İnsanlara hürriyət, millətlərə istiqlal!

III Msvatini Trampa güldürən dünya...

1572 05.04.2023 09:55 Yazarlar A A

 

Bu gün Esvatini (keçmiş Svazilend) krallığının böyüyü III Msvatiyə desələr ki, gəl səni ABŞ-a prezident qoyaq, razılaşmaz, deyər, rədd eləyin o yana, hazır öz balaca ölkəmdə 37 ildir kralam, 14 arvadım var, günüm gündür, neynirəm gedim, ABŞ-da prezident olum, tutub Tramp kimi eləsinlər.

Gerçəkdən, bu, ABŞ prezidentlərinin başına gələn nədir? 2000-ci ildə Bill Klintonu Monikaya görə alaşalvar elədilər, indi də Trampı bir zənənə 130 min dollar verməyə (susması üçün) görə suçlayb divana çəkirlər.

Heç yazıq Tramp prezident olanda da ölkəsinin hakimlərinə, qubernatorlarına söz keçirə bilmirdi, hər dəfə kişini haqsız çıxarırdılar, onun da gücü Tvitterdə mesaj yazmağa çatdırdı, axırda Tvitter hesabını da bağladılar, qaldı çığıra-çığıra.

Dünyanın 200 dövlətindən 20-30-nu çıxıram, istənilən başqa dövlətdə Tramp vəzifəsində qalardı, hətta diktator olar, özünə III Msvatinin hərəmxanasından da geniş tərkibli və rəngarəng hərəmxana qurardı.

Ancaq ABŞ çətin ölkədir, dəftər-kitabı olan, yazılan və yazılmayan qanunlara ciddi riayət edən dövlətdir. Onu təsis edən atalar elə düzüb-qoşublar ki, Tramp kimi adamlar ya III Msvati və III Kim olmaq istəmirlər, ya da istəyirlər, amma əmələ gətirə bilmirlər. Bir gün gözlərini açırlar ki, qollarına qandal vurub içəri aparırlar, cavab tələb edirlər.

Yanlış zamanda yanlış ölkədə doğulub Tramp. Əgər o, 123 il əvvəl ata vətənində doğulsaydı, yüz faiz III Reyxin başbilənlərindən olardı və Hitler bəlkə də özünə varis seçərkən onun namizədliyi üzərində dayanardı. Kim bilir...

Yəni adamdakı hirs-hikkə fürerdəkindən az deyil. Sadəcə, amerikalılar Trampa fürer olmaq imkanı vermədilər, heç indi də vermək istəmirlər.

Hazırda onun başına gələnlər buna görədir. Özü də elə deyir. Yoxsa Tramp bir pornoaktrisanı pulla ələ almaq, susdurmaq istəyib, nə bilim, nə edib - hamısı bəhanədir. Adamı sorğu-suala ona görə çəkirlər ki, ambisiyasını boğsun, yenidən prezident olmaq istəməsin, farağat dursun.

O, ABŞ tarixində ilk eks-prezidentdir ki, yenidən prezident olmaq istəyir. Ondan əvvəlki 44 prezidentin heç biri “gedərəm, yenə gəlləm” mahnısı oxumayıb, ya da tərəfdarları onlar haqqında “igid odur, atdan düşə, atlana” difirambası söyləməyiblər. Hərəsi öz müddətini (bəziləri bir dəfə, bəziləri iki dəfə) başa vurub, çıxıb gediblər öz rançolarına, iqamətgahlarına, memuar-filan yazıblar.

Yeganə eks-prezident Trampdır ki, hakimiyyətdən getməsi ilə barışmır, “yenə gələcəm” deyir. Elə buna görə də o, haqqında cinayət işi başladılan ilk ABŞ eks-prezidenti oldu.

Beləliklə, ABŞ-da eks-prezidentlərin hakimiyyətdən dinməz-söyləməz getməsi ənənənəsi pozulduğu üçün onların toxunulmazlığı ənənəsi də pozuldu. Dünən bütün dünyaya “Tramp həbs edildi” xəbəri yayılmışdı, sonra məlumat gəldi ki, yox, eləcə, 2 saat saxlayıb buraxıblar. Bu iki saatda ona həbsin nə qədər acı və ya turş bir şey olduğunu dadızdırıblar.

ABŞ yox, başqa ölkə olsaydı, o da Tramp yox, başqa biri olsaydı, yəqin ki, serin üzr videosu-filan da yayılardı.

Belə olanda adam hərdən fikirləşir ki, ABŞ-da prezident olunca balaca ölkələrin birində hökmdar olmaq daha yaxşıdır. Amma balaca ölkələrin devrilən, tutulan hökmdarlarının halını görəndə də düşünürsən ki, Allah elə krallığı kəssin, ən salamatı ABŞ-da dükandar olmaqdır.

Bu saat o biri ölkələrin əbədi hökmdarları Trampın bu halına gülür. Xüsusilə də III Msvati fikirləşir ki, işə bax, mən 1986-cı ildə taxta oturanda Tramp “Evdə tək” filminə çəkilirdi, mən 37 ildir dövlət idarə edirəm, o, cəmi 4 il prezident olub, 3 ildir sorğu-suala çəkilir və evdə tək qalıb.

P.S. Yazını redaktə edəndə Msvati haqqında vikipediya məlumatını refreş edəsi oldum, məlum oldu ki, III Msvatinin artıq 15 arvadı (36 da övladı) var. İntəhası, 12 il qabaq o arvadlardan biri – Ntando Dube ədliyyə naziri Ndumisa Mamba ilə him-cimləşərək kralın papağını yerə soxduğuna görə ev dustağı edilib, keçmiş nazir isə həbsdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR