İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn Boltun Sumqayıt səfəri

2626 13.01.2024 11:20 Yazarlar A A

Bu yaxınlarda Sumqayıt tərəflərdə qəribə bir işıqfor xəbər obyektinə çevrilmişdi. Onun yaşıl işığı cəmi 4 saniyə yanırdı. Əgər həmin müddətdə yolu keçməsən, vay halına. Təbii ki, yaramaz jurnalistlər xəbəri paylaşdılar, işıqfor idarəsi təkzib verdi, daha dəqiqi, dedilər nəsə texniki yanlışlıq olmuşdur, bu dəqiqə qaça-qaça gedirik onu qayırmağa. Yəni, düzəltməyə. Böyük ehtimal artıq yaşıl işıq orda bütün başqa dünya dövlətlərindəki kimi, azı 30 saniyə yanır, millət arın-arxayın yolunu keçir, dinc sosializm quruculuğuna yollanır. Şair demişkən, canlanır hər qarış yer Sumqayıtda, Xarüqələr yaradır el Sumqayıtda. 

Yeri gəlmişkən, o tərəflərdə çölün ortasında böyük bir sənaye məhəlləsi salınmışdır, zavodların tüstüsü göyə bülənd olur, istehsal fısqırıq, çal oynasın Əjdər əmi və sairə. Hətta uzun illər dustaq olmuş keçmiş iqtisadi inkişaf nazirimiz Fərhad müəllim də bir aralar qayıdıb orda sex açmışdı, bilmirəm axırı necə oldu. İnşallah, yaxşı olar. Necə də olmasa, öz mahnımız, öz pomidorumuzdur. 

Pomidor demişkən, bu yaxında hardasa gözümə sataşdı, Alyaskada pomidorun qiymətini yazmışdılar, vurub-çıxıb, çevirib-xırdalayıb baxdım ki, bizim şanlı Biləcəridə pomidorun qiyməti əslində Alyaskadakından o qədər fərqlənmir. Deməli, aşağı-yuxarı biz Amerikaya çatıb, onu ötmüşük. Xruşşov uzaqgörən adam imiş. Qalır Biləcəridən qızıl tapmaq.  

Sumqayıt sənaye zonasından yazırdım. Bir dostumuz vaxtilə orda kabel qayıran zavodda çalışıb, deyir içəri kamera qoyduq, gördük işçilər kabel mislərini pəncərədən atıb oğurlayırlar. Bir ayda hardasa 30 min manatlıq mis oğurlanıbmış. Fəhlələrin bəziləri isə işdən çıxanda kabeli qarnına dolayırmış. Paltarın altından. İnsan niyə belə etsin? Dövlətimiz bu cür gözəl şərait yaradıb. Gədəbəydə kartofu küçəyə yiyəsiz qoyub gedirsən, camaat çəkir, pulunu bankaya atıb çıxıb gedir.

Bax, sözü ona gətirirəm ki, əslində işıqforun dörd saniyəlik keçidi bizim sürətli inkişafımızdan xəbər verirdi. Faktiki, biz millət olaraq, türkün sözü, “ışınlanma” prosesindəyik. Köhnə dillə yazsam, teleportasiya. Düyməni basırsan, saniyə içində kilometrlərlə uzaqda peyda olursan. İnəyi bəri başdan salırsan, o başdan kolbasa çıxır. (Açığı, bu başqa mövzuya aid misal idi, heç bilmirəm niyə bura düşübdür. Söz azadlığıdır də. Sözlərin qabağını almaq olmur. Hansı, hara istəsə yazılır. Qədrini bilin. Şair demişkən, sağlığında qiymət verək insanlara. O cümlədən, uşaq pulu vermək yaxşı olar). 

İkinci bir tərəfdən (ifadənin gözəlliyinə baxın!), işıqforu 4 saniyədə keçmək xalqımızın idman sahəsində inkişafına töhfələr verəcəkdi. Nəticədə Hüseyn Boltlar, Ramil Quliyevlər yetişəcəkdi. Məsələn, Hüseyn müəllim 100 metrəni 9,58 saniyəyə qaçmaq üzrə dünya rekordunun yiyəsidir. Bizdə əgər səkini restorana, parkinq yerini rəisə satmasan, küçənin eni orta hesabla 8-9 metr olur. Ən pis halda 3 metr - böyür-böyürə iki babat, inkişaf etmiş vətəndaşımız keçirsə, bəsdir. (Böyür-böyürə yazarkən səs yox, hərəkət üsulu göstərilmişdir). 

İndi Hüseyn müəllimin rekorduna qayıtsaq, balaca riyazi hesablama göstərir ki, o, hər 10 metri bir saniyədən az vaxtda qaçıbdır. Faktiki, uça-uça gedib. (Sərhədlər açılsa camaatımız da belə uçar). Deməli, Hüseyn Bolt Sumqayıta gəlsəydi həmin 4 saniyəlik işıqforun yaşıl işığından azı 4 dəfə keçə bilərdi. Hətta axırda asudə vaxtı qalardı, gedib Sumqayıt bulvarında çay içərdi, təzədən gəlib küçəni keçərdi. 

Bəs siz niyə narazılıq edirsiniz?     

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR