İnsanlara hürriyət, millətlərə istiqlal!

Hovuzda üzən qızların qardaşı gələndə...

4670 24.07.2022 09:15 Yazarlar A A

 

Həə, indi təsəvvür edin ki, bir cantaraq polismen əlində dəyənək girir Əmrahın saxlandığı kameraya və hacəti aram-aram sol ovcuna vuraraq deyir: “Mən o Nabranda hovuzda çimən qızlardan birinin qardaşıyam”.

Burasını təsəvvür etdinizmi? İndi orasını da təsəvvür edin ki, 3-4 gün əvvəl xəlayiqin qız-gəlinini hovuzda üzdüyü yerdə telefonunun videokamerası ilə çəkən və onların görüntülərini yayaraq, qadınların kişi əzizlərini öz aləmində “peysər” çıxaran oğlan nə günə düşür.

Hovuz qırağında gər-gər xoruzlanmaq başqadır, ağzıbirdə, özündən güclü və haqlı adamın qarşısında bir neçə gün əvvəl dediyin sarsaq sözlərə görə cavabdeh durumuna düşmək başqa. Asudə vaxtda ağıza, dilə nə var ki, hüdüləyib tökə bilər, oğul odur ki, belə situasiyalarda anus nahiyəsinin əzələləri büzücülük funksiyasını itirməsin.

Budur, xəbər yayılıb ki, bir videosu ilə azı 1 milyon adamı təhqir edən gədəni tutublar və 20 sutka inzibati həbs cəzası kəsiblər. Ona verilən 20 sutkalıq cəzanın nə dərəcədə adekvat olduğuna növbəti abzasda qayıdarıq, indikində deyək ki, bu “1 milyon təhqir olunmuş adam” söhbəti havadan götürülməyib.

Özünüz hesablayın, bu ölkədə nə qədər kişi öz ailə-uşağını, yoldaşını, bacısını, qızını, bir sözlə, qadın əzizlərini götürüb dənizə, dincəlməyə, əylənməyə gedir. Hər halda 10 milyonluq ölkədə bu rəqəm bir milyondan az olmaz. Bax, bir səfeh adam o qədər insanı təhqir edir, qeyrətsiz adlandırır.

Ona görə də ona verilən cəza çox deyil, hələ çox azdır. Burada insan ləyaqətinin alçaldılması ilə yanaşı, yüz minlərlə kişinin heysiyyəti ilə oynamaq, bu hərəkəti dini motivlə edərək insanları qızışdırmaq əməli də var.

Hiss olunur ki, adamlar belə hərəkətləri durduq yerdə etmirlər, özlərini “xalqın namusunun keşikçisi”, “millətin qeyrətini çəkən bomba oğlan” rolunda görür, öz üzərlərinə “yolunu azmışları pis yoldan çəkindirmək”, “din-iman davası aparmaq” missiyası götürürlər.

Belələrini bir az danışdır, deyəcəklər, ölkədə şəriət rejimi qurulmalıdır, qadınlar çadraya bürünməlidir, qızlar 4-cü sinifdən çıxarılıb evə qapadılmalıdır və s. 5-6 il il əvvəl “qızlar universitetlərdə oxumamalıdır” deyən birinə qarşı sosial şəbəkədə bir nəfər çox sərt cavab vermişdi: “Qadınlar oxumasalar, təhsil alıb həkim və mamaça olmasalar, arvadın doğanda kimin yanına aparacaqsan, ay oğraş?”

Nabrandakı “namus-qeyrət dağarcığı”nın həbsiylə bağlı bir gənc həmkarımla yazışıram, yazır ki, nə ola, ondan üzr istədib videosunu yaymayalar.

Deyirəm, yox, başqa “suçlu”lar heç, amma belələrinin üzr videosunun yayılması, onların “tay-tuşları”nın, “məhlə uşaqları”nın gözü qabağında “sındırılması” vacibdir. Ondan sonra qələt edərlər, bir daha normal adamlara sataşmazlar, camaatın namusuna dil uzatmazlar. Yenidən elə bir hərəkət etsələr, ətrafdakılar gülüb deyəcəklər ki, sakit ol, qaqa, indi gəlib aparacaqlar, yenə üzr istəyəcəksən.

Yox, hamı qeyrətsizmiş, bircə bu çənəsində bir qom tük saxlayan, ağzının danışığını bilməyən gədə-güdə qeyrətliymiş. Ay, siz öləsiz! Axtarsan, araşdırsan, onların elə qəbih-qəbih işləri çıxar ki, əyinlərinə şalvar geyib adam içinə çıxmağa üzləri olmaz. Bir dəfə eləsinin biri sürdüyü “1 manatlıq” taksidə yol boyunca bir xeyli namus-qeyrətdən danışandan sonra axırda irişə-irişə etiraf etdi ki, bu günlərdə yaxın dostunun bacısını evdə tək tutub və şansını qaçırmayıb. O, bunu maşınındakı tanımadığı 3 sərnişinin yanında, ön öturacaqda oturan tanışına özünü öyə-öyə danışırdı və dostunun da adını çəkirdi, onun bacısının da. “Sərnişin dost” da irişirdi və hiss olunurdu ki, maşından düşən kimi bu haqq-hesabı bütün qəsəbəyə yayacaq. Belə bir “namus mücəssəmələri”.

Bu cür adamların ağzının üstündən vurmaq lazımdır – əlbəttə, sözün məcazi mənasında. O biri mənada desək, yəni şillə-şapalağı nəzərdə tutsaq, bu, şiddətə çağırış kimi çıxar. Hərçənd sözünün dal-qabağını bilməyən gədələri elə sovet vaxtında da tutub şapalaqlayırdılar, deyirdilər, alçaq, sən get öz ana-bacına yiyə dur, kimsən ki, məhəllə qeyrəti çəkəsən.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR