İnsanlara hürriyət, millətlərə istiqlal!

İki komandan – Biri “100 min itki çox olar” deyib, o biri milyonları qırdırıb

3815 02.10.2022 16:09 Yazarlar A A

 

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi “qismən səfərbərlik” 300 min rusiyalı kişinin döyüşən orduya çağrılmasını nəzərdə tutsa da, səfərbər olunanların gerçək sayının 1 milyonu keçəcəyi barədə ciddi, fakta əsaslanan proqnozlar var.

Rusiyanın elə bir şəhəri yoxdur ki, orada səfərbərliyə məsul olan şəxslər, necə deyərlər, “bir başıpapaqlı kənarda qalmamalıdır” taktikası ilə hərəkət etməsinlər.

Bu, Putinin Ukrayna kampaniyasında nəyin bahasına olursa-olsun qələbə qazanmaq fikrində olduğunun göstəricisidir. “Pirr qələbəsi” olsa da, olmasa da, Kremlə qələbə lazımdır.

Bundan ötrü rus hərb sənətinin dəfələrlə sınanmış üsuluna əl atılması anlaşılandır. Bu taktika çox bəsitdir: düşməni döyüşçü sayına görə on dəfələrlə üstələmək, döyüşdə qırılanların sayına fikir verməmək, düşməndə “bunlar qırılıb qurtaran deyil, gəldikcə gəlirlər” rəyi yaratmaq.

Rusların qürur mənbəyi olan generalissimus Aleksandr Suvorov da vaxtilə ”çox itki vermək hesabına qələbə qazanmaq” taktikasından yararlanıb və onun qazandığı 60 qələbənin bir xeylisi məhz əsgər həyatını heç sayması hesabına olub. Düzdür, rus tarixi məxəzlərində Suvorovu “əsgərlərin qayğısına qalan general” kimi xarakterizə edirlər, amma ortada itkilərə dair statistika da var.

II dünya müharibəsinin qəhrəmanı Georgi Jukov isə bu xüsusda hamını üstələyir. Onu nə qədər “qələbə marşalı” adlandırsalar da, adı ətrafında əfsanələr yaradılsa da, əsasən “yaxşı adam” reputasiyasına malik olsa da, acı və gerçək faktlar, çılpaq həqiqət başqa cürdür.

Bu marşal təkcə Ukraynadan səfərbər edilmiş 1,5 milyon əsgəri şəxsən qırğına verib. Rəhbərlik etdiyi hərbi birləşmələrin verdiyi itkiyə görə o, dünya sərkərdələrinin içində sözsüz birinciliyə malikdir. Əbəs yerə ona hələ 1942-ci ildə “Stalinin qəssabı” adını qoymayıblar. Jukov əsgərlərə qəddar münasibətdə hətta Stalinin özünü belə üstələyib. Bundan başqa, dəlisov marşal tabeçiliyində olan zabitlərlə çox qaba, təhqiramiz davranır, vaxtaşırı orta ranqlı zabitləri şəxsən məhkəməsiz-filansız güllələyirmiş.

Tarixçi Nikolaus Katslerin yazdığına görə, Jukovun əmri ilə piyadalar minalı sahələrə yeridilirmiş, daha sonra tanklar əsgər həyatı hesabına təmizlənən sahələrdən keçib düşmən üzərinə gedirmişlər. Geridə isə minlərlə tikə-parça olmuş əsgər meyitləri qalırmış.

O, Kremldən gələn istənilən əmri əsgərlərin canı bahasına yerinə yetirən bir komandan olub. Belə əmrlərdən biri Berlinin müttəfiqlərdən - ABŞ və İngiltərədən daha tez alınmasına dair olub və Jukov burada da SSRİ-nin ucqarlarından və mərkəzi vilayətlərindən səfərbər edilmiş əsgər və zabitlərin həyatını fikirləşməyib. Berlini tutmaqdan ötrü sovet tərəfi 361 367 əsgər və zabit itirib (həlak olanlar və ağır yaralanıb sıradan çıxanlar).

3085.jpg (214 KB)

                                                     Jukov və Eyzenhauer

Müttəfiqlər üçün isə Berlini birinci tutmağın elə bir əhəmiyyəti olmayıb. ABŞ ordusunun komandanı Duayt Eyzenhauer (sonradan o, müharibə qəhrəmanı olaraq ABŞ-ın 34-cü prezidenti seçilib – 1953-1961) Berlini almaq üçün 100 min əsgər itirəcəkləri barədə raport-proqnozu dinləyərkən belə deyib: “Bu, ülvi məqsəd üçün həddən artıq böyük bədəldir, xüsusilə də nəzərə alsaq ki, sonradan geri çəkiləcəyik və bu yeri başqa oğlanlara verəcəyik”.

Beləcə, Eyzenhauer öz əsgərlərinin həyatını qorumaqdaykən, Stalin və Jukov yüzminlərlə əsgəri mənasız yerə qırğına verib. Onsuz da üzük qaşı kimi dövrələnən faşistlərin təslim olmaqdan başqa çıxış yolu olmayıb və onlar bir neçə gün ərzində onsuz da silahı yerə qoyacaqdılar – mayın 8-də olmasa da, 18-da və ya 28-də. Fəqət sovet rəhbərliyinin “müttəfiqləri qabaqlayaq, reyxstaqa bayrağı biz sancaq” avantürası üzündən 22 gün ərzində o qədər itki verilib. Bu gündəlik itki 4 il davam edən müharibədə heç vaxt, hətta Moskva və Leninqradın müdafiəsi zamanı da verilməyib. Təsəvvür edin, artıq bitmiş, bitməkdə olan müharibənin son 3 həftəsində sutkada 15 min əsgər və zabit həlak olub...

Həm də əsgər həyatını heçə sayan təkcə Jukov olmayıb, Rokossovski, Konev, Çuykov, Vasilevski, Baqramyan və digər marşal və generallar da belə hərəkət ediblər.

İndi Ukrayna və onun passiv müttəfiqləri belə bir hərbi nəzəriyyəyə malik düşmənlə üz-üzədir. Kənardan nə qədər siyasi, maddi, hərbi dəstək verilsə də, güc Ukrayna əsgərinə düşəcək. Onun silahı gecə-gündüz işləməlidir ki, səfərbər olunan milyonların qarşısını ala bilsin.

Hələ böyük ehtimalla Rusiya tərəfi sovet-alman müharibəsi zamanı sınaqdan keçirilmiş daha bir taktikaya əl atacaq, döyüşə gedənlərin arxasında dayanan, fərariləri, əsir düşmək istəyənləri güllələyən cəza dəstələri də yaradacaqlar. Çünki rus ordusunun indiki əhval-ruhiyyəsi ilə qələbə qazanmaq mümkünsüz görünür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR