İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət ucuz idxal-yerli istehsal dilemması qarşısında

623 19.03.2022 10:20 İqtisadiyyat A A

Azərbaycanda yaradılan yeni ərzaq ehtiyatı - siyahıda hazırda nələr var...

Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibənin uzanması qlobal ərzaq qiymətləri bazarında 20 faizədək bahalaşmaya səbəb ola bilər.

Bir neçə gün əvvəl BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının səsləndirdiyi bu xəbərdarlığı Avropa İttifaqı(Aİ) da bölüşməkdədir. Avropa Komissiyasının rəsmi nümayəndəsi Miriam Qarsia Ferrerin dediyinə görə, Aİ Ukrayna hadisələri nəticəsində Avropada ərzaq böhranının yaranması ehtimalını ciddi şəkildə nəzərdən keçirir, Avropa Komissiyası (AK) bu məsələ ilə bağlı gələn həftə üçün xüsusi hesabat hazırlayacaq: “Biz aqrar-sənaye sektorunda yeni çağırışla üz-üzəyik. Ukrayna və Rusiyanın böyük həcmdə ixrac olunan ərzaq məhsullarının əsas tədarükçüləri olması səbəbindən vəziyyəti və onun kənd təsərrüfatı istehsalçılarımız və dünyanın ərzaq təhlükəsizliyi üçün nəticələrini izləyirik”.

Onun sözlərinə görə, indiki mərhələdə Avropa əsas taxıl istehsalçısı olduğu üçün İttifaqın ərzaq təhlükəsizliyinə heç bir təhdid yoxdur: “Lakin ticarət mübadiləsinin pozulması səbəbindən qiymət təsirləri olacaq”. Xanım Ferer həmçinin əlavə edib ki, Avropa Komissiyası bununla bağlı gələn həftə təqdim olunacaq bir məlumat hazırlayır. Onun sözlərinə görə, qısamüddətli perspektivdə əsas problemlərdən biri gübrələrin qiymətlərinin artmasıdır: “Ortamüddətli perspektivdə biz diqqəti etibarlı və dayanıqlı aqro-ərzaq sisteminə yönəldəcəyik”.

Qeyd edək ki, sanksiyalar üzündən Rusiyanın dünya ilə ticarətində çox ciddi qırılmalar yaranıb. Əksər böyük yükdaşıma şirkətləri bu ölkəyə və onun üzərindən yük daşımaqdan imtina ediblər. Belə şəraitdə ölkənin buğda ixracında ciddi azalma müşahidə olunur. Belə ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən 2021-2022-ci illər üzrə aqrar mövsümdə, yəni ötən il iyulun 1-dən cari il martın 10-dək Rusiya 23 milyon ton buğda ixrac edib. Bu, əvvəlki kənd təsərrüfatı ilinə nisbətən 30,9 faiz azdır. Bütövlükdə taxıl bitkilərinin ixracı 30,3 faiz azalaraq 28,1 milyon ton, o cümlədən arpa 34,7 faiz azalaraq 2,9 milyon, qarğıdalı ixracı da 21,7 faiz azalaraq 1,8 milyon ton təşkil edib.

Ukraynadan ixrac isə Qərb əyalətlərindən olmaqla məhdudiyyətlə davam etməkdədir. Buna baxmayaraq, davam edən hərbi əməliyyatlar şəraitində Ukraynanın əvvəlki həcmdə kənd təsərrüfatı məhsulları istehsal edə biləcəyi real görünmür. Bu baxımdan, ərzaq bazarı idxaldan asılı olan ölkələr indidən ehtiyatlarını artırmağa çalışırlar. Belə ölkələrdən biri olan Azərbaycanda dünya bazarında gözlənilən mümkün ərzaq qıtlığına hazırlıq üçün tədbirlər görülürmü? Baş nazir Əli Əsədovun bir neçə gün əvvəl dediyinə görə, məsələ hökumətin diqqətindədir: “Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycanda ərzaq ehtiyatları yaradılır və əlavə tədarükün təmin edilməsi üçün tədbirlər görülür. Ukraynadakı hadisələrlə bağlı nəqliyyat və logistika sahəsində ciddi problemlər var, qiymətlər artıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və sürətli cavablandırılması üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər həyata keçirilir”.

Hökumət xammal və materialların idxal rüsumunu 0%-ə endirdi | ENA.az

Baş nazir bildirib ki, hökumət ehtiyatları, o cümlədən taxıl ehtiyatlarını dəfələrlə artırmaq üzərində çalışır. Onun sözlərinə görə, məsələ tək taxılda deyil: “Bizim idxal olunan əsas taxıl mənbəyimiz Rusiyadır. İdxal olunan buğdanın 1 tonunun baza qiyməti 225-240 dollardan 340 dollara qalxmışdı. Eyni zamanda Rusiya hökumətinin ixrac rüsumları da 28 dollardan 34 dollara artırılmışdı. 2021-ci ildə bu fərqi bağlamaqdan ötrü idxalçılara 75 milyon manata qədər subsidiyalar verilib. Bir də məsələ tək taxılda deyil. Uşaq qidasından başlamış digər məhsullarda da qiymət artımları var. Minimum istehlak səbətinə aid olan 11-12 cür ərzaq məhsulu üzrə problemlər var. Hökumət bu məsələlərlə məşğul olur”.

Baş nazir qeyd edib ki, 50 kq-lıq un kisəsinin qiyməti 26 manatdan 36 manata qalxıb, lakin subsidiyalara baxmayaraq bu, son deyildi: “Bu, müharibəyə qədər olan rəqəmlərdir. Son günlər gedən proseslər və əsas ixracatçı ölkə olan Rusiyada tətbiq olunan qadağalar da aktualdır. Rusiya hökumətinin başçısı ixraca hələ ki icazə verir. Bizim kifayət qədər taxıl ehtiyatımız var”.

Baş nazir Azərbaycanda tədrisin əyani formada təşkili ilə bağlı qərar  imzalayıb

Rəsmi statistikadan aydın olur ki, 2022-ci ilin yanvar-fevralında Azərbaycan yeyinti məhsulları idxalını kəskin şəkildə artırıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən iki ayda ət idxalı çəki ifadəsində keçən ilin eyni dövrü ilə müqayisədə 19 faiz, süd idxalı 70 faiz, Kərə yağı və süddən hazırlanmış digər yağlar 41 faiz, buğda idxalı 676 faiz artıb.

İki ayda idxalın kəskin artmasına baxmayaraq ölkənin buğda ilə təminatında bəzi çətinliklərin olması ehtimalı hələ də qalır. Belə ki, 2020-ci ildə Azərbaycanda idxal, yerli istehsal və əvvəlki ildən qalıq olaraq 4 milyon 47 min 775 min ton buğda istifadəsi qeydə alınıb. Bunun 567 min 392 tonu qalıq olaraq 2021-ci ilə keçib. Ötən il ölkəyə buğda idxalı 1 milyon 148 min 100.77 ton, yerli istehsal isə 1 milyon 885 min ton təşkil edib. Yəni ümumilikdə 2021-ci ildə Azərbaycanda istifadə üçün 3 milyon 89 min 892,77 ton buğda olub. Bu, əvvəlki illə müqayisədə 33,7 faiz azdır. Bu isə o deməkdir ki, Azərbaycan 2022-ci ilə çox cüzi buğda ehtiyatı ilə keçib. Bu baxımdan, iki ayda idxal olunan 150 min 597,5 ton buğda ölkənin təchizatı baxımından təhlükəsizliyi təmin etmək üçün yetərli saymaq olmaz. Buğda ilə təminatda təqdirəlayiq bir hal var ki, Azərbaycan idxalını diversifikasiya edə bilib. Belə ki, 2021-ci ildə idxal etdiyimiz buğdanın 90 faizini Rusiyadan almışıq. Lakin 2022-ci ilin əvvəlindən buğda idxalında bu ölkənin payı kəskin azaldılıb, Qazaxıstandan idxal isə artırılıb. Belə ki, yanvar ayında Rusiyadan 9872,19 ton bərk buğda, 36893,31 ton yumşaq buğda, Qazaxıstandan 34736,52 ton yumşaq buğda, meslin və digələri, 12202,5 ton bərk buğda almışıq.  Keçən ilin yanvarında Qazaxıstandan cəmi 3010 ton, Rusiyadan isə 20182,74 ton buğda alınmışdı.

Azərbaycan yanvar ayından həmçinin Qazaxıstandan buğda və çovdar unu idxalını da kəskin artırıb. Bu ilin yanvar ayında xaricdən alınan 847,54 ton buğda və buğda-çovdar ununun 844,91 tonu bu ölkədən alınıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında xaricdən un idxalımız cəmi 157 ton olmuşdu. Onun da 151 tonu Rusiyadan alınmışdı. 2021-ci il ərzində isə Azərbaycan xaricdən 3523,9 ton buğda və buğda-çovdar unu alıb. Bunun 3478,27 tonu Rusiyadan, cəmi 6 tonu Qazaxıstandan gətirilib.

Göründüyü kimi, Azərbaycan buğda ixracını diversifikasiya edə bilib. Fevral-mart aylarında da bu tendensiyanın davam etdiyi şübhəsizdir. Nəzərə alsaq ki, ötən ildən Qazaxıstandan Çin və Əfqanıstana buğda ixracı kəskin azalıb, onda bu ölkədən idxalımızın tamamilə təmin olunması rahatlıqla mümkün olacaq. Sadəcə, dünya bazarında qiymətlərin yüksəlməsi idxal buğdasının bahalaşmasına gətirib çıxaracaq ki, bunun da ölkədə un və çörəyin qiymətinə təsirsiz ötüşəcəyi gözlənilən deyil.

Azərbaycanda əsas ərzaq məhsullarından bir olan qənd və şəkər tozunun istehsalında ciddi artım var. Bu ilin yanvar-fevral aylarında ölkədə 38,3 min ton qənd və şəkər tozu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 55,7 faiz çoxdur. Bu ilin mart ayının 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 19,8 min ton məhsul olub ki, bu da 2021-ci ilin eyni göstəricisini 4,1 dəfə üstələyir. Ötən il martın 1-i tarixinə məhsul ehtiyatı 4,8 ton təşkil edib.

Azərbaycan şəkər ixracını 76% artırıb

İki ayda ölkədən 6 305,58 ton şəkər ixrac edilib ki, bu da 2021-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 35,3 faiz azdır. İxrac edilən məhsulun dəyəri 4 milyon 137,98 min dollar təşkil edib, bu, ötən ilin eyni ayının göstəricisindən 15,1 faiz azdır.

Onu da bildirək ki, bir sıra məhsulların idxalçı qiymətlərinin aşağı düşməsi müşahidə olunur. Bunlara süd və toyuq ətini aid etmək olar. Hər iki məhsulun idxalı yerli istehsaldan ucuz olduğuna görə bu proses yerli istehsalçılara ciddi problemlər yaratmaqdadır. Aydın məsələdir ki, daxili bazarda bahalaşmanın qarşısını ucuz idxalla almaq son nəticədə yerli istehsalın sıradan çıxması təhlükəsi yaradır. Bu baxımdan, hökumətin yerli istehsalçıları qoruması çox vacibdir.

Orta və uzunmüddətli dövrdə Azərbaycanda kənd təsərrüfatı istehsalının artmasına gətirəcək bir sıra addımlar atılır. Bunlardan biri də iri fermer təsərrüfatları, aqroparkların yaradılmasıdır. İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatdan aydın olur ki, Azərbaycanda 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.

Azərbaycanda bu günədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 184 milyon manat güzəştli kredit, 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi alan 26 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 39,8 milyon manat dəyərində güzəştlər əldə ediblər. Bu günədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Belə böyük həcmdə dövlət dəstəyi, özəl investisiya hesabına yaradılan təsərrüfatların fəaliyyətinin davamlı olması üçün daxili bazara idxal məhsullarının axınının qarşısı alınmalıdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR