İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi kafedramızın kürən və “stroqu” zabitləri

2003 09.04.2022 16:16 Yazarlar A A

Rus hərbçiləri ilk tanışlığım ali məktəbdə oxuyanda, hərbi kafedrada məşğələlər keçəndə olub.

O zaman bizim institutda hərbi kafedra vardı, olası müharibə üçün ehtiyat zabitlər hazırlayırdılar. Hər gün iki fakültənin oğlan tələbələri hərbi kafedraya gedirdilər.

Kafedradakı müəllimlərin hamısı cantaraq, slavyan mənşəli (ruslar, ukraynalılar, belaruslar) zabitlər idi. Bir azərbaycanlı mayor da vardı, qara bığlıydı, amma xasiyyətcə rus kimi bir şey idi, ana dilimizdə ya danışa bilmirdi, ya da danışmaqdan qorxurdu.

Kafedranın müdiri Krasnov soyadlı polkovnik idi. Onun Potapenko soyadlı bir müavini vardı, olduqca, itxasiyyət biriydi.

Bu zabitləri birləşdirən bir neçə detal vardı: demək olar ki, hamısı kürənsifət, göygöz idilər. Kürənlikləri, güman ki, cənub günəşindən idi, sifətləri təndirə xəmir yapan xalaların üzü kimi həmişə portmüş olurdu. Bu məsələdə sovet sənayesinin istehsal etdiyi spirtli içkilərin (portveyndən konyaka qədər) təsiri də olmamış deyildi, şübhəsiz. Hamısı vuran idi – bir-birilə söhbətlərindən anlaşılırdı.

Hətta bir dəfə kafedraya yeni gəlmiş İlinski soyadlı arıq, keçəl kapitan bizə acıq verə-verə dedi ki, əsl kişilər pivəxanada oturur, çayxanada yox. Bu sözün üstündə bizim uşaqlar onun başına it oyunu açdılar, hər dəfə müraciət edəndə “tovariş İtinski” deyirdilər. Ən çox da beyləqanlı Bəndalı deyirdi, o. Şvartsnegger kimiydi. Yazıq İlinski əsəbiləşirdi, hirsli-hirsli deyirdi: “Moya familiya İlinski, a ne İtinski”. Bəzən uşaqlar bu soyaddakı hərflləri bir az da çoxaldırdılar, onda da hamı gülüşürdü, İlinski dəli olurdu.

Bir dəfə kafedramıza yeni rəis müavini gəldi, soyadı Raquşin idi. Onu bizim instituta Almaniyadan köçürmüşdülər. Bizdən iki kurs yuxarıda oxuyan kirvəoğlu Afiq gəldi ki, bəs o, Almaniyada qulluq edəndə Raquşin onun komandiri olub, yaxşı münasibətləri varmış, bu gün gedib görüşüb və Raquşin Afiqi görən kimi deyib, ooo, Zeynalov.

Ondan sonra Afiq hər bazar günü Raquşinlə yaxınlıqdakı çaylara, kanallara balıq tutmağa gedirdi. Mən də, düzü, Afiqə arxayın idim, düşünürdüm ki, daha hərbi kafedradan mənə zaval yoxdur.

Amma elə oldu ki, biz imtahan verəsi olanda Afiq rayona, polkovnik Raquşin də ata yurduna getdi. Beləcə, kürənsifət, göygöz alkoqoliklərlə təkbətək qaldım. O vaxt eləydi ki, birincisi, rus dilini yaxşı bilmirdik, ikincisi, bizə keçilən dərsi oxumurduq. Üstəlik, başqa vaxt bizi günortadan sonra sərbəst buraxan zabitlər bir dəfə icazəsiz getdiyimizə görə bunu “pobeq” kimi tövsif etmişdilər və mənim adım nəyə görəsə “pobeq” təşkil edənlərin “qlavar”ı kimi qeyd olunmuşdu. Vzvodda cüssəcə ən zəif, yaşca ən kiçik kursant mən idim, amma hansısa “stukaç” məni kafedranın rəhbərliyinə vzvodun “blatnoy”u kimi təqdim etmişdi. Buna görə kafedrada mənə əməlli-başlı məhkəmə qurdular. Polkovniklər, podpolkovniklər, mayorlar məni elə ciddi-ciddi mühakimə edirdilər ki, kənardan baxan elə bilərdi, SSRİ-nin nüvə silahına dair sirləri məkrli imperialistlərə satmışam. Axırda bir “stroqu” podpolkovnik cürəpəmə baxdı, baxdı, dedi ki, yoldaşlar, bu uşaq əsgərlik çəkib gələn eşşək boyda adamların başçısı ola bilməz, “pobeq”i yüz faiz başqaları təşkil edib. Bu dəfə də yapışdılar ki, o təşkilatçının adını de. Nə qədər mırıldandılar, xeyri olmadı. Axırda məni hərbi tribunala vermədilər, imtahanla hədələyib buraxdılar

Ona görə də bu göygöz zabitlərdən kafi qiymət alacağım sual altında idi. Əndişə içində ikən gördüm ki, uşaqlar hərbi kafedrada verəcəyimiz imtahandan keçmək üçün 50 manatdan pul yığırlar. Dərhal kampaniyaya qoşuldum. O vaxtlar rusların adı belə çıxmışdı ki, onlar ürəyi qızıl, əli təmiz adamlardır, rüşvət-filan bilməzlər, prinsipialdırlar və s.

Xüləs, rus zabitlər haqqında deyilənlərin heç də həqiqət olmadığını ilk dəfə onda gördüm. Pulumuzu aldılar, qiymətimizi yazdılar. Heç biri nə dərsdən “pobeq” təşkil edəni, nə də nüvə silahının sirlərini imperialist dairələrə satanı yada salmadı.

Heç nə. Ara yerdə sovet zabitinin şərəfinin və reputasiyasının içinə zibil qoydular, getdi.

Sonralar rus zabitlərin dislokasiya yerlərində silah anbarlarını diricə döyüşən tərəflərə satdıqları barədə informasiyalar gələndə heç təəccüblü olmadı. Çeçenlərə də silahı özləri satırdı. Hazırda ukraynalı döyüşçülərə də “kömək edirlər”.

Amma dünyanın və sovet xalqının başını necə aldatmışdılar: “Gözəl millətdir, saf, qəlbi təmiz, prinsipial, əqidəli, dönməz, satılmaz, mərd, yaralı yoldaşını atıb getməyən, əsir düşəndə düşmənə sirr verməyən, filan, bəsməkan”.

Elə deyilmiş. Ukraynada bir daha gördük, kütləvi şəkildə əsir düşdülər, bir şillə dəyən kimi, bildikləri hər şeyi danışdılar.

P.S. 1-2 il işləyəndən sonra arıq kapitan İlinski də kökəldi, amma başına tük gəlmədi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR