İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerin keçirdiyi olimpiada – Fürer medal qazanan yəhudilərə və qaradərililərə əl uzatmayıb

4091 12.03.2022 13:20 Yaxın tarix A A

Bir-birini “həzm” edə bilməyən siyasətçilər, dövlət başçıları rəsmi və qeyri-rəsmi tədbirlərdə çıxışlarında, jurnalstlərə müsahibələrində, mətbuata açıqlamalarında məqamı düşdükcə qarşı tərəfi ittiham etməyə çalışırlar. Bu ittihamlar heç də həmişə birbaşa siyasi mövzularda olmur.

Məsələn, 2018-ci ildə Böyük Britaniyanın xarici işlər naziri (hazırkı baş nazir) Boris Conson Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatı haqqında narazı fikirlər söyləyərək, bu turniri 1936-cı ildə Almaniyada keçirilən XI Yay Olimpiya Oyunları ilə müqayisə edib.

Maraqlıdır, Berlində keçirilən olimpiya oyunları hansı xoşagəlməz hadisələrlə müşayiət olunub ki, britaniyalı siyasətçi müqayisə üçün məhz həmin idman tədbirini nümunə gətirib.

Фотка_1720691.jpg (79 KB)

Beynəlxalq Olimpiya Komitəsi XI Yay Olimpiya Oyunlarının Berlində keçirilməsi haqqında hələ nasistlər hakimiyyətə gəlməmişdən əvvəl, 1931-ci ildə qərar qəbul edib. 1933-cü ildə Adolf Hitler hakimiyyətə gələndə olimpiya oyunlarının Almaniyada keçirilməsi sual altına düşüb. Olimpiya oyunlarını “yəhudi kəşfi” adlandıran fürer bu tədbirin ölkəsində keçirilməsinin tam əleyhinə olub, hətta oyunlardan imtina ilə bağlı sənədlərin hazırlanmasını da göstəriş verib.

original.jpg (160 KB)

Uzun-uzadı müzakirələrdən sonra təbliğat naziri Yozef Göbbels Hitleri fikrindən daşındıra bilib. O, füreri inandırıb ki, olimpiya oyunları beynəlxalq aləmdə nasist Almaniyasının imicinə müsbət təsir göstərəcək, digər tərəfdən, bu tədbir Almaniyada idmanın inkişafına, alman gənclərin fiziki hazırlığına böyük töhfələr verəcək. Göbbels Hitleri o dərəcədə əmin edib ki, fürer olimpiya oyunlarına hazırlıq işlərinə birbaşa özü nəzarət edib.

Beləliklə, Berlində olimpiya oyunlarına ciddi hazırlıq işləri başlanıb, dövlət büdcəsindən 20 milyon marka ayrılıb, 86 min yerlik stadion, üzgüçülük hovuzları, idmanın ayrı-ayrı növləri üzrə obyektlər, 500 evdən ibarət olan olimpiya kəndi inşa edilib. Bütün görülən bu işlər Olimpiya Komitəsini qane edib.

slide_1.jpg (74 KB)

Amma bu müsbət işlərlə yanaşı III Reyx rəhbərliyi öz niyyətlərini də gizlədə bilməyib. Hazırlıq ərəfəsində yəhudilərin sıxışdırılması haqqında Beynəlxalq Olimpiya Komitəsinə şikayətlər daxil olub. Məsələ o dərəcədə ciddiləşib ki, komitə Berlinin olimpiya paytaxtı statutusunu ləğv etmək qərarını müzakirəyə çıxarmaq məcburiyyətində qalıb. Həmçinin Almaniyada yəhudələrə qarşı təqib kampaniyası Avropa ölkələri və ABŞ tərəfindən də qətiyyətlə pislənib, Almaniyada keçiriləcək olimpiya oyunlarının baykot edilməsi ilə bağlı fikirlər də səsləndirilib.

Vəziyyəti yerində araşdırmaq üçün komitə Berlinə xüsusi nümayəndə göndərib. Nasistlər nümayəndə heyətini xüsusi hazırlıqla qarşılayıb, onları görülən işlərlə, tikilən obyektlərlə tanış edib. Berlindən yəhudilərin əleyhinə olan bütün təbliğat vasitələri yığışdırılıb. Hətta Göbbels nümayəndə heyəti ilə yəhudi idmançıların görüşünü də təşkil edib. Nümayəndə heyəti Berlindən razı qayıdıb.

34516325_m.jpg (80 KB)

Olimpiya oyunları 1936-cı ilin 1-16 avqust tarixlərində keçirilib. Oyunlarda 49 ölkədən 4 mindən artıq idmançı iştirak edib. Atletlərə azarkeçlik edən xarici turistlərin sayı isə 4 milyonu ötüb.

Məhz ilk dəfə olaraq Berlində 33 telesalon yaradılıb ki, bu salonlarda oyunlar real vaxtda birbaşa translyasiya olunub.

XI Yay Olimpiya Oyunlarında sovet atletləri iştirak etməyiblər. Həmin ərəfədə Almaniya ilə SSRİ arasında münasibətlərin gərgin olması, İspaniyadakı vətəndaş müharibəsində Almaniya ilə SSRİ-nin əks cəbhələrdə dayanmasına görə sovet idmançılarının Berlində idman tərbirinə qatılmasını Kreml məqsədəuyğun saymayıb.

27351279_m (1).jpg (121 KB)

Göbbelsin tapşırığı ilə olimpiya oyunlarından bir ay əvvəl və tədbir günlərində mətbuatda və təbliğat vasitələrində yəhudilərin əleyhinə heç bir ifadə işlədilməyib. Təbliğat naziri bu işə xeyli əmək sərf etsə də, Hitler oyunlar ərəfəsində xislətini gizlədə bilməyib. Qızıl, gümüş və bürünc medalı alanların təltifolunma mərasimində iştirak edən fürer medalları təqdim edərkən mükafat qazanan yəhudilərə və qaradərili idmançılara əl uzatmayıb. Oyunların ilk günündə diqqət çəkən bu xoşagəlməz mənzərə Beynəlxalq Olimpiya Komitəsinin də diqqətindən yayınmayıb. Onlar fürerə tövsiyə ediblər ki, mükafatlar hamıya ya eyni qaydada təqdim edilməlidir, ya da Hitler ümumiyyətlə mükafatların təqdim edilməsindən imtina edib öz tribunasından seyrçi qismində iştirak etməlidir. Hitler ikinci variantı seçib.

2-4.jpg (117 KB)

Olimpiya oyunlarının ümumi nəticələrinə görə Almaniya ən çox mükafat qazanan ölkə olub. 33 qızıl, 26 gümüş, 30 bürünc, ümumilikdə 89 medal qazanan Almaniya birinci, 24 qızıl, 20 gümüş, 12 bürünc, ümumi 56 mükafat qazanan ABŞ ikinci, 10 qızıl medal qazanan macar atletləri isə üçüncü yerdə qərarlaşıblar.

Hitler olimpiya oyunlarından o dərəcədə razı qalıb və zövq alıb ki, 1940-cı ildə qış olimpiya oyunlarının da Almaniyada keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib. II dünya müharibəsinin başlanması ilə Almaniya olimpiya iddiası ilə bağlı müraciətini geri götürüb. Bu dəfə yəhudilərə qarşı amansız münasibətdə olimpiya komitəsi fürerə mane ola bilməyib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR