İnsanlara hürriyət, millətlərə istiqlal!

İcbari tibbi sığorta zərfinə salınmayan xəstəliklər - problem həll olunacaqmı?

1472 21.06.2023 08:38 Səhiyyə A A

Adil Qeybulla: “İcbari tibbi sığortanın mərhələ-mərhələ tətbiq olunması daha məqsədəuyğun idi...”

Artıq bir neçə ildir ki, ölkədə tibbi xidmətlər hər kəs üçün əlçatandır. 6 il əvvəl bir neçə rayonda pilot layihə kimi tətbiqinə başlanılan icbari tibbi sığorta 2021-ci ildən bütün ölkə ərazisini əhatə edir.

Ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilirlər. “İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfi genişdir. Lakin icbari sığorta ilə əhatə olunmayan xəstəliklər var və gələcəkdə bunlar da o zərfə daxil edilməlidir”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanlı Təbiblərin Simpoziumunun açılış mərasimində deyib. Deputat İcbari Sığorta Zərfinin gələcəkdə bütün xəstəlik və patologiyaları əhatə etməsinə ümid etdiyini qeyd edib.

Yada salaq ki, Əhliman Əmiraslanov ötən il də Milli Məclis kürsüsündən bu məsələlərə toxunmuşdu. O vurğulayıb ki, əhali arasında tələfat verən bir çox xəstəliklər var ki, onlar xidmətlər zərfinə hələ daxil edilməyib. Bu xəstəliklərdən biri də onkoloji xəstəliklərdir. Bu xəstəliyin müayinə və müalicəsi ilə bağlı dövlət proqramı var. Lakin onların adekvat müayinə və müalicəsi üçün bu gün imkanımız yoxdur. Hökmən onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Ümumiyyətlə, ölkəmizdə bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır".

Son dövrlər onkoloji xəstələrin də bununla bağlı müraciətləri çoxalıb. Bu xəstəliyin daşıyıcısı olan bir neçə paytaxt sakini qəzetimizə müraciət edərək bildirir ki, müalicə və müayinələr baha başa gəlir deyə müalicəni yarımçıq saxlamalı olurlar.  “Biz də anlayırıq, hər şey bahalaşıb, qiymətlər artdıqca xidmətlərin də qiyməti artır. Vəziyyət əvvəlki kimi deyil. Amma yaxşı olardı ki, bu da icbari tibbi sığortaya şamil edilsin. Baxın, həkim 6 kimya terapiya, 25 şüa təyin edib, kasıb adamam, bunu necə ödəyim?!”, - deyə Aybəniz Əliyeva bizimlə söhbətdə bildirib.

Eyni zamanda son dövrlər insanlarda, xüsusən cavanlarda qəfil ölümlərin sayı çoxalmaqdadır. Həkimlər bildirirlər ki, “check-up” müayinələri də icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmalıdır. Çünki bu müayinələr baha olduğundan insanlar yoxlamadan keçmirlər. “Qəfil ölümlərin qarşısının alınması üçün insanların vaxtaşırı müayinə olunmaları vacibdir”, - deyə bir çox həkimlər qeyd edirlər.

Ümumiyyətlə, mütəxəssislər hesab edir ki, Xidmətlər Zərfinə ilk növbədə doğuş və təxirəsalınmaz yardımlar daxil edilməlidir. Yəni kəskin cərrahi xəstəliklər, travmalar, qanaxmalar, ürəyin kəskin işemik xəstəlikləri, beyinə qansızma və sair təcili müdaxilə tələb edən xəstəliklər buraya mütləq əlavə olunmalıdır. Hansı xəstəliklər və müayinələr hələ də zərfə daxil deyil, hansısa dəyişikliklər mümkündürmü?

Yeri gəlmişkən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva mediaya açıqlamasında bildirib ki, İcbari Tibbi Sığortaya yeni xidmətlər əlavə olunacaq: “Bu xidmətlərin 2023-cü ilin zərfinə əlavə edilməsi nəzərdə tutulub. Xidmətlər zərfinin genişləndirilməsi vətəndaş müraciəti və statistik göstəricilər əsasında olur. Qeyd olunan xəstəliklərin müayinə və müalicəsi hazırda böyük xərc tələb edir. Xidmətlər zərfinə daxil olduqdan sonra isə ödənişsiz həyata keçiriləcək”. Şöbə müdiri əlavə edib ki, ən çox müraciət olunan xidmətlərdən biri də ekstrakorporal müalicədir. Gələcəkdə onun da icbari tibbi sığortaya əlavə olunacağı gözlənilir.

Adil Qeybulla: “Bakıdakı qələbə yürüşü koronavirusa yoluxmanı artıracaq”

Adil Qeybulla 

Mövzu ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla “Yeni Müsavat”a dedi ki, icbari tibbi sığorta sosial müdafiənin bir növü olaraq Qərb standartlarına uyğun səhiyyə sisteminin ayrılmaz bir formasıdır, bir tibb xidmətidir: “İcbari tibbi sığortanın əslində Azərbaycanda mərhələ-mərhələ tətbiq olunması daha məqsədəuyğun idi. Sadəcə olaraq, bütün xidmətlərin birdən-birə paketə daxil olması imkan xaricindədir. İlk növbədə doğuş və təxirəsalınmaz yardım - burada qarın boşluğunun kəskin cərrahiyyə xərcləri, kəskin ürək çatışmazlıqları, infarkt, insultlar hamısı salınmalıdır. Hansına ki təcili təxirəsalınmaz yardım tələb olunur, bunlar patologiyalara aiddir. Planlı əməliyyatlar, müxtəlif diaqnostik  proseduraların hamısı mərhələli şəkildə bura əlavə oluna bilərdi. Amma indi bu tətbiq olunub, Azərbaycanda ilk təcrübədir. Təbii ki, müəyyən yanlışlıqlar da ola bilər, səhvlər də ola bilər. Amma bütün bunlar aradan qaldırılmalıdır. Tibb xidmətlərinə, xidmət zərfinə diaqnostika, müalicə prosedurlarının daxil edilməsi büdcədən asılıdır. İcbari tibbi sığorta büdcəsinin həcminə görə bu müəyyən edilməlidir. Nəzərə almaq lazımdır ki, burada həkimlərin, tibb işçilərinin gəlirləri nəzərə alınmalıdır. Bu, sadəcə olaraq, həkimlərin fədakarlığı hesabına həyata keçirilə bilməz. Burada maraqlar təmin edilməlidir. Dünyanın hər yerində hansı nisbət-həkimin, ümumiyyətlə, bütün tibb personalının maaşı, müalicə profilaktika müəssisələrində amortizasiya xərcləri, digər texniki xərclər və yanaşı olaraq da sərfiyyat  materialları, onların nisbəti nəzərə alınmaqla hesablanmalıdır. Əvvəlcədən bunun iqtisadi tərəfləri həll edilməli, həmin iqtisadi imkanlar çərçivəsində daha vacib xidmət zərfləri önə çəkilməlidir. Proses yavaş-yavaş öz həllini tapmalıdır”. 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə əhalinin məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə sorğu keçirilib. Sorğu agentliyin sosial media hesabı üzərindən bir ay ərzində aparılıb. Onlayn sorğuda ümumilikdə 304 nəfər iştirak edib. Onlardan 53%-ni kişi, 47%-ni isə qadınlar təşkil edib. Onların 49%-i 25-34 yaş aralığındadır. Respondentlərdən icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib-etməmələri barədə sual soruşulub. 72% sorğu iştirakçısı icbari tibbi sığortadan yararlandığını bildirib.  Həmin şəxslərin 56%-i Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında xidmət aldığını bildirib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR