İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyətlər yazıq-yazıq, həyatlar yazıq...

1746 09.05.2023 14:10 Yazarlar A A

Bu günlərdə şəhərqırağı qəsəbələrin birindəki yeni tikililərdən (“novostroyka” deyək, anlaşıqlı olsun) ibarət məhəllədə qeyri-adi bir hadisə olub. Vətəndaşlar evlərinin eyvanına və blokun qarşısına çıxanda görüblər ki, kimsə həyətə narıncı spreylə və iri hərflərlə ÖZLEDİM yazıb. Həm də eləcə “özledim” yox ha, kaps-lokla yazıb – yəni bütün hərflər böyük.

Bütün hərflərin böyük, ayrıca hər hərfin tutduğu kvadratmetr kifayət qədər miqyaslı olduğu üçün vətəndaşlar hiss edib ki, bunu hər kim yazıbsa, türkün sözü, özləmişliyi gerçəkdən böyük olub.

Əvvəllər bu yaşayış massivində belə şey olmayıbmış. Əlbəttə, əvvəllər də kimisə özləyənlər olub, amma onlar bunu kirimişcə ediblər, heç kəs bilməyib. Narıncı spreydən istifadə edən şəxs isə öz duyğularını bu şəkildə, yəni səssiz-səssiz, amma bağıraraq izhar edib.

345890834_2240178796190470_8628348791660115405_n.jpg (124 KB)

Hamının ağlına birinci o gəlib ki, bunu edən, güman ki, ya əsgərliyə hələ getməmiş, ya da təzə gəlmiş bir gəncdir, türk seriallarına baxıb, təsirlənib və cumub sprey balonuna. Bizdə olmadığına baxmayın, Türkiyədə, Rusiyada, Avropa ölkələrində çəkilən filmlərdəki sevən gənclər belə şeyləri çox edirlər, götürüb sevgili-cananın yaşadığı evin həyətinə “I LOVE YOU”, «Я ТЕБЯ ЛЮБЛЮ, МАША», “AFFET BENİ, QAMZE” yazırlar. Oralarda belə şeylər məqbuldur, amma belə anlaşılır ki, bu romantik hərəkətlər bizə yeni-yeni gəlir – evlilik təklifi edərkən ictimai yerdə dizin birini yerə atmaq kimi (evlənəndən 1 ay sonra o biri dizləri də yerə gəlir, ağıllanırlar).

Vətəndaşlar ərinməz-ərinməz gedib həyəti müşahidə edən videokameranın yaddaşına baxıblar, görüblər ki, özləyən adam heç də gənc deyil, 45+ və ya 50- yaşda olan bir ağsaqqaldır (kamera arada onun bəyazlamış saçlarını da öz yaddaşına həkk edib). O da aydın olub ki, adamın eşq acısı çəkdiyi realdır, çünki o, bu aksiyanı gecənin xırt yarısından sonra, saat 3-4 arasında edib. Görünür, yuxusu gəlmirmiş.

Bundan sonra sayıq vətəndaşlar detallara varmayıblar, hərçənd araşdıra bilərdilər ki, 50 yaşlı bir adam gecə saat 3-dən sonra bu məhəllədə yaşayan kimi özləyib, ortada hansı bir yasaq eşq macərası var. Əlbəttə, çox araşdırılsa, iş yortulmağa qədər gedib çıxa bilərdi. Çünki bizim mentalitet belə şeyləri qəbul eləmir, heç kəsin ağlı Amsterdama getməsin, burada başqasına mənsub olanı özləyəni və bunu gizləməyəni bizləyirlər.

Ancaq hadisə yerinə baxış keçirən, videokamera görüntülərini izləyən bir nəfər deyib ki, bəylər, çox da şey eləməyək, deyəsən, burada bircinsli məhəbbətin izləri var, ağsaqqal o mesajı blokdakı erkək gədələrin birinə ünvanlayıb. Çünki elələri, adam deyib, duyğusal olurlar, tez hissə qapılırlar.

Beləcə, məsələ yat-yut olub, hərçənd ola bilər, bəzi vətəndaşlar gecə saat 3-4-ü gözləyib spreyli kişini iş başında tutmaq üçün pusqu quracaqlar.

Xüləs, hal böyləykən, “Eurovision”da ölkəmizi təmsil edəcək gənclərin allı-güllü libasda, belləri korsetdə çəkilmiş şəkli paylaşılmazmı, bu mövzu sosial şəbəkəni başına götürüb, yerə çırpıb, darmadağın etməzmi?

Hazırda xalqımız bu işdən çox narazıdır. Əksəriyyət istəmir ki, igid-igid Azərbaycan oğulları Londonda məhz allı-güllü, şallı-mallı şəkildə təmsil olunsun. Bəlkə də o uşaqlar heç elə deyillər, amma adları artıq pis çıxıb, güman var ki, onlar bayraqları göy qurşağı olan zümrəyə mənsubdurlar.

6458af7cc338f6458af7cc339016835336926458af7cc338d6458af7cc338e.jpg (221 KB)

Oxumuş adamlar da deyir ki, belə geyim və həyat tərzi “Eurovision”un stixiyasıdır. Əvvəllər elə deyildi axı. Düzdür, hər il yarışmada bir neçə, ola bilər ki, 5-6 cinsi azlıq nümayəndəsi çıxış edirdi, amma tam çoxluq normal adamlar idi. Məsələn, Türkiyədən bu yarışmaya Kayahan kimi müqtədir, həm də 3-4 arvad almış sənətkar qatılıb – özü də bir neçə dəfə. Sərtap Ərənər kimi adı səfeh qalmaqallara qarışmayan sənətçi 1-ci yeri tutub. Beren Saatın əri Kənan Doğulu bu yarışmada iştirak edib. Hələ Hadisə... Onun orientasiyasının düzgünlüyünə bir xeyli kişi tərəf-müqabilləri zəmanət verə bilər.

Yəni şərt deyil ki, yarışmaya mütləq cinsi azlıq nümayəndələri göndərilsin. Təşkilatçılar heç də demirlər, kimi göndərirsiniz, öz işinizdir, amma adam LGBT təmsilçisi olmalıdır. Belə şey yoxdur.

Birdəfəlik anlamaq lazımdır ki, bircinsli məhəbbət ilişkiləri təbliğ olunası, öyüləsi, nümunə göstəriləsi bir şey deyil. Tək bir səbəbdən. O azlıqlar çoxluğa çevrilsə, bəşər əhlinin nəsli kəsilər.

Ona görə də qoy belə şeylər bir az örtülü qazanda qaynasın, yeniyetmələrə nümunə göstərilməsin. Elə olmasa, bir də görəcəyik, gecələr əlinə sprey balonu götürüb həyətlərə ÖZLEDİM yazanların sayı artıb və həyətlər yazıq-yazıq, həyatlar isə yazıq olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR