İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerin təbliğat ruporu – axırda Ştreyxeri dar ağacına aparıb, başına torba keçiriblər

2092 10.12.2022 14:45 Yaxın tarix A A

Nürnberq məhkəməsində o, digər nasist rəhbərlərindən üç fakta görə fərqlənib. Birincisi, Yulius Ştreyxer insanlığa qarşı törədilən cinayətdə heç bir hərbi əməliyyatda iştirak etməyib, onu mətbuatdakı təbliğatına görə ittiham ediblər. İkincisi, Ştreyxer edam öncəsi üç dəfə Hitlerin adını çəkib. Üçüncüsi isə Ştreyxer digər nasist rəhbərlərindən fərqli olaraq əvvəllər də Nürnberq məhkəməsinin binasında və nasistlərin saxlandığı Nürnberq həbsxanasında dəfələrlə olub, amma ittiham olunan şəxs kimi yox, nasist partiyasının Nürenberq təşkilatının rəhbəri kimi...

Bəli, nə vaxtsa Ştreyxer Nürnberqdə nasist partiyasına rəhbərlik edəndə (qulyayter) o, bu şəhərdə əsas söz sahiblərindən biri olub. O, şəhər gəzintisinə əlində qamçı çıxıb, istədiyi adamı hamının gözü qarşısında qamçılayıb. Ştreyxer yolunu tez-tez Nürnberq həbsxanasından da salıb, məhbuslara işgəncə verməkdən xüsusi zövq alıb. Amma yəqin ki, həmin vaxtlar ağlına da gəlməyib ki, vaxt gələcək, özü də bu həbsxananın “sakin”i olacaq.

1106545.jpg (60 KB)

Yulius Ştreyxer 1885-ci ildə Bavariyada, Fleynxauzen kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra bir müddət ucqar kəndlərdə ibtidai siniflərdə müəllimlik fəaliyyəti ilə məşğul olub. Daha sonra könüllü orduya yazılan Ştreyxer I dünya müharibəsində sıravi əsgər kimi iştirak edib. Xidmətdə fərqləndiyinə görə iki ildən sonra ona leytenant hərbi rütbəsi verilib.

Müharibədən sonra Ştreyxer müəllimlik fəaliyyətini davam etdirib, eyni zamanda ölkənin ictimai-siyasi həyatında fəllığı ilə fərqlənib. 1920-ci illərin əvvəllərindən başlayaraq Nürnberqdə yaşayan Ştreyxer nasist partiyasının bu şəhərdəki təşkilatının ən fəal üzvlərindən birinə sevrilib. Elə həmin vaxtlardan da onun Adolf Hitlerlə yaxın münasibətləri yaranıb.

Shtraiher_1.jpg (201 KB)

1923-cü ildə Ştreyxer “Der Stürmer” adlı (fırtına yaradan, fırtınaçı) şəxsi qəzetini buraxmağa başlayıb. Qəzet əvvəlcə Nürnberqdə 2-3 min tirajla yayımlanıb. Bir neçə ildən sonra o, ölkənin ən populyar qəzetinə çevrilərək tirajı 480 minə çatıb. Qəzetin xüsusi buraxılışlarının tirajı isə iki milyon nüsxəni keçib. Qəzetin əsas mövzusu yəhudilərə və kommunistlərə qarşı təbliğat materialları olub. Bu mövzudakı yazılarda karikaturalar daha çox yer alıb. Bununla yanaşı Ştreyxer qəzetdə Hitlerin fəaliyyətinin müsbət təbliğatına xüsusi diqqət ayırıb. Hitler qəzetin bir nömrəsini də buraxmayıb, yeni çəxan qəzetin ilk nüsxələri ilk olaraq fürerə çatdırılıb. “Der Stürmer” qeyri-rəsmi olaraq nasist partiyasının mətbu orqanı sayılıb.

1930-cu illərdən başlayaraq Ştreyxer vəzifə karyerasında sürətlə irəliləyib. Nürnberqin, daha sonra nasist partiyasının Frankoniya birləşmiş təşkilatının rəhbəri olan Ştreyxer 1933-cü ildə parlamentin üzvü də seçilib.

1106542 (1).jpg (155 KB)

Ştreyxerə qarşı partiya rəhbərlərinin münasibəti birmənalı olmayıb. Bunun səbəbi isə Ştreyxerin özünü partiya mənsublarına xas apara bilməməsində olub.

Onun adı tez-tez qeyri-qanuni yəhudi ailələrinin əmlakını müsadirə edərək özününküləşdirməsində hallanıb.

Ştreyxerin ən zəif yeri qadın məsələsi olub ki, onun məşuqələrinin sayı-hesabı bilinməyib. Porno filmləri izləmək Ştreyxerin ən sevimli əyləncəsi sayılıb. O, bu şakərini heç kimdən gizlətməyib.

Ştreyxer mötəbər toplantılarda etdiyi çıxışlarda kobud ifadələrə, söyüşlərə yer verib və bu da partiya rəhbərlərinin ciddi narazılıqlarına səbəb olub. Məhz bu səbəbdən Ştreyxer kurasiyası altında işlədiyi Jozef Göbbels tərəfindən dəfələrlə xəbərdarlıq alıb. Sonda isə Göbbels ona kütləvi tədbirlərdə çıxış etməyi qadağan edib. Amma heç bir qadağa Ştreyxeri uzun müddət susdura bilməyib. Belə ki, Hitler ona fəaliyyətində böyük səlahiyyətlər verib.

790e75e94d4a024ad70cd6f6158c73d6_1549256137-b.jpg (132 KB)

Ştreyxerlə nasist partiyasının rəhbərləri arasında anlaşılmazlıq 1940-cı ildə pik həddə çatıb. Belə ki, German Herinq Erxard Milxi aviasiya nazirinin müavini vəzifəsinə gətirmək istəyəndə Ştreyxer onun yəhudi olduğunu bildirərək bu təyinata maneçilik tərətmək istəyib. Bununla da Herinqlə Ştreyxerin arasında ciddi konflikt yaranıb. Ştreyxer öz qəzeti vasitəsilə Herinqdən qisas almaq istəyib. O, qəzetdə reyxsmarşalın karikaturasını verərək onun ailə məsələləri haqqında da bəzi faktları üzə çıxarıb, Yazıda Ştreyxer Herinqin qızının süni döldən yarandığını qeyd edib.

Buna cavab olaraq Herinq Hitlerlə razılaşdırdıqdan sonra Ştreyxerin fəaliyyətində maliyyə məsələlərini yoxlatdırmağa nail olub. Yoxlama zamanı qanun pozuntuları aşkar edilib. Ştreyxer partiyadakı bütün vəzifələrini itirib və siyasi səhnədən uzaqlaşdırılıb. Bu hadisədən sonra o, yalnız qəzetin redaktoru kimi fəaliyyət göstərib. Qəzet 1945-ci ilin fevral ayına qədər öz dövriliyini itirməyib. 1945-ci ilin yanvar ayında Hitler yenidən onu partiyanın Frankoniya təşkilatına rəhbər təyin edib. Amma Ştreyxer bu vəzifədə uzun müddət işləyə bilməyib. 1945-ci ildə o, amerikalılar tərəfindən həbs edilib.

10180-6-8323db3ab85c232cfcfbf9073e2c1245.jpg (117 KB)

Nürnberq məhkəməsində Ştreyxer yəhudilərin kütləvi məhv edilməsi üçün apardığı təbliğata görə ittiham edilib. İttihamda əsas sübut Ştreyxerə məxsus “Der Stürmer” qəzetindəki materiallar olub. Ştreyxer ona asılmaqla ölüm hökmünün verilməsini gözləməyib. Məhkəmənin edam hökmü isə dəyişməz qalıb. Ştreyxerin apelyasiya şikayəti də ona kömək edə bilməyib.

Ştreyxer edam öncəsi ona verilən son söz hüququndan istifadə edərək üç dəfə yüksək səslə “Hayl Hitler” ifadəsini səsləndirib. Edamı icra edən ABŞ ordusunu serjantı Con Budz sonralar xatirələrində qeyd edib ki, Ştreyxerin sonuncu “Hayl Hitler” ifadəsi başına keçirilmiş kisədən eşidilirdi...

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR