İnsanlara hürriyət, millətlərə istiqlal!

Hesablama Palatası deputatlara hesabat verdi

737 20.04.2024 11:03 Ölkə A A

Dövlət maliyyəsinin idarə edilməsində aşkarlanmış nöqsan məbləği 1 milyard 971,9 milyon manat göstərilir

Aprelin 19-da Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlər ətrafında çıxış edən deputat Sahib Alıyev Fransanın Azərbaycandakı səfirini geri çağırmasından danışdı: “Fransa dözümsüzlük göstərərək belə bir cılızlığa yol verir. Ancaq Fransanın buradakı səfirini geri çağırmasının arxasında, fikrimcə, Qərbdəki bizim regionda bölücü xətlər çəkmək, dayanıqlı qarşıdurma platsdarımı yaratmaq yönündə kompleks addımlar atmağı planlaşladıranlara pionerlik etmək gizlənir. Aprelin 5-də Brüsseldə keçirilən üçlü görüşdəki üzərindən artıq sirr pərdəsi götürülən gizli sövdələşmə də bunu təsdiqləmirmi? ” 

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sonluğa çatdırılması Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir: “10 noyabr sazişində sülhməramlıların 2025-ə qədər müvəqqəti yerləşdirilməsi maddəsinin sənəddə əksini tapmasını məhz Prezident İlham Əliyev israr etmişdi. Prezident İlham Əliyevin Qarabağla bağlı apardığı uğurlu siyasət nəticəsində Rusiya tərəfi sülhməramlıların Qarabağdan çıxarılması barədə qərar qəbul etdi. Heç şübhəsiz ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması həm də Azərbaycan-Rusiya münasibətlərinin və iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir”.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təhsillə bağlı vacib məsələlərə toxundu. “Uşaq məktəbə gedir ki, dərs oxusun, öyrənsin. Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gəlir?”, deyən komitə sədrinin sözlərinə görə, indi istəyirlər ki, uşaqlar məktəbə getməsin, evdə otursun: “Əgər məktəbəqədər təhsil müəssisələrinin sayı əhatə dairəsinə görə Bakıda 25%, rayonlarda isə 10%-i keçmirsə, bu uşaq harada təhsil almalıdır? Hindistanda belə qanun var idi ki, ancaq varlılar oxuya bilər. Vətəndaş övladını evinə yaxın məktəbə gətirir, uşağı birinci sinifdən qeydiyyatdan keçirməyə böyük ansambl düzülüb, müsabiqə keçirirlər. Nə müsabiqə keçirir? Harada göstərilib bu? Hansı qanunda göstərilib? Hərə özündən qanun qəbul edib, təhsilə mane törətməsin”.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim etdi. Bildirdi ki, Hesablama Palatası 2022-ci ilin iş planına uyğun olaraq keçirilmiş nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpasına dair təkliflərlə bağlı qalan 25,5 milyon manatın icrasını ötən il davam etdirib: “Həmin məbləğin 17 milyon manatı üzrə hesabat dövründə tədbirlər həyata keçirilib, o cümlədən 9,5 milyon manat bərpa olunub, 0,9 milyon manat müqavilə məbləğindən azaldılıb, 6,6 milyon manat isə əvvəlki illərin öhdəliyinin bağlanmasına yönəldilib. Eyni zamanda 2022-ci ildə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanmış 564,5 milyon manat əhəmiyyətli təhriflərin 254,7 milyon manatı üzrə hesabat dövründə müvafiq düzəlişlər edilib. Bundan əlavə, əvvəlki illərin iş planları üzrə daha 1,3 milyon manatın müvafiq büdcələrə bərpası təmin edilib”.

Palata sədri qeyd edib ki, ötən il Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2020-2022-ci illəri əhatə edən 6 uyğunluq auditi keçirilib: “Ümumilikdə idarə tərəfindən auditlərlə müəyyən edilmiş pozuntu məbləği 120 milyon manatdan çox olub. Bütün auditlər üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Hesabat ilində idarə tərəfindən aparılan 6 tədbir də daxil olmaqla 15 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Baş Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edilib. Hesabat tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2023-cü ilin və əvvəlki illərin nəzarət tədbirləri üzrə 0,9 milyon manatın bərpası təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənədlə bağlı çıxış etdi. Bildirdi ki, təqdim edilən hesabat 2023-cü ildə Hesablama Palatasının iş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, büdcə qanunvericiliyinin tələb etdiyi fəaliyyət, həmçinin Palatanın hesabat ilində cari fəaliyyəti ilə bağlı digər məlumatları özündə əks etdirir.

Deputat Razi Nurullayev qurumun fəaliyyətini müsbət dəyərləndirdiyini söylədi və Azərbaycan reallığında gördükləri işin miqyasına görə də onlara təşəkkür etdi. Bildirdi ki, hesabat ilində 5 səmərəlilik auditi keçirilib: “Elə çıxışımın fokusu səmərəlilik auditidir. İstəyirəm ki, Hesablama Palatası büdcə vəsaitinin idarəedilməsi üzrə Dövlət Sosial Müdafiə Fondunda və Sosial Xidmətlər Agentliyində səmərəlilik auditi keçirsin. Bilmək istəyirik ki, ünvanlı dövlət sosial yardımının verilməsində səmərəlilik, düzgün idarəetmə, vəsaitin təyinatı üzrə istifadə edilməməsi, büdcə vəsaitinin bank hesablarında istifadəsiz qalması, ilin sonunda vəsaitlərin akkreditiv hesablara yönəldilməsi araşdırılsın”. R.Nurullayev eyni mexanizmin Sosial Xidmətlər Agentliyinə də tətbiq edilməsini rica etdi: “Bununla bərabər, vətəndaşlara normal maliyyə-əsaslı sosial xidmətlərin göstərilməsində həm qanunvericilik, həm də məsuliyyətsizlik nəticəsində yaranan maneələrin aşkara çıxarılması və ictimaiyyətə açıqlanmasını istəyirəm. Mənə belə gəlir ki, hər iki qurum üzərinə düşən vəzifəni nəinki vicdanla yerinə yetirmir, həm də ciddi məsuliyyətsizlik və hesabatsızlıq görürəm”.

Deputat Vahid Əhmədov parlamentin iclasında çıxış edərək bildirdi ki, Hesablama Palatası 2023-cü ildə 31 uyğunluq auditi həyata keçirib və bunların 27-sində ciddi nöqsanlar aşkarlayıb. Millət vəkili aşkarlanan maliyyə pozuntusuna diqqət çəkdi: “Bu zaman 562 milyon manat maliyyə pozuntusunun olduğunu müəyyənləşdirib. Ümumilikdə isə ötən hesabat dövründə 1,2 milyard manat həcmində nöqsan aşkar edilib”. Deputat bildirdi ki, aşkar edilən nöqsanlar əsasən rüsumlar üzrə böyük borcların olması, hesabatlılığın olmaması, proqnoz göstəricilərin düzgün hesablanmaması, alqı-satqı müqavilələrinin həyata keçirilməməsi və sairlə əlaqəlidir: “Bütün bunlardan sonra belə bir nəticəyə gəlmək olar ki, problemlər daha çox satınalmalarda və mühasibat uçotunda olub. Ona görə də Hesablama Palatası bu sahələrə diqqəti artırmalıdır, yoxlama sahəsinin əhatəsini genişləndirməlidir”. V.Əhmədov eyni zamanda bildirdi ki, problemlərin bir çoxu da mühasitat-uçot sahəsində peşəkar mütəxəssislərin olmaması ilə bağlıdır. Deputat yoxlama müddətinin qısaldılmasını da zəruri saydı.

Müzakirələrdən sonra hesabat qəbul olundu.

İclasın gündəliyindəki digər məsələlər də müzakirə olunaraq təsdqləndi. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılmasına hal şahidlərinin cəlb edilməsi aradan qaldırılır. Layihə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılmasını nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 92-ci maddəsinə əsasən, şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama, nəqliyyat vasitəsinə baxış və bir sıra digər tədbirlər hal şahidlərinin iştirakı ilə həyata keçirilir. Dəyişikliklə isə hal şahidlərinin iştirakı aradan qaldırılaraq, həmin hallarda fasiləsiz videoçəkiliş aparılmaqla icraatın həyata keçirilməsi təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Digər qanun layihəsinə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsində tikinti fəaliyyəti bu qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. İclasda müzakirə olunan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunub ki, süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə, həmçinin həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır. Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün tikinti layihəsinin bu qanunda nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.

Eyni zamanda Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsində tikinti fəaliyyəti bu qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. Bu, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunub ki, süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə, həmçinin, həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır.

Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün tikinti layihəsinin bu qanunda nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapan müddəalara əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. Dəyişikliyə əsasən, qanunun 376-cı maddəsində “qanunsuz” sözündən sonra “olaraq media subyektinə təqdim edilməsi, yaxud” sözləri əlavə edilir.

Dəyişiklikdən sonra inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapan müddəaya əsasən, ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan işçilərə kompensasiya veriləcək. Dəyişikliyə görə, ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR