İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi təlim, yoxsa hücum hazırlığı? – Sərhəddəki artilleriya sistemləri İrəvanda TƏLAŞ YARATDI

1043 12.03.2024 17:45 Siyasət A A

Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan yerli mediaya açıqlamasında bildirib ki, Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib. Onun iddiasına görə, Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnika 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlardır.

Erməni hüquq müdafiəçisi həmin hərbi texnikaları sərhəddən gözlə görməyin mümkünlüyünə diqqət çəkərək vurğulayıb ki, artilleriya hücum silahıdır və Türkiyə qeyri-sabitliyin olduğu sərhədyanı ölkələr istiqamətində belə silahları yerləşdirir. Onun iddiasına görə, bu vəziyyətə səbəb rəsmi İrəvanın antirusiya siyasətidir və mövcud hakimiyyət rusları təxribata çəkməyə çalışacaq, bundan sonra Türkiyə Ermənistana hərbi müdaxilə edəcək.

Belə bir ssenari realdırmı? Türkiyənin Ermənistana hərbi müdaxiləsi nə dərəcədə mümkündür?

Musavat.com mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü 10 ordusu sırasına daxildir.

Erməni ordusunun isə ilk yüzlüyə belə daxil ola bilmədiyini diqqətə çatdıran ekspert vurğulayıb ki, belə reallıq fonunda Türkiyənin Ermənistana hərbi müdaxiləsinə zərurət yoxdur: “Rəsmi Ankaranın səsləndirdiyi istənilən sərt bəyanat Ermənistanı ciddi şəkildə silkələyə bilər. Türkiyə ordusuna məxsus artilleriya silahlarının, hərbi kontingentin Ermənistanla sərhəddə cəmləşməsinə gəlincə, belə proseslər daim müşahidə olunur. Bu, Türkiyə dövlətinin müxtəlif istiqamətlər üzrə sərhədlərində hərbi təlimlər keçirməsi ilə əlaqədardır. Artilleriya silahlarının məhz Poqosyanın qeyd etdiyi ərazilərdə yerləşdirilməsi də yeni məsələ deyil. Biz dəfələrlə bu artilleriya sistemlərinin, minaatanların, quru qoşunlarının hissə və bölmələrinin Ermənistanla sərhəddə yerləşdirildiyinin və həmin ərazilərdə hərbi təlimlər keçirdiyinin şahidi olmuşuq”.

Ə.Verdiyev söyləyib ki, Türkiyənin Ermənistana hərbi müdaxilə etmək planı yoxdur: “Rəsmi Ankara tərəfindən belə bir planın olması indiyə qədər heç bir yerdə açıqlanmayıb. Əksinə, sonuncu dəfə Ankarada Ermənistanla Türkiyə arasında keçirilən müzakirələr əvvəlkilərlə müqayisədə kifayət qədər müsbət qiymətləndirilir. Həmin görüşdən sonra tərəflərin verdiyi açıqlamalar belə qənaətə gəlməyə imkan verir. Odur ki, Türkiyənin Ermənistana hərbi müdaxiləsi ilə bağlı İrəvanda səsləndirilən fikirlərin hər hansı əsası yoxdur. Belə bir iddianı ortaya atanlar heç bir real fakta, bəyanata və ya məntiqə istinad etmirlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR