İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən “Azərbaycanın qazı yoxdur” iddialarına sərt cavab: Sözümüz imzamız qədər dəyərlidir…

2142 03.03.2024 22:14 Siyasət A A

Avropa İttifaqı Azərbaycanla İttifaq ölkələrinə qaz tədarükünü artırmaq barədə razılığa gəlib. Bunu Bakıda Avropanın Enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

Aİ rəsmisi bildirib ki, təmsil etdiyi qurum Azərbaycandan qaz alışını artırmaq planına sadiqdir: "Bu gün biz bir sıra əsas məsələlər üzrə razılığa gəldik. Birincisi, bu regiondakı bütün tərəfdaşlar və maraqlı tərəflər Azərbaycandan qaz tədarükünü artırmağa sadiqdirlər. Bu, 2027-ci ilə qədər tədarükün 20 milyard kubmetrə çatdırılmasını əhatə edir. Biz həmçinin mövcud qaz boru kəməri infrastrukturunu modernləşdirməliyik".

K.Simsonun Avropa Komissiyasının saytında yer alan rəyində həmçinin qeyd edilir ki, “Azərbaycandan potensial tədarüklər təbii qazdan kənara çıxır”: "Biz elektrik enerjisi bazarında əməkdaşlığı genişləndirməyə hazırıq".

kadri_simson_031218.jpg (136 KB)

Aİ rəsmisinin Bakıdan səsləndirdiyi bu fikirlər son vaxtlar Azərbaycandan qaz alınmasına qarşı Avropada ermənipərəst siyasətçilərin səsləndirdikləri çağırışların heç bir real nəticə vermədiyinin bariz göstəricisidir. Başqa cür ola da bilməzdi, çünki Azərbaycan 30 ildir Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə, etibarlı tərəfdaş olduğunu ortaya qoyub. Bu gün Azərbaycanın təşəbbüskarı və başlıca icraçısız olduğu Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Prezident İlham Əliyevin martın ilk günündə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi bir nəql kəmərindən, Avropada qaz təchizatı şəbəkələrini əlaqələndirən və qidalandıran  sistemə çevrilib.   

Hazırda Avropa İttifaqı Rusiyadan Ukrayna üzərindən nəlq olunan illik 15 milyard kubmetr qazı əvəzləmək üçün mənbələr axtarışındadır. Bu ilin sonunda Ukrayna ilə Rusiya arasındakı nəql müqaviləsinin müddəti bitir və artıq rəsmi Kiyev onun uzadılmayacağını elan edib. Avropa Komissiyası da bunu qəbul edərək, Ukraynadan keçən kəmərdən qaz alan Avstriya, İtaliya və digər ölkələr üçün alternativ mənbələrdən tədarüklərin təmin olunması üçün tədbirlər görür. Digər tərəfdən, ABŞ-da Avropaya münasibəti birmənalı olmayan Donald Trampın yenidən hakimiyyətə gəlməsi ehtimalı var. Bu halda ABŞ-dan Avropaya maye qaz satışında da problemlər yarana bilər. Avropa İttifaqının ayrı-ayrı rəsmilərinin ermənipərəst mövqeyinə rəğmən, Brüsseldə enerji təhlükəsizliyinin gülünc erməni iddialarından daha vacib, həyati əhəmiyyətli məsələ olduğunu yaxşı başa düşürlər. Ona görə də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bu dəfəki toplantısına yüksək səviyyəli nümayəndə göndərərək, Bakıdan Avropanın Azərbaycanla enerji tərəfdaşlığına sadiqliyini dilə gətirdilər.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropaya nəql etmək üçün əlavə qaz ehtiyatlarının olmamasına dair iddialara da cavab verib:

99fd891c-dbac-33a1-ad3b-612a3143.jpg (149 KB)

“Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.  

Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır.

“Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.

umid-yatagi.jpg (55 KB)

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.

Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər.

Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.

Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi”.

Avropa İttifaqı Azərbaycandan yalnız qaz deyil, elektrik enerjisi almaq planının icrasında qəti mövqedədir. Azərbaycan da öz növbəsində bu planın icrası çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir, onların vaxtında reallaşdırılması üçün zəruri olan bütün addımlar atılır. 2022-ci ilin dekabrında Buxarestdə  “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalanıb. Avropa Komissiyası sazişdə nəzərdə tutulan Qara dənizin dibi ilə 1195 kilometrlik kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayır. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşən əsaslandırma hazır olduqdan sonra layihənin 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

ad28850c-2a47-3d07-ba8a-d55349ec.jpg (106 KB)

2023-cü ilin iyulunda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Son aylarda səsləndirilən fikirlərdən aydın olur ki, layihəyə Qazaxıstan və Özbəkistan da qoşulmağa maraq göstərirlər. Azərbaycan hər iki ölkənin layihəyə qoşulmasında maraqlı olduğunu açıq bəyan edir.

Bu, sadə bir enerji xətti olaraq başladılan prosesin beynəlxalq əhəmiyyətli layihəyə çevrildiyini göstərir. Azərbaycan isə layihənin həlledici iştirakçısıdır. Bakı Avropaya nəzərdə tutulan vaxtda nəzərdə tutulan həcmdə enerji ixracını təmin etmək üçün nəhəng layihələrin icrasına başlayıb. Bu layihələrin böyük hissəsi bərpa olunan mənbələrdən enerji istehsalını nəzərdə tutur . Artıq keçən ilin oktyabr ayında Bakı yaxınlığında birinci böyük Günəş Elektrik Stansiyası istismara verilib. Stansiyanın gücü 230 meqavatdır. O bərpaolunan enerji sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Masdar” tərəfindən inşa olunub. “Masdar”la bu stansiyadan əlavə, ümumi dəyəri 1 milyard dollar olan 4 külək və günəş stansiyalarının qurulmasına dair müqavilələr imzalanıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVT-lıq külək elektrik stansiyasının, bp şirkəti ilə Cəbrayıl rayonunda günəş stansiyasının tikintisi üzrə müqavilələr imzalanıb, işlərə başlanıb. Azərbaycanın müxtəlif özəl şirkətlərlə imzaladığı müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Beləliklə, bu layihələr imkan verəcək ki, enerji istehsalına sərf olunan ildə 5 milyard kubmetrə qədər qazın həcmi 2 milyard kubmetrə qədər azaldılsın. Bu isə ixraca yönəldiləcək həcmlərin 3 milyard kubmetrə qədər artırılması imkanı deməkdir. Eyni zamanda Azərbaycan Xəzər dənizindəki 157 GVt-lıq külək enerjisi potensialından yaşıl enerjinin əldə olunması məqsədilə istifadə üzərində işləyir. Bu da 2022-ci ilin iyulunda Avropa Komissiyası ilə imzalanan enerji anlaşmasında  nəzərdə tutulan bir bəndin – Azərbaycandan Avropaya yaşıl enerjinin ixracının reallaşması demək olacaq.

Bütün bu görülən işlər həm də Azərbaycanın qlobal yaşıl enerjiyə keçid prosesinə əhəmiyyətli töhfəsidir. Prezidentin də qeyd etdiyi kimi, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub:

“Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik.

Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”.

 Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR