüksək olması sərfəlidir. Bu vəziyyətdə devalvasiya gözlənilmir. Ərzaq qiymətlərində artım əksər ölkələrdə müşahidə olunur. ABŞ-da inflyasiya 10 faizi keçib. Avropada da təxminən bu qədərdir. Statistikada 9,1 faiz göstərilsə də, ekspertlər təsdiq edir ki, 10 faizi keçib. Azərbaycanda klassik qaydada uçot dərəcəsini qaldırılır ki, nəticədə iqtisadiyyatın inkişafı ləngiyir. Bu da işsizliyə səbəb olur. Dövlət şərait yaradıb. Regionlarda insanlar fəal olsalar, yerli məhsul bol olar. Kənd təsərrüfatı inkişaf etsə də, tempi qaneedici deyil. İntensiv inkişafa keçid etmək lazımdır. Bolluq olmasa, inflyasiya davam edəcək”.

Qeyd edək ki, avqust ayında İsmayıllı rayonunun Basqal kəndində olan Prezident İlham Əliyev AzTV-yə müsahibəsində bu məsələyə diqqət çəkib: “Bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır”.

Xatırladaq ki, iyulun 19-da dövlət başçısı ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra - tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir

Bundan əlavə, müasir suvarma sistemlərini əldə etmək istəyən fermerlərə dövlət subsidiya ayıracaq: onların aldıqları suvarma sistemlərinin dəyərinin 40 faizini dövlət qarşılayacaq, qalan 60 faiz üçünsə güzəştli kredit ayıracaq. Bu, həm su ehtiyatlarından səmərəli istifadəni stimullaşdıracaq, həm də buğda istehsalında məhsuldarlığı yüksəltməyə imkan verəcək.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərimizin torpaq və su potensialından da maksimum yararlanılması nəzərdə tutulur. Prezidentin sözlərinə görə, artıq  azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır: “Biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.

Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR