İnsanlara hürriyət, millətlərə istiqlal!

İki izdiham – Mömin qardaşın dəfni “Mimino”nun dəfnini andırdı

6698 03.03.2023 07:56 Yazarlar A A

42 gün öncə Gürcüstanın böyük şansonu, aktyoru və yazıçısı Vaxtanq Kikabidze dəfn ediləndə Tiflisdə böyük izdiham yaşanmışdı.

Bu, səbəbsiz deyildi, belə də gözlənilirdi. Çünki “Mimino” filmindəki roluyla milyonların sevimlisinə çevrilən Buba böyük sənətkar idi, keçmiş SSRİ-də hər kəsin tanıdığı aktyor və müğənni olmuşdu, o üzdən həm ölkəsində, həm də postsovet məkanında məşhur idi.

Əlbəttə, SSRİ-yə daxil olan respublikaların hamısında Kikabidzedən də məşhur müğənnilər, artistlər, yazıçılar və başqa ictimai xadimlər olmuşdu, ancaq onların heç birinin dəfni Kikabidzeninki qədər izdihamlı olmamışdı.

Sənətkar bu ümumxalq sevgisini təkcə sənəti ilə qazanmamışdı, bəlkə də daha çox mərdliyi, sözübütövlüyü, prinsipiallığı ilə qazanmışdı.

55544.jpg (122 KB)

Yanvarın 19-də Kikabidzenin Tiflisin küçələri ilə aram-aram irəliləyən izdihamlı dəfn qafiləsini görəndə adam istər-istəməz düşünürdü, görəsən, bizdə də elə bir sənətkar varmı ki, onun dəfninə on minlərlə adam yığışacaq.

Heç demə, var imiş. Bu gün qəfildən vəfat edən din xadimi Hacı Şahin Həsənlinin dəfni göstərdi ki, elə bir adam mədəniyyət, incəsənət xadimi, siyasi lider olmaya, adi din xadimi də bilər.

Rəhmətlik Şahin Həsənli böyük bir xalq sevgisi, ehtiramı qazanıbmış. Bir din xadiminin dəfninə bu qədər müxtəlif dünyagörüşlü insanın toplaşması gerçəkdən də gözlənilməz və fenomenal bir hadisəydi.

Söz yox, rəhmətlik publik və mediatik adam idi, qəzet və saytlara yazı yazırdı, müsahibə verirdi, tədbirlərə qatılır, çıxışlar edirdi, məntiqli, mənəvi söhbətlər edirdi, üstəlik, çevrəsi böyük idi, hər zümrədə dost-tanışları vardı.

332085432_587847673383168_3944742100846105468_n.jpg (97 KB)

Minlərlə adam onu eləcə qiyabi şəkildə dinlədikləri moizələrindən tanıyırdı. Dəfnə yığışanların bəlkə də 90 faizi ilə mərhum ilahiyyatçının şəxsi tanışlığı yox idi, amma onlar özlərinə borc bildilər ki, onun son mənzilə yola salınmasında şəxsən iştirak etsinlər.

Bu gün sosial şəbəkələrdə bu qəfləti ölümə dair on minlərlə status, şərh yazıldı, insanlar kədərlərini bölüşdülər, mərhuma rəhmət dilədilər. Hətta dinlərə qarşı olan 40 ilin ateistləri belə onu “işıqlı insan”, “əsl mömin” kimi səciyyələndirərək, onun vəfatının xalqımız üçün itki olduğunu qeyd etdilər.

Fəqət az-az olsa da, Hacı Şahinə olan xalq sevgisini, onun izdihamlı dəfnini qısqananlar da oldu, yersiz yerə yaman şeylər yazdılar.

Bəlkə də onların sırasında “hər toyda təzəbəy, hər yasda ölü olmaq” istəyən psixopat tiplər də var. Ancaq bəzilərinin bir din xadiminin bu cür izdihamlı dəfnini sırf başqa motivlərlə həzm edə bilməməsi gerçəyi ortadadır.

O, artıq heç kəsə rəqib deyil. Dünyaya gəldi, yaşadı, xalqı üçün faydalı olmağa çalışdı və dünyadan köçdü. İndən belə onun yalnız xoş xatirələri yaşayacaq və belə görünür ki, Hacı Şahinlə bağlı işıqlı xatirələri olan insanların sayı yüzlərlə, minlərlədir.

Xalqın ona ehtiramına baxınca, adam bu fikrə gəlir ki, Hacı Şahin bu xalqın Martin Lüter Kinqi imiş.

ABŞ tarixindən bəllidir, din xadimi Martin Lüter də xalqının sevimlisi olub, insan haqları uğrunda mübarizə aparıb, şiddətə, xurafata qarşı olub, insanlara sevgi, mənəvi saflıq aşılayıb, 1968-ci ildə 39 yaşında sui-qəsdə qurban gedəndə isə onun dəfninə on minlərlə insan toplaşıb.

Xalqın gözü tərəzidir, o sevmədiyi insanın nə xeyrində, nə hüzründə qələbəlik yaratmaz. Xalq yaxşı insanları təqdimatsız da tanıyır, sevir və ölümündən sonra da olsa qədrini bilir, xatirəsini əziz tutur.

İndi bugünkü izdihama görə bəzilərində belə bir qənaət formalaşmaqdadır ki, ölkədə dindar kontingent böyükdür.

Əslində isə bugünkü izdiham sırf Hacı Şahinin öz insanlığı, mötədilliyi, xeyirxahlığı ilə qazandığı hörmətin məhsulu idi. Sabah ondan da məşhur din xadimi vəfat etsə, eyni izdihamı görməyə bilərik.

Təəssüf ki, biz belə bir insanı itirdik. O, xalqımızın mömin kəsimini yadelli cərəyanlardan qorumaq yolunda böyük xidmətlər göstərəcəkdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR