İnsanlara hürriyət, millətlərə istiqlal!

“Honkonq qripi” ilə koronavirusun əlamətləri oxşardır, bu, xəstələri çaşdıra bilər - İnfeksionist

1282 22.11.2022 16:57 Səhiyyə A A

Gürcüstanda “Honkonq qripi”nin yayıldığı məlum olub. Bu haqda Tiflisdəki Mərkəzi Uşaq Xəstəxanasının direktoru İvane Çxaidze danışıb. Onun sözlərinə görə, ölkədə hazırda H3N2 virusu dövriyyədədir, H1N1 (“donuz qripi”) virusunun da yayılma halları var.

“Bu il Gürcüstanda qripin yayılması çox erkən başlayıb”, - deyə Çxaidze bildirib.

Həkimlər dekabr-yanvar aylarında “omikron” koronavirus ştamının yayılması ilə eyni vaxtda qripə yoluxma hallarının pik səviyyəsini gözləyir və xəbərdarlıq edirlər ki, qrip və koronavirusun müalicə üsulu fərqli olduğu üçün diaqnozun əvvəldən qoyulması vacibdir. Qripin bu il əksər hallarda, xüsusən də kiçik yaşlı uşaqlarda “omikron”dan daha ağır keçəcəyi proqnozlaşdırılır.

Gürcüstan qonşu ölkə olduğundan “Honkonq qripi”nin Azərbaycana keçəcəyi də realdır. O zaman ön tədbirlərimiz, xüsusən də uşaqlarla bağlı profilaktika nə olmalıdır? Qidalanmada, həyat tərzində nələrə daha çox diqqət edilməli? Qripə qarşı peyvənd effektli ola bilərmi?

Yeri gəlmişkən, Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları minimuma ensə də, son günlər 3 nəfər vəfat edib. Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir.

Qeyd edək ki, çoxdan idi ki, koronadan ölüm halları yox idi. Çünki hesab edilir ki, indi ən çox yayılan “omikron” ştamının öldürücü xüsusiyyəti faktiki yoxdur. O zaman 3 ölüm faktının səbəbi nə imiş görəsən?

11065B7F-C986-4B22-A16C-2A6C0751B9C4.jpg (74 KB)

Həkim-infeksionist Nicat Əzimli mövzu ilə bağlı Musavat.com-a deyib ki, mövsümlə əlaqədar olaraq tənəffüs sisteminin viruslu infeksion xəstəliklərinə yoluxma hallarında artım olması təbiidir: “Burada ən çox kontaqioz hesab edilən influenzavirus (qrip) və koronavirus təbii ki, yoluxmaların intensivliyinə görə öndə gəlir. Bu viruslar quruluş və xüsusiyyətlərinə görə tamamilə fərqlənir. COVID və qripin hər birinin müalicəsində fərqli müalicə sxemi və fərqli antiviral dərmanlardan istifadəyə ehtiyac var. Bu xəstəliklərin simptomlarında, xüsusilə ilk günlərdə bir çox oxşarlıqlar olması xəstələri çaşdıra bilər. Buna görə də ən önəmlisi vaxt itirmədən mütəxəssisə müraciət etməkdir. Mütəxəssis müayinəsi nəticəsində dəqiq diaqnoz və uyğun müalicə başlanılarsa, istər donuz qripi, istər H3N2, istərsə də koronavirus olsa belə, xəstənin sağalma şansı dəfələrlə artır. Eləcə də ağırlaşmalar effektiv şəkildə önlənmiş olur. Əks təqdirdə xəstəliyin 5-7-ci günündən sonra nəticənin alınma şansı xeyli azalır. Buna görə də hər bir halda həkimə müraciət ən vacib nüansdır”.

Həkim Azərbaycanda son günlərdə koronavirusdan ölüm hallarının olması faktına belə münasibət bildirib: “Hər bir fərdin xəstəlik tarixçəsi və onu müalicə etmiş həkimin rəyi əsasında fikir bildirmək daha düzgün olar. Lakin subyektiv olaraq virusla bağlı cari məlumatlar əsasında deyə bilərəm ki, bu ölümlərin virusun xüsusiyyətlərində baş verən hər hansı dəyişikliklərdən daha çox həyatını itirən şəxslərin həssas orqanizmə sahib olması ilə əlaqəli olduğunu düşünürəm. Viruslu xəstəliklərə qarşı ən effektiv profilaktika hər zaman o xəstəliyə qarşı qüvvətli spesifik immunitet yaratmaqdır. Spesifik immunitet isə hansısa qida ilə və ya həyat tərzi ilə yaranmır. Bunun yaranması üçün orqanizmimiz virusla tanış olmalıdır. Bunu mümkün edən vasitələrə də elmdə vaksin (peyvənd) deyilir”.

Həkim qeyd edib ki, payız-qış mövsümündə xəstələnməmək üçün öncə vaksinlə spesifik immunitet yaratmaq (və ya yeniləmək), buna əlavə olaraq isə həyat tərzi və qidalanmaya diqqət etməklə sağlam bədənimizi hər cür infeksiyaya qarşı mübarizə üçün lazımlı resurslarla təmin etmək lazımdır: “Həmişə sadaladığımız sosial məsafə, maskadan istifadə və gigiyena (təmizlik) qaydaları da özlüyündə effektiv və aktual olaraq qalmaqdadır”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR