İnsanlara hürriyət, millətlərə istiqlal!

Heydər Əliyev qayıdışı ilə müstəqil Azərbaycanı qorudu

639 14.06.2023 20:06 Siyasət A A

Milli Məclisin xüsusi iclasında çıxış edən deputat, tarixçi professor Anar İsgəndərov dövlət xadimi Heydər Əliyevin tarixi xidmətlərindən xronoloji ardıcıllıqla bəhs edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, tarixçilər Heydər Əliyevin fəaliyyətini 5 hissəyə bölürlər:

“İlk dövr 1944-69-cu illərdir. Heydər Əliyev o illərdə Azərbaycana nələr verib? İlk azərbaycanlıdır ki, Azərbaycan tarixində birinci dəfə xüsusi xidmət orqanında yüksək vəzifəyə təyin olunmuşdu. Heydər Əliyev həmin dövrdə yüzlərlə azərbaycanlını bu xidmətə cəlb edir və eyni zamanda yüzlərlə Azərbaycan ziyalısını sovet cəza maşınından xilas edə bilib. Heydər Əliyevin fəaliyyətinin ikinci dövrü 1969-82-ci illərlə bağlı idi. Heydər Əliyev Azərbaycan tarixində hansı tarixi hadisələrlə yadda qalıb? 1971-ci ildə Naxçıvanski adına Hərbi Məktəbin açılmasında Heydər Əliyevin müstəsna xidməti oldu. Eyni zamanda 1969-cu ilin iyuluna - Heydər Əliyev hakimiyyətə gələnədək Azərbaycan Ali Soveti Rəyasət Heyətinin qərarları ilə Azərbaycanın 4 min kv.km-lik ərazisi Ermənistana verilmişdi. 1969-cu ilin iyulunda Heydər Əliyev hakimiyyətə gəldi və bir daha torpaqların verilməsindən söhbət getmədi. Heydər Əliyevin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri hər il minlərlə Azərbaycan gəncini SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərməsi oldu. Sonralar həmin ziyalıların müstəqil Azərbaycanın elm və təhsilinin inkişafında müstəsna xidmətləri oldu”.

Anar İsgəndərov qeyd edib ki, Heydər Əliyevin daha bir müstəsna xidməti 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunmasıdır.

anarr.jpg (33 KB)

Professor Heydər Əliyevin fəaliyyətinin 1982-87-ci illər - Moskva dövründən də bəhs edib: “Bir cümlə ilə deyə bilərəm ki, Heydər Əliyev yeganə türk-müsəlmandır ki, Sovet dövlətinin ən yüksək kürsüsündə vəzifə tutmuşdu. Nə Heydər Əliyevə qədər, nə ondan sonra heç bir türk-müsəlman bu dövlətin idarləçiliyində belə bir zirvəyə qalxmayıb”.

Anar İsgəndərov daha sonra Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründən danışıb: “Əgər 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəlməsəydi, Cümhuriyyət neçə ay yaşaya bilərdi? 1921-ci ildə Qars müqaviləsi imzalanmasaydı, Naxçıvanın taleyi necə ola bilərdi? Nəhayət, 1990-cı ildə Heydər Əliyev Naxçıvana getməsəydi, şaxtalı qışda, soyuqda, qazsız, işıqsız Naxçıvan erməni qoşunu qarşısında duruş gətirə bilərdimi? Heydər Əliyev Naxçıvanı nəinki qoruyub saxladı, ilk dəfə olaraq üçrəngli bayrağı yenidən ucaltdı”.

Tarixçi alim qeyd edib ki, Heydər Əliyev fəaliyyətinin beşinci dövrü 1993-2003-cü illəri əhatə edir: “1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etsə də, bir tərəfdən müharibə, digər tərəfdən başqa problemlər ölkəni çətin vəziyyətdə qoymuşdu. Ona görə də ölkəni bu vəziyyətdən ancaq Heydər Əliyev xilas edə bilərdi və bu, baş verdi. Heydər Əliyev 15 iyunda qayıdışı ilə hər şeydən əvvəl müstəqil Azərbaycanı qorudu və 10 il ərzində Azərbaycanı dünya dövlətləri sırasına çıxara bildi”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR