İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanlıların Bakıda saylarının artmasının şok səbəbi

2524 11.08.2023 08:58 Gündəm A A

Heydər Əliyev Beynəlxalq Hava Limanında viza almaq üçün cəmi 30 dəqiqə lazım olduğundan, qeyri-qanuni miqrant marşrutunun mərhələlərindən biri kimi Bakı seçilir

Hindistanlı insan alverçiləri qeyri-qanuni miqrantları ABŞ-yə göndərmək üçün məxfi marşrut hazırlayıblar ki, onun da nöqtələrindən biri Azərbaycan paytaxtı olub. Şəbəkəni Yeni Dehlidə bir turizm şirkətinin sahibi idarə edirmiş.

Haqqın.az yazır ki, Hindistan polisi və kəşfiyyat orqanlarının keçirdiyi əməliyyat nəticəsində cinayətkar qrupun bir neçə üzvü həbs edilib, daha bir neçə nəfər isə axtarışdadır.
Hindistan mediası yazır ki, ABŞ-yə qeyri-qanuni mühacirət etmək istəyən ölkə vətəndaşları insan alverçiləri tərəfindən hazırlanmış şərti olaraq “eşşək yolu” adlanan yolla okeanın o tayına keçirilirlər. Dehli polisinin xüsusi komissarı Sinq Yadav Hindistan nəşrlərindən birinə müsahibəsində bildirib ki, qeyri-qanuni marşrutun bir hissəsi Azərbaycan ərazisi olub. Bu qeyri-qanuni fəaliyyət Tilak Nagar bölgəsində fəaliyyət göstərən turizm şirkətinin rəhbəri 48 yaşlı Giris Bhandari tərəfindən idarə edilib. Bhandari mayın 2-də həbs edilib. Onun ofisində axtarış zamanı polis ABŞ və digər Qərb ölkələrinə qeyri-qanuni yollarla keçməyi planlaşdıran azı 80 müştərinin pasportunu müsadirə edib.

Planlaşdırılmış marşrutu belə olub: Dehlidən Şarjaya (Birləşmiş Ərəb Əmirlikləri), oradan Bakıya. Daha sonra İstanbula gələn miqrant oradan Panama Sitiyə (Panama), sonra El Salvadorun paytaxtı San Salvadora, oradan da Meksikanın Tapaçula şəhərinə göndərilib.

Polis rəsmisinin sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında viza almaq üçün cəmi 30 dəqiqə lazım olduğundan, qeyri-qanuni marşrutun “mərhələlərindən” biri kimi Bakı seçilib. Amma Azərbaycan vizası almaq üçün geri dönüş bileti tələb olunduğundan, Bhandarinin agentləri onu Türk Hava Yolları ilə əvvəlcədən sifariş edirlər, çünki istisnasız olaraq bu aviaşirkətin bütün reysləri İstanbulda dayanır. Belə ki, ABŞ-yə getmək istəyən hindistanlı insan alverçilərinin sxeminə uyğun olaraq Şarja əmirliyindən (BƏƏ) qeyri-qanuni olaraq Bakıya uçur və bir neçə gün Azərbaycan paytaxtında qaldıqdan sonra Bakı-İstanbul reysinə minir. Belə məlum olur ki, son vaxtlar Bakıda hindistanlıların sayının artmasının səbəbi həm də “eşşək yolu” adlanan marşrutdan istifadə etmək olub.

Arzu Nağıyev: dünyanın taleyinin sadəcə 5 ölkədən asılı olması ədalətli  deyil - 03.03.2023, Sputnik Azərbaycan

Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, hazırda qeyri-qanuni miqrantların qaçaqmalçılığı dünyada ən böyük problemlərdən biridir. O qeyd etdi ki, çox saylı ölkələr çıxış tranzit, yaxud təyinat ölkəsi kimi istifadə olunur: “Təbii ki, cinayətkar qrupların əsas məqsədi pul qazanmaqdır. Qanuni yolla bir ölkədən digərinə gedə bilməyənlər qeyri-qanuni yolla razılığa gələ bilirlər. Cinayətin miqyasını qiymətləndirmək çox çətindir, çünki gizli həyata keçirilir, yalnız cinayət açıldıqdan sonra müəyyən məlumat almaq olur. Qanunsuz miqrasiyanın nə zaman qaçaqmalçılıqla müşayiət ediləcəyi, hansı metodlardan istifadə ediləcəyi bəlli deyil. Son dövrlər Afrika ölkələrindən bir sıra İtaliya adalarına, Türkiyə sahillərinə, Yunanıstana miqrantlar daşınır. Digər istiqamət Hindistan, Pakistan, Əfqanıstandır. Məlumdur ki, tranzit kimi bir sıra ölkələr seçilə bilər. Bu o demək deyil ki, ölkədə qeyri-qanuni miqrantların daşınması ilə məşğul olan ciddi qruplaşma var. Bu gün Azərbaycanda qeyri-leqal miqrasiyaya nəzarət çox güclüdür. İstər xüsusi xidmət orqanları, istər hüquq-mühafizə orqanları, istərsə də Miqrasiya Xidməti tərəfindən nəzarət həyata keçirilir. Əməliyyat şəraiti daim diqqətdə saxlanılır. Dünyada bəlli marşrutlar var. Qonşu dövlətlər arasında qanunsuz miqrasiyada ən böyük axın Türkiyəyədir. Azərbaycana yaxın olan istiqamət İrandan Bakıya gəlməkdir. Son zamanlar bəzi xarici neft şirkətlərində işləmək adı altında ölkəmizə gələnlər çoxalıb. Asan yolla viza əldə edilməsi təmin olunsa da, ciddi nəzarət var. Dünya miqyasında qanunsuz miqrasiyanın qarşısının alınması çox çətin prosesdir. Azərbaycanda qanunsuz miqrasiya böyük miqyasda deyil, lakin qarşısının alınması istiqamətində lazımi addımlar atılır. Bu, əsasən qaçaqmalçılar tərəfindən həyata keçirilir. Bəzi qruplar miqrantlardan işçi qüvvə kimi istifadə etməyə, bəziləri isə hər hansı ölkəyə çatdırıb sonrakı taleyi ilə maraqlanmırlar. Azərbaycan müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirir, bu da müsbət nəticə verir. Bu gün Azərbaycanın qanunsuz miqrasiya üçün tranzit ölkə olduğunu demək olmaz”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR